Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2742/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, X3 və cavabdeh1 qarşı “cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı və cavabdeh cavabdeh3 ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin artırılması haqqında ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.Zərdabi (Əfəndiyev) küçəsi, ev 22 ünvanında yerləşən * saylı mənzildən və əlavə edilmiş tikililərdən cavabdehlərin və yetkinlik yaşına çatmayan X2 çıxarılmaları, həmin mənzilin boşaldılıb ona təhvil verilməsi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 57.600 manat, mənəvi zərərin əvəzi olaraq 3.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 275 manat, hüquqi yardımın alınması üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Lenin rayon X5 İcraiyyə Komitəsinin ##.##.1979-cu il tarixli, **/*** saylı qərarına əsasən, yuxarıda qeyd edilən ünvandakı evdə yerləşən və 2 otaqdan (yaşayış sahəsi 18 kv.m və 16 kv.m olan) ibarət birləşdirilmiş * saylı mənzilin kirayəçisi hazırkı iş üzrə iddiaçı - Andreyeva (Hacıyeva) Tatyana Konstantinovnadır. İddiaçı həmin mənzildə doğulduğu vaxtdan, yəni 1951-ci ildən bu günə kimi ailəsi ilə birlikdə yaşayır. Həmin mənzildə hal-hazırda 3 nəfər (iddiaçının özü, qızı İrina və nəvəsi Artemiy) qeydiyyatdadır. Buna baxmayaraq, məcburi köçkün olan cavabdehlər həmin mənzili zəbt etmişlər. ** saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli arayışlardan görünür ki, mənzil 2 otaqdan ibarətdir, 1 otağında iddiaçı, onun qızı və nəvəsi qeydiyyatdadırlar və yaşayırlar. Digər 1 otağında 1993-cü ildən Ağdam rayon məcburi köçkün olan Töşü Səfyarov, arvadı - Cəbrayıl rayon məcburi köçkünü Həmail Hacıyeva və onların uşaqları Səlim və yetkinlik yaşına çatmayan Pərvin yaşayırlar. İddiaçı həmin mənzilində yaşadığı və qeydiyyatda olduğu müddətdən mənzilin kirayəsini və məişət tullantılarının pulunu bu günə kimi ödəyir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan cavabdeh3 və onun ailə üzvlərinə məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi və müvəqqəti qeydiyyatda olduqları ünvan barədə heç bir qeyd aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, məcburi köçkünlərin mənzil-məişət şəraitin yaxşılaşdırılması məqsədilə mənzillə təmin olunmaları mərhələli şəkildə aparıldığından, Ağdam rayonu, Salahlı kəndi dövlət proqramına salınmadığından, cavabdeh3 və onun ailə üzvlərinin adı Komitə tərəfindən hazırlanmış siyahıda yoxdur. Həmin Dövlət Komitəsinin Bakı Şəhəri Sabunçu Rayon Sektorunun ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, Ağdam rayonundan məcburi köçkün cavabdeh3 və onun ailə üzvləri məcburi köçkün kimi mübahisəli mənzildə müvəqqəti məskunlaşmışlar. Adları qeyd olunan məcburi köçkünlər statusları ilə bağlı sektora müraciət etmədikləri üçün məcburi köçkün statuslarının olub-olmaması barədə dəqiq məlumatın verilməsi mümkün deyil. Göründüyü kimi cavabdehlər iddiaçıya məxsus mənzili 32 ildir ki, (1993-cü ildən bu günə kimi) zəbt etmişlər. Bunun nəticəsində iddiaçının hüquqları pozulmuş, ona həm maddi, həm mənəvi zərər dəymişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, UNİ/A **-***/** saylı daşınmaz əmlakın kirayə dəyəri ilə bağlı arayışına əsasən, ünvan 1 ünvanında, köhnə tikili olan binada yerləşən yaşayış sahəsi 18 kv.m, ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin aylıq kirayə dəyəri 250 manat müəyyən edilmişdir. Baxmayaraq ki, ekspertin arayışına görə, həmin ərazidə 1 otaqlı mənzilin aylıq kirayə dəyəri 250 manat müəyyən edilmişdir, iddiaçı həmin mənzilin aylıq kirayə haqqını daha aşağı qiymətlə, yəni 150 manatdan hesablamışdır (150 manat x 384 ay (32 il) =) 57.600 manat. İddiaçı cavabdehlərin vurduqları mənəvi zərəri 3.000 manat məbləğində qiymətləndirir. b) tərəflərin izahatları barədə məlumat
3. İddiaçının nümayəndələri (övladı) Hacıyeva İrina Amitovna və (vəkili) vəkil2 Rayon Məhkəməsinə verdikləri izahatlarda iddia ərizəsində qeyd edilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
4. Cavabdeh cavabdeh3 nümayəndəsi (vəkili) vəkil1 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli mənzilin bir otağı 1993-cü ildə iddiaçı tərəfindən cavabdeh cavabdeh3 satılmışdır. İddiaçı cavabdehlərin qeyd edilən mənzildə qanunsuz yaşamalarına dair müxtəlif dövlət qurumlarına şikayətlər etdiyini bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, əgər 32 il ərzində bu kimi müraciətlər edilsə idi, bununla bağlı bu halı təsdiq edən ən azından bir sənəd təqdim olunardı. Amma heç bir sənəd təqdim edilməmişdir. Bu da onu təsdiq edir ki, hansısa dövlət qurumuna rəsmi və ya şifahi müraciət edilməmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilən sənədlərdə qeyd olunur ki, özbaşına tikili ilə bağlı inzibati protokol tərtib olunmamışdır və bu barədə hər hansı quruma müraciət olunmamışdır. Məhkəmə tərəfindən yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər iki tikili gözlə görüləcək qədər yaxın məsafədə yerləşir və cavabdeh yaşadığı evdə taxtaya mismar vursa belə, iddiaçının yaşadığı evdən bu aydın görünərdi. Lakin bu günə qədər bununla bağlı hər hansı bir insident baş verməmişdir, baş versə idi, istər-istəməz bu barədə ya tərəflər özləri, ya da qonşulardan kimsə polisə zəng edib şikayət edərdi ki, qonşuların evində söz-söhbət var və onu narahat edirlər. Həmçinin iddiaçı tərəf bu barədə şahidlər təqdim edərdi. Lakin bu halı heç kim təsdiq etmir. Cavabdeh cavabdeh3 qeyd edilən əmlakı uzun müddət əvvəl iddiaçının razılığı ilə almışdır. Cavabdehlər birbaşa gəlib həmin mənzildə məcburi köçkün kimi yerləşib məskunlaşmamışlar. cavabdeh3 öz adına əmlakı olmuşdur və o, həmin vaxt polis əməkdaşı olaraq çalışmış, valideynləri də onun yanında yaşamışlar. Daha sonra qonşuluqda yaşayan onun bacısı yaxınlıqda həmin otağın satıldığını bildirmiş və həmin otaq cavabdeh3 ilə iddiaçı arasında əldə olunmuş razılıq əsasında iddiaçı tərəfindən cavabdeh3 satılmışdır. Hazırkı vaxtda qeyd edilən otaq cavabdeh3 tərəfindən genişləndirilmiş, üzərində, sahəsi 110 kv.m-ə yaxın əmlak inşa olunmuşdur. 110-120 kv.m-lik bir evin inşa olunması üçün on min manatlarla vəsait sərf olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir.
5. Digər cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də, Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.02.226-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərin mübahisəli mənzildən və əlavə tikililərdən çıxarılmalarını, mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin cavabdehə aid edilməsini və bu məqsədlə 100 manatın, iddiaçının hüquqi yardıma görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin kirayəçisi iddiaçıdır. Mənzil “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamışdır. Mənzilin yerləşdiyi ünvana xidmət göstərən Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışla həmin mənzildə iddiaçının və ailə üzvlərinin qeydiyyatda olduğu təsdiq edilir. Cavabdehlərin həmin mənzildə yaşamaları ilə bağlı onların mülkiyyət, icarə və ya digər hüquqi əsaslarının mövcudluğu sübuta yetirilməmişdir. Qaçqın və məcburi köçkün statusu ilə bağlı təqdim olunmuş rəsmi cavablardan görünür ki, cavabdehlərin müvafiq ünvan üzrə dövlət tərəfindən yerləşdirilməsi və ya hüquqi əsasla təmin olunması faktı müəyyən edilməmişdir. İddianın cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə hüquqi qiymət verildikdə müəyyən edilir ki, iddia göstərilən hissələrdə əsaslıdır və təmin edilməlidir. Cavabdehin vəkili (nümayəndəsi) iddia tələblərinə etiraz mövqeyində olaraq, bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cavabdeh cavabdeh3 iddiaçıya pul verib mübahisəli mənzilin bir otağını almış və ailəsi ilə həmin mənzildə məskunlaşmışdır. Lakin məhkəmə araşdırılması zamanı mübahisəli mənzilin cavabdeh cavabdeh3 tərəfindən həqiqətən qanuni yolla əldə edildiyi müəyyən edilmir. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı həmçinin sözügedən otaqdan istifadə edə bilməməsi nəticəsində, ona 32 il (384 ay) ərzində aylıq 150 manat hesabı ilə 57.600 manat maddi zərər dəydiyi bildirib həmin pulu cavabdehlərdən tələb edir. Rayon Məhkəməsi bununla bağlı qeyd etmişdir ki, cavabdehlərin həmin mənzildə qanunsuz yaşamaları ilə bağlı iddiaçı tərəfindən uzun müddət ərzində dövlət orqanlarına və ya hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunması sübuta yetirilməmişdir. İddiaçı şifahi müraciətlər etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı, həmçinin onun tərəfindən mənzilin faktiki olaraq bazar şərtləri ilə kirayəyə verilə biləcəyi və konkret gəlir əldə ediləcəyi sübut edilməmişdir. Bu səbəbdən, maddi zərər tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. Mənəvi zərərin tutulması hissəsində Rayon Məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin ödənilməsi üçün hüquqa zidd hərəkət nəticəsində şəxsə fiziki və ya mənəvi iztirabın vurulması və bunun sübut olunması tələb olunur. Lakin iddiaçı mənəvi zərəri ümumi ifadələrlə əsaslandırmış, psixoloji sarsıntı və iztirabın nədən ibarət olduğunu açıqlamamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, yalnız ümumi xarakterli izahatlar mənəvi zərərin tutulması üçün kifayət etmir. Cavabdehlərin hüquqa zidd hərəkətləri müəyyən edilmiş olsa da, həmin hərəkətlərin iddiaçıya konkret mənəvi iztirab vurması, bu iztirabın intensivliyi və nəticələri barədə sübutlar təqdim edilmədiyindən, mənəvi zərər tələbi sübuta yetirilməmiş hesab edilə və təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.
9. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən bu apelyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
10. Cavabdeh cavabdeh3 da qətnamədən apelyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində xahiş etmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməsi hissəsində ləğv edilsin və həmin iddia tələbi tam həcmdə rədd edilsin.
11. Bu apellyasiya şikayətinin əsasları cavabdeh cavabdeh3 nümayəndəsi (vəkili) vəkil1 Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil etdiyindən Məhkəməmə onların bir daha sadlanmasına lüzum görmür. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh cavabdeh3 verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş apellyasiya şikayətini isə müdafiə edərək, bu şikayətin, eləcə də iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
13. İş üzrə cavabdehlər apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Bakı Şəhəri Lenin Rayon XDS İK-nin ##.##.1979-cu il tarixli, **/*** saylı qərarından görünür ki, həmin qərarla Bakı şəhəri, Sabunçu rayonu, H.B.ünvan 2 ünvanında yerləşən, 18 kv.m və 16 kv.m yaşayış sahələrindən ibarət birləşdirilmiş ikiotaqlı mənzil İddiaçı istifadəsinə ayrılmışdır.
16. Mənzilin yerləşdiyi əraziyə xidmət göstərən ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ** saylı, ##.##.2025-ci il tarixli və ** saylı, ##.##.2025-ci il tarixli arayışlarından görünür ki, həmin mənzilin kirayəçisi hazırkı iş üzrə iddiaçıdır. Mənzildə hal-hazırda 3 nəfər, yəni iddiaçının özü, qızı İrina və nəvəsi Artemiy qeydiyyatdadırlar. Həmin mənzilin bir otağında cavabdehlər yaşayırlar.
17. Məhkəmə bildirir ki, iş materiallarında cavabdehlərin həmin mənzildə yaşamalarının mülkiyyət, icarə və ya digər qanuni əsasını təsdiq edən sənəd mövcud deyildir. Mənzil “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamışdır.
18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan cavabdeh3 və onun ailə üzvlərinə məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi və müvəqqəti qeydiyyatda olduqları ünvan barədə heç bir qeyd aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, məcburi köçkünlərin mənzil-məişət şəraitin yaxşılaşdırılması məqsədilə mənzillə təmin olunmaları mərhələli şəkildə aparıldığından, Ağdam rayonu, Salahlı kəndi dövlət proqramına salınmadığından, cavabdeh3 və onun ailə üzvlərinin adı Komitə tərəfindən hazırlanmış siyahıda yoxdur.
19. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzilin kirayəçisi ##.##.1979cu il tarixdən etibarən iddiaçıdır. Mənzil “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamışdır. MKİS arayışları ilə həmin mənzildə iddiaçının və ailə üzvlərinin qeydiyyatda olduğu təsdiq edilir. Cavabdehlərin həmin mənzildə yaşamaları ilə bağlı onların mülkiyyət, icarə və ya digər hüquqi əsaslarının mövcudluğu sübuta yetmir. Qaçqın və məcburi köçkün statusu ilə bağlı təqdim olunmuş rəsmi cavablardan görünür ki, cavabdehlərin müvafiq ünvan üzrə dövlət tərəfindən yerləşdirilməsi və ya hüquqi əsasla təmin olunması faktı müəyyən edilməmişdir.
20. Cavabdeh cavabdeh3 apellyasiya şikayətində mübahisəli mənzilin bir otağının 1993cü ildə iddiaçı tərəfindən ona satıldığını, həmin əmlakın dəyərini ödədiyini və o vaxtdan ailəsi ilə birlikdə həmin yaşayış sahəsinə faktiki sahiblik etdiyini bildirmiş, tərəflər arasında yaranmış razılaşmanın həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri baxımından qiymətləndirilməli olduğunu irəli sürmüşdür. O, həmçinin bu münasibətlərə Mülki Məcəllənin 324, 329, 335.2 və 390-cı maddələrinin tətbiq edilməli olduğunu da qeyd etmişdir.
21. Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh3 göstərilən dəlilləri iş materialları ilə təsdiq olunmadığından qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki işin mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil qanuni əsasla 45 ildən çox müddətdir ki, iddiaçının istifadəsinə verilmişdir. İddiaçı hazırda da mənzilin kirayəçisidir. Cavabdeh Tösü Səfyaovun həmin mənzilin bir otağını 1993-cü ildə iddiaçıdan qanuni əsasla əldə etməsini təsdiq edən hər hansı mötəbər sübut (yazılı müqavilə, order, sərəncam, özəlləşdirmə sənədi və sair) iş materiallarında yoxdur.
22. Cavabdeh cavabdeh3 mənzilin bir otağının ona satılması və bunun müqabilində pul ödəməsi barədə izahatı, eləcə də həmin yaşayış sahəsində uzun müddət faktiki yaşaması, özlüyündə, həmin əmlak üzərində onun və ailə üzvlərinin mülkiyyət, icarə və ya digər hüququnun yarandığını təsdiq edən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Çünki, faktiki sahiblik hüquqi əsasla müşayiət olunmadıqda, onun davametmə müddəti həmin sahədə qanuni hüququn mövcudluğunu təsdiq edən müstəqil hüquqi əsas kimi çıxış etmir.
23. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisə predmeti olan yaşayış sahəsi dövlət mənzil fonduna aid olmuş, həmin mənzilin kirayəçisi isə Bakı Şəhəri Lenin rayon XDS İK-nin ##.##.1979-cu il tarixli, **/*** saylı qərarı ilə iddiaçı müəyyən edilmişdir.
24. Tərəflər arasında 1993-cü ildə şifahi razılaşma mövcud olduğu üçün həmin münasibətlərə həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarının tətbiq edilməli olması barədə apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə, Məhkəmə, qeyd edir ki, mübahisənin həlli üçün ilk növbədə belə bir razılaşmanın həqiqətən mövcudluğu, onun konkret olaraq hansı əmlaka münasibətdə bağlandığı və həmin razılaşmanın cavabdehlər üçün mübahisəli yaşayış sahəsinə dair hüquq yaratmaq qabiliyyətinə malik olub-olmaması müəyyən edilməlidir. Cavabdeh tərəf isə bu halları təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim etməmişdir.
25. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi ##.##.2007-ci il tarixli qərarda qeyd etmişdir ki, * saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Mənzilə dair şikayətçiyə (Akimovaya) orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi mənzilin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında mənzilə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi mənzili pulsuz olaraq özəlləşdirə bilərdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi ##.##.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi statusunda olan şəxsdir və cavabdehlər həmin mənzilə köçən zaman mənzil iddiaçının mülkiyyətində olan əmlak hesab edilirdi. Cavabdehlərin həmin mənzilə iddiaçının razılığı ilə köçməsi sübuta yetmədiyindən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinin tələbləri baxımından iddianı əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur.
27. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).
28. Bu baxımdan cavabdeh3 apellyasiya şikayətində Mülki Məcəllənin “Əqd anlayışı və onun növləri” adlı 324-cü maddəsinə, “Əqdlərin formaları” adlı 329-cü maddəsinə, “Əqdin notarial formasına riayət edilməməsinin nəticələri” adlı 335.2-ci maadəsinə və “Müqavilə azadlığı” adlı 390-cı maddəsinə istinad edilməsi də iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticəni dəyişdirmir. Çünki, yuxarıda artıq qeyd edildiyi kimi cavabdehlərin mübahisəli mənzilə iddiaçının razılığı ilə köçməsi sübuta yetmədiyindən hesab edilməlidir ki, onların arasında bununla bağlı əqd olmamışdır.
29. Cavabdeh cavabdeh3 apellyasiya şikayətində, həmçinin mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına və ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci, 51-ci və 52-ci maddələrinə istinad edərək iddiaçının həmin mənzilə dair hüquqlarının lazımi qaydada təsdiq edilmədiyini irəli sürmüşdür.
30. Məhkəmə, yuxarıda qeyd edilənləri (bax: hazırkı qətnamənin 26-28-ci bəndlərinə) nəzərə alaraq hesab edir ki, cavabdeh3 bu dəlili əsassızdır. Çünki yuxarıda artıq qeyd olunduğu kimi, iddiaçının ##.##.1979-cu il tarixdən bu gənədək mübahisəli mənzilin kirayəçisi olması və həmin mənzildə onun və ailə üzvlərinin qeydiyyatda olması tərəflər arasında mübahisə doğurmur. Eyni zamanda, cavabdehin həmin mənzilə qanuni əsaslarla yerləşdirildiyini təsdiq edən sənəd müəyyən edilmir.
31. Mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması isə iddiaçının dövlət mənzil fondundan yaranmış kirayəçi, sahiblik və istifadə hüquqlarının mövcudluğunu özözlüyündə aradan qaldırmır. Məhkəmə onu da qeyd edir ki, hazırkı işdə iddiaçının dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnun müdafiəsi deyil, onun mübahisəli yaşayış sahəsinə dair qanuni sahiblik və istifadə hüququna müdaxilənin aradan qaldırılması tələb olunur.
32. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, mənzilin dövlət reyestrində qeydiyyata alınmaması cavabdeh cavabdeh3 və onun ailə üzvlərinin həmin mənzildə hüquqi əsas olmadan yaşamalarını qanuniləşdirmir.
33. Cavabdeh cavabdeh3 apellyasiya şikayətində 1993-cü ildə həmin yaşayış sahəsinə yerləşdikdən sonra onun faktiki olaraq yararsız vəziyyətdə olduğunu, öz vəsaiti hesabına təmir etdirdiyini, sanitar qovşaq və əlavə tikililər inşa etdirdiyini, nəticədə yaşayış sahəsinin əhəmiyyətli dərəcədə genişləndirildiyini və yaxşılaşdırıldığını bildirmişdir.
34. Məhkəmə bununla bağlı qeyd edir ki, yaşayış sahəsinin təmir edilməsi və ya həmin sahədə müəyyən tikinti işlərinin aparılması özlüyündə həmin əmlak üzərində mülkiyyət və ya digər əşya hüququ yaratmır.
35. Əksinə, Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından da qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinə və tikintiyə hüquq əldə edilmədən və ya tikinti qaydaları pozulmaqla aparılmış tikinti işlərinin nəticəsində hüquq əldə edilməsi mümkün deyildir.
36. Bundan əlavə, cavabdeh cavabdeh3 çəkdiyi xərclərin mövcudluğu və onların məbləği ayrıca hüquqi tələb predmeti ola bilər. Lakin belə xərclərin mövcudluğu hazırkı iş üzrə iddiaçının sahiblik və istifadə hüququnu aradan qaldırmır və cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədə tələbin rədd edilməsi üçün əsas yaratmır. Bu səbəbdən həmin dəlil də qətnamənin ləğv edilməsi, iddianın isə rədd edilməsi üçün əsas deyildir.
37. Cavabdeh cavabdeh3 digər dəlili ondan ibarətdir ki, o, təxminən 33 il ərzində həmin mənzildə ailəsi ilə birlikdə yaşayır və bu müddət ərzində iddiaçı mənzilin boşaldılması barədə tələb irəli sürməmişdir. Belə olan halda qəbul edilməlidir ki, bununla da iddiaçı cavabdehlərin həmin mənzildə yaşamaq hüquqlarının mövcudluğunu təsdiq etmişdir.
38. Məhkəmə bu dəlili də əsaslı hesab etmir. Çünki, mənzildə uzun müddət faktiki yaşamaq, xüsusilə həmin yaşayışın hüquqi əsası mötəbər sənədlərlə təsdiq edilmədiyi halda, özlüyündə əmlak üzərində hüququn yaranmasına səbəb olmur.
39. İddiaçının uzun müddət ərzində məhkəməyə müraciət etməməsi cavabdehlərin mübahisəli mənzilə dair hüququnun yarandığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
40. Məhkəmə həmçinin bildirir ki, cavabdehlər məcburi köçkün olmuşlar. Belə olan halda iddiaçının onlara qarşı bu kimi tələbi əvvəllər irəli sürməməsi anlaşılandır və bu kimi halın mövcud olması hazırda irəli sürülən iddia tələbinin rədd edilməsi üçün əsas götürülə bilməz.
41. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh cavabdeh3 apellyasiya şikayətində ifadə edilmiş dəlillər əsassızdır.
42. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayətində bildirilir ki, maddi və mənəvi zərərin tutulması tələblərinin rədd edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə əsassızdır.
43. Məhkəmə iddiaçının dəlillərlə bağlı qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2).
44. Məhkəmə bildirir ki, zərərin mövcudluğu yalnız zərərin məbləğinin hesablanması ilə sübut edilmiş hesab edilə bilməz. Zərər tələbinin təmin edilməsi üçün hüquqa zidd davranış, zərər, həmin davranışla zərər arasında səbəbli əlaqə və təqsirə dair hüquqi əhəmiyyətli hallar müəyyən edilməlidir.
45. Hazırkı işdə cavabdehlərin iddiaçıya məxsus mənzildə hüquqi əsas olmadan yaşamaları müəyyən edilmiş olsa da, 32 il ərzində iddiaçının məhz 57.600 manat məbləğində real gəlirdən məhrum olması (həmin mənzili göstərilən müddət ərzində bazar şərtləri ilə kirayəyə verməsinin mümkünlüyünü, bunun üçün real imkanının olduğunu) və həmin məbləğin cavabdehlərin hərəkətləri nəticəsində yaranması lazımi sübutlarla təsdiq edilməmişdir.
46. Odur ki, Məhkəmə hesab edir ki, maddi zərərin konkret məbləği və səbəbli əlaqənin sübuta yetirilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.
47. İddiaçı apellyasiya şikayətində cavabdehlərin uzun müddət mənzildə yaşaması nəticəsində onun və ailə üzvlərinin mənəvi sarsıntı və iztirab keçirdiyini, bu səbəbdən 3.000 manat mənəvi zərərin tutulmalı olduğunu bildirmişdir.
48. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi üçün yalnız hüquqa zidd davranışın müəyyən edilməsi kifayət etmir; şəxsin həmin davranış nəticəsində konkret mənəvi sarsıntı və iztirab keçirməsi, habelə bunun hüquqa zidd davranışla səbəbli əlaqəsi və zərərin xarakteri iş üzrə mövcud sübutlarla təsdiq edilməlidir. Hazırkı işdə isə iddiaçının mənəvi sarsıntı və iztiraba məruz qalmasını təsdiq edən hər hansı sübut mövcud olmayıb, onun bu barədə ümumi xarakterli izahatları isə 3.000 manat məbləğində mənəvi zərərin tutulması üçün kifayət edən sübut kimi qiymətləndirilə bilməz.
49. İddiaçı apellyasiya şikayətində təmin edilməyən hissəyə münasibətdə dövlət rüsumunun qalan 175 manatının da cavabdehlərdən tutulmasını xahiş etmişdir.
50. Məhkəmə qeyd edir ki, MPM-in 119-cu maddəsinə görə, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi təmin edilmiş və ya rədd edilmiş tələblərin həcmi nəzərə alınmaqla həyata keçirilir.
51. Qeyd edilən prosessual normanın tələbini və iddianın qismən əsaslı olmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi dövlət rüsumunun yalnız 100 manat hissəsini cavabdehə aid edib, cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməkdə haqlı olmuşdur.
52. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının da apellyasiya şikayətində ifadə edilmiş dəlillər əsassızdır. g) apellyasiya baxışının nəticəsi
53. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorların özlərinə aid edilməlidir.
56. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı İddiaçı və cavabdeh cavabdeh3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, qətnamə iş üzrə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.