Məhkəmə qərarları › İş №2(008)-4457/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4457/2025

05.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4457/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X8, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X5 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzildən və əlavə edilmiş tikililərdən çıxarılmaları, həmin mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 57.600 manat maddi zərər, 3000 manat mənəvi zərər olmaqla, cəmi 60.600 manat məbləğində pulun və 272 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X5 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzildən və əlavə edilmiş tikililərdən çıxarılmaları, həmin mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 57.600 manat maddi zərər, 3000 manat mənəvi zərər, 1000 manat vəkil xidmət haqqı olmaqla, cəmi 61.600 manat məbləğində pulun və 275 (272+3) manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, Bakı şəhəri Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İcra Hakimiyyəti) xx.xx.1979-cu il tarixli, 41/665 saylı qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.ünvan 1 ünvanında yerləşən birləşdirilmiş 2 otaqdan ibarət (yaşayış sahəsi 18 kv.m və 16 kv.m olan) mənzilin kirayəçisi İddiaçıdır. Həmin mənzildə hal-hazırda üç nəfər (iddiaçının özü, qızı İrina və nəvəsi Artemiy) qeydiyyatdadır. İddiaçı orada doğulduğu vaxtdan, yəni 1951-ci ildən bu günə kimi ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların uşaqları Cavabdeh3 və yetkinlik yaşına çatmayan X10 ona məxsus mənzili zəbt edərək bu günə kimi orada qanunsuz yaşayırlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-H-96-8-80/2025 saylı cavab məktubu ilə iddiaçıya göndərilən keçmiş Lenin rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1979-cu il tarixli, 41/665 saylı qərarının təsdiq edilmiş kserosurətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 16 kv.m olan bir otaqlı mənzil həmin ünvanda yerləşən yaşayış sahəsi 18 kv.m olan 7 saylı mənzilə birləşdirilmiş və həmin iki otaqlı yaşayış sahəsi 34 kv.m olan mənzilin kirayəçisi Andreyeva (Hacıyeva) Tatyana Konstantinovna hesab edilmişdir. Bakı şəhəri Sabunçu rayon MKTB-nin 69 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 06 saylı və xx.xx.2025-ci il tarixli, 08 saylı arayışlardan görünür ki, xx.xx.1979-cu il tarixli, 41/665 saylı Sərəncama əsasən, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, 22 saylı evin 7 saylı mənzilinin kirayəçisi İddiaçıdır. Mənzil 2 (iki) otaqdan ibarətdir, 1 (bir) otağında İddiaçı, X13 və X2 qeydiyyatdadırlar və yaşayırlar. Digər 1 (bir) otağında 1993-cü ildən Ağdam rayon məcburi köçkünü Cavabdeh1, həyat yoldaşı Cəbrayıl rayon məcburi köçkünü Cavabdeh2 və onların uşaqları Cavabdeh3 və X10 yaşayırlar. Bakı şəhəri Sabunçu rayon MKTB-nin 69 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli forma №2 arayışından görünür ki, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsindəki 22 №İi iki mərtəbəli evin 1 və 2-ci mərtəbəsində 34 kv.m sahəsi olan 2 otaqlı 7 №li mənzilin sahibi İddiaçıdır, ailəsi 3 nəfərdən ibarətdir (özü, qızı və nəvəsi) və onlar orada daimi qeydiyyatdadır. Bakı şəhəri Sabunçu rayonu MKTB-nin 69 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, həqiqətən də İddiaçı Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, 22 saylı evin 7 saylı mənzilində yaşadığı və qeydiyyatda olduğu müddətdən mənzilin kirayəsini və məişət tullantılarının pulunu bu günə kimi ödəyir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan Cavabdeh1 və onun ailə üzvləri, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3 və X7 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi və müvəqqəti qeydiyyatda olduqları ünvan barədə heç bir qeyd aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, məcburi köçkünlərin mənzilməişət şəraitin yaxşılaşdırılması məqsədilə mənzillə təmin olunmaları mərhələli şəkildə aparıldığından, Ağdam rayonu, Salahlı kəndi dövlət proqramına salınmadığından, Cavabdeh1 və ailə üzvlərinin adı komitə tərəfindən hazırlanmış siyahıda yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektorunun xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, Ağdam rayonundan məcburi köçkün S.Səfyarov və ailə üzvləri Cəbrayıl rayon məcburi köçkünü Cavabdeh2, Cavabdeh3 və P.T.Səfyarlı ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışlar. Adları qeyd olunan məcburi köçkünlər statusları ilə bağlı sektora müraciət etmədikləri üçün məcburi köçkün statuslarının olub-olmaması barədə dəqiq məlumatın verilməsi mümkün deyil. 32 ildir ki, (1993-cü ildən bu günə kimi) cavabdehlər iddiaçıya məxsus mənzili zəbt edərək orada qanunsuz olaraq yaşayır və bununla da onun və ailə üzvlərimin hüquqlarını kobud şəkildə pozurlar. Cavabdehlərin qanunsuz hərəkətlər barəsində dəfələrlə müxtəlif orqanlara müraciət etsə də, heç bir nəticə olmamışdır və onlar mənzilini boşaltmaqdan imtina etmişlər. Cavabdehlər Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, iddiaçının və ailə üzvlərinin iradəsinə zidd olaraq mənzilinə qanunsuz daxil olmuş, özbaşınalıq hərkətləri törədərək qanunvericiliklə müəyyən olunmuş qaydada Sabunçu rayon İcra Hakimiyyətinin razılığını almadan mənzilin bir otağının konstruksiyasına özbaşına dəyişiklik edərək, orada qanunsuz planlaşdırma və yenidənqurma işlərini aparmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində, yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də, ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Lakin hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya olunmuş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişlər. Eyni zamanda, 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Ağdam və Cəbrayıl rayonları işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. Qeyd olunmalıdır ki, cavabdehlərin qanunsuz hərəkətlər nəticəsində, iddiaçının ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanuna əsasən, zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüquqi nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, UNİ/A 69-215/25 saylı daşınmaz əmlakın kirayə dəyəri ilə bağlı arayışına əsasən, ünvan 4 ünvanında, köhnə tikili olan binada yerləşən yaşayış sahəsi 18 kv.m, ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin aylıq kirayə dəyəri 250 manat müəyyən edilmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçı ailəsi ilə əmlakdan məhrum olduğuna, birləşdirilmiş iki təcrid olunmuş bir otaqlı mənzillərin bu günə kimi özəlləşdirə bilmədiyinə və bu 32 il (384 ay) ərzində həmin evin bir otaqlı mənzilindən istifadə edə bilmədiyinə görə, ailəsinə 57.600 manat məbləğində maddi ziyyan dəymişdir. Baxmayaraq ki, ekspertin arayışına görə, həmin ərazidə 1 otaqlı mənzilin aylıq kirayə dəyəri 250 manat müəyyən edilmişdir, iddiaçı həmin mənzilin aylıq kirayə haqqını daha aşağı qiymətlə, yəni 150 manatdan hesablamışdır (150 manat x 384 = 57600 manat). Eyni zamanda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçıya və yaxınlarına mənəvi zərər dəymişdir, çünki bu müddət ərzində onlar mənəvi sarsıntı və iztirab keçirmişlər. İddiaçı cavabdehlərin ailəsinə vurduqları mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirir. Beləliklə, bütün qeyd edilən faktlar onu göstərir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas olmadan məskunlaşmaları iddiaçının hüquqlarını kobud surətdə pozduğundan, öz hüquqlarından, istədiyi kimi istifadə etmək imkanından məhrum edildiyindən, cavabdehlər mənzilindən çıxarılmalı, həmin mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməli və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının ailəsinə vurulmuş ümumilikdə 60.600 manat maddi və mənəvi zərər cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. O, qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Nümayəndə ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehlərin onların evində qanunsuz yaşamalarına dair dövlət qurumlarına dəfələrlə müraciətlər etmişlər. Hətta anası evi sənədləşdirmək istəyərkən, qarşı tərəflə əlbəyaxa olmuşlar və anası polisə şikayət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzil 1993-cü ildə İddiaçı tərəfindən Cavabdeh1 satılmışdir. İddiaçı cavabdehlərin qeyd edilən mənzildə qanunsuz yaşamalarına dair müxtəlif dövlət qurumlarına şikayətlər etdiyini bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, əgər 32 il ərzində müraciət edilsə idi, bununla bağlı ən azından bir sənəd təqdim olunardı. İddiaçı evi sənədləşdirəndə əlbəyaxa olduqlarını və polisə şikayət etdiklərini bildirsə də, bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Bu da onu təsdiq edir ki, hansısa dövlət qurumuna rəsmi və ya şifahi müraciət edilməmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilən sənədlərdə qeyd olunur ki, özbaşına tikili ilə bağlı inzibati protokol tərtib olunmamışdır və bu barədə hər hansı quruma müraciət olunmamışdır. Məhkəmə tərəfindən yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər iki tikili gözlə görüləcək qədər yaxın məsafədə yerləşir və cavabdeh yaşadığı evdə taxtaya mismar vursa belə, iddiaçının yaşadığı evdən bu aydın görünərdi. Lakin bu günə qədər bununla bağlı hər hansı bir insident baş verməmişdir, baş versə idi, istər-istəməz bu barədə ya tərəflər özləri, ya da qonşulardan kimsə polisə zəng edib şikayət edərdi ki, qonşuların evində söz-söhbət var və onu narahat edirlər. Həmçinin iddiaçı tərəf bu barədə şahidlər təqdim edərdi. Lakin bu halı heç kim təsdiq etmir. Cavabdeh qeyd edilən əmlakı uzun müddət əvvəl iddiaçının razılığı ilə almışdır. Cavabdehlər birbaşa gəlib həmin mənzildə məcburi köçkün kimi yerləşib məskunlaşmamışlar. Cavabdeh1 öz adına əmlakı olmuşdur və o, həmin vaxt polis əməkdaşı olaraq çalışmış, valideynləri də onun yanında yaşamışlar. Daha sonra qonşuluqda yaşayan cavabdehin bacısı yaxınlıqda həmin otağın satıldığını bildirmiş və həmin otaq razılıq əsasında alınmışdır. Hazırkı vaxtda qeyd edilən otaq genişləndirilmiş, üzərində sahəsi 110 kv.m-ə yaxın əmlak inşa olunmuşdur. 110-120 kv.m-lik bir evin inşa olunması üçün on min manatlarla vəsait sərf olunmuşdur. O, qeyd edilənlərə əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İcra Hakimiyyəti) xx.xx.1979-cu il tarixli, 41/665 saylı qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.ünvan 1 ünvanda yerləşən birləşdirilmiş 2 otaqdan ibarət (yaşayış sahəsi 18 kv.m və 16 kv.m olan) mənzilin kirayəçisi X1. Həmin mənzildə hal-hazırda 3 nəfər qeydiyyatdadır. - Sabunçu rayon İcra Hakimiyyəti 69 saylı MKİS-nin arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.ünvan 1 ünvanında 3 nəfər - İddiaçı, X13 və X2 qeydiyyatdadır. - İİ-ЖГ № 281501 seriya nömrəli, xx.xx.1978-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən, X15 ilə X3 arasında xx.xx.1978-ci il tarixdə rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmışdir. - Sabunçu rayon İcra Hakimiyyəti 69 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, № 6 saylı arayışından görünür ki, Bakı şəhəri Lenin rayon XDS İK-nin xx.xx.1979-cu il tarixıli, 41/665 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22, 7 saylı mənzilin kirayəçisi İddiaçıdır. Mənzil 2 otaqdan ibarətdir. 1 otaqda İddiaçı, X13 və X2 qeydiyyatdadır və yaşayırlar. Digər 1 otaqda Ağdam Rayonundan məcburi köçkün Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X10 yaşayırlar. - Sabunçu rayon İcra Hakimiyyəti 69 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, № 190 saylı arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22, 7 saylı mənzilin kirayəsini və məişət tullantılarını İddiaçı bu günə kimi ödəyir. - Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektorun xx.xx.2025-ci il tarixli sorğunun cavabında bildirilir ki, Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və P.T.Səfyarlı - adları qeyd olunan məcburi köçkünlərin statusları ilə bağlı sektora müraciət etmədikləri üçün məcburi köçkün statusu və müvəqqəti qeydiyyatda olduqları ünvan barədə heç bir qeyd aşkar edilməmişdir. - xx.xx.2025-ci il tarixli, 9861 saylı ödəniş qəbzindən görünür ki, hüquqi yardımın göstərilməsinə görə X13 tərəfindən 7 saylı vəkil bürosunun hesabına 1000 manat məbləğində ödəniş edilmişdir. - Məhkəmənin yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22-də yerləşən 7 saylı mənzil birbirindən təcrid formada yerləşən olan iki mənzil şəklindədir. Birinci mənzil bir mərtəbədən ibarətdir, cavabdeh və ailə üzvləri yaşayır. Onların dediyinə görə, həmin yaşayış sahəsi əvvəllər çox pis şəraitdə olmuş, sanitar qovşağı belə olmamışdır. Həmin yeri yaşamalı vəziyyətə onlar gətirmişlər. Təmirinə, sanitar qovşağın və əlavə tikililərin inşasına xeyli vəsait sərf etmişlər. Həmin mənzildən xeyli aralıda mənzilin davamı kimi digər yaşayış sahəsi yerləşir. Orada isə iddiaçı yaşayır. Həmin yaşayış sahəsi çox yüksəkdə, sanki 2-ci mərtəbədə yerləşdiyindən, oraya yalnız pilləkənlərlə qalxmaq mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə ilk növbədə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmasını araşdırır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İcra Hakimiyyəti) xx.xx.1979-cu il tarixli, 41/665 saylı qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.ünvan 1 ünvanında yerləşən 2 otaqlı (18 kv.m və 16 kv.m) mənzilin kirayəçisi İddiaçıdır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. MKİS arayışları ilə həmin mənzildə iddiaçının və ailə üzvlərinin qeydiyyatda olduğu təsdiq edilmişdir. Cavabdehlərin həmin mənzildə yaşamaları ilə bağlı onların mülkiyyət, icarə və ya digər hüquqi əsaslarının mövcudluğu sübuta yetirilməmişdir. Qaçqın və məcburi köçkün statusu ilə bağlı təqdim olunmuş rəsmi cavablardan görünür ki, cavabdehlərin müvafiq ünvan üzrə dövlət tərəfindən yerləşdirilməsi və ya hüquqi əsasla təmin olunması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Mülki Məcəllənin 152, 157-ci maddələrinə əsasən, mülkiyyətçi və ya qanuni sahiblik hüququ olan şəxs öz əmlakına qanunsuz müdaxilənin aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə hüquqi əsas olmadan yaşamaları iddiaçının sahiblik və istifadə hüququnun pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Məhkəmə, iddianın cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissələrdə əsaslıdır və təmin edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmədə iddia tələblərinə etiraz mövqeyində olaraq, bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh1 iddiaçıya pul verib mübahisəli mənzilin bir otağını almış və ailəsi ilə həmin mənzildə məskunlaşmışdır. Lakin məhkəmə araşdırılması zamanı mübahisəli mənzilin cavabdeh tərəfindən həqiqətən qanuni yolla əldə edildiyi müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı həmçinin sözügedən otaqdan istifadə edə bilməməsi nəticəsində, ona 32 il (384 ay) ərzində aylıq 150 manat hesabı ilə 57.600 manat maddi zərər dəydiyi bildirib həmin pulu cavabdehlərdən tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehlərin həmin mənzildə qanunsuz yaşamaları ilə bağlı iddiaçı tərəfindən uzun müddət ərzində dövlət orqanlarına və ya hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunması sübuta yetirilməmişdir. İddiaçı şifahi müraciətlər etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakılar sübut edilməlidir: hüquqa zidd davranış; zərər; səbəbli əlaqə və təqsir. Məhkəmə hesab edir ki, cavabdehlərin həmin mənzildə yaşayışı hüquqa zidd hesab edilsə də, iddiaçı tərəfindən real gəlir itkisi və həmin gəlirin əldə edilməsinin mümkünsüzlüyü, eləcə də, cavabdehlərin davranışı ilə konkret maddi zərər arasında birbaşa səbəbli əlaqə lazımi sübutlarla təsdiq olunmamışdır. Bundan başqa, daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır və iddiaçı yalnız kirayəçi statusunda olmuşdur. İddiaçı tərəfindən mənzilin faktiki olaraq bazar şərtləri ilə kirayəyə verilə biləcəyi və konkret gəlir əldə ediləcəyi sübut edilməmişdir. Bu səbəbdən, maddi zərər tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. Mənəvi zərərin tutulması hissəsində məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi üçün hüquqa zidd hərəkət nəticəsində şəxsə fiziki və ya mənəvi iztirabın vurulması və bunun sübut olunması tələb olunur. Lakin iddiaçı mənəvi zərəri ümumi ifadələrlə əsaslandırmış, psixoloji sarsıntı və iztirabın nədən ibarət olduğunu açıqlamamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, yalnız ümumi xarakterli izahatlar mənəvi zərərin tutulması üçün kifayət etmir. Cavabdehlərin hüquqa zidd hərəkətləri müəyyən edilmiş olsa da, həmin hərəkətlərin iddiaçıya konkret mənəvi iztirab vurması, bu iztirabın intensivliyi və nəticələri barədə sübutlar təqdim edilmədiyindən, mənəvi zərər tələbi sübuta yetirilməmiş hesab edilə və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat xidmət haqqı və 300 manat dövlət rüsumu cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzildə cavabdehlərin məskunlaşmasının hər hansı qanuni əsası müəyyən edilmədiyindən, iddiaçının isə mənzildən sahiblik və istifadə hüquqları mövcud olduğundan, gələcəkdə də mülkiyyət gözləntisi olduğundan, iddia qeyd edilən hissələrdə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12 və yetkinlik yaşına çatmayan X11 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzildən və əlavə tikililərdən çıxarılmalı, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzil boşaldılaraq, iddiaçı X4 təhvil verilməli, 100 manat dövlət rüsumu və 1000 manat hüquqi yardımın göstərilməsinə görə vəkil xidmət haqqı cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12 və yetkinlik yaşına çatmayan X11 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzildən və əlavə tikililərdən çıxarılsınlar. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzil boşaldılaraq, iddiaçı X4 təhvil verilsin. 100 manat dövlət rüsumu və 1000 manat hüquqi yardımın göstərilməsinə görə vəkil xidmət haqqı cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq, iddiaçıya ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar