Məhkəmə qərarları › İş №2(008)-4507/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4507/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4507/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı - 28.11.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlannılması üçün 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2015-ci ilin iyun ayında faktiki nikaha girmişlər. Faktiki nikahlarından 12 avqust 2016-cı ildə X5 doğulmuşdur. Ailələri arasında yaranan soyuq münasibətdən onların ailələri dağılmışdır. 11 iyun 2018-ci il tarixdə Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən 154 manat sabit pul məblğində aliment tərəfindən qaldırılmış iddia əsasında oğlunun saxlanılması üçün təyin edilmişdir. Daha sonra dostların və qohumların təkidi ilə 2019-cu ildə yenidən ailələri bir yerə yığıldı. Lakin həmin münasibətlər yenidən baş verdi. Artıq onların bir yerdə yaşaya bilməyəcəyi qərarlaşdıraraq 2020-ci ilin sentyabr ayında bütün əşyalarını toplayaraq atası evinə qayıtmaq məcburiyyətində qalmışdır. X1 28.11.2020-ci ildə atası evində olarkən dünyaya gəldi. Aralarında münasibətin düşmənçiliyə qədər davam etməsi ilə əlaqədar 2021- ci il fevral ayında dostları Ağaqədirə etdikləri sonsuz xahişlər nəticəsində nəhayət qızının doğum haqqında şəhadətnamə və atalıq müəyyənetmə haqqında şəhadətnamələrini ala bilmişlər. Hal-hazırda övladı körpə olduğu üçün oğlunun alimenti və atanın etdiyi köməkliklə iki övladına baxmağa çalışır. Bu onunçün olduqca çətindir. O, ailəni bir yerə toparlamaq xatirinə 2-ci dəfə o ailəyə atdığı addımdan həyatını daha da zorlaşdırdığını başa düşmüşdür. Lakin hər ikisi onun övladıdır. O, onları sağlam və cəmiyyətə xeyirli bir övlad kimi böyütmək arzusundadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 406171 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 28 noyabr 2020-ci il tarixdə doğulmuş X4 atası olması haqqında şəhadətnamə 02 fevral 2021-ci il tarixdə 55 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin AZ-İV seriyalı, 563863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 noyabr 2020-ci il tarixdə doğulmuş X4 doğum haqqında akt qeydi 02 fevral 2021-ci il tarixdə 606 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında nikah qeydi olmamış, Cavabdeh faktiki nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulmamışdır. Hazırda cavabdeh iddiaçıya və uşağa heç bir maddi yardım göstərmir və iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Həmçinin Cavabdeh 28.11.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat miqdarında aliment tutulmasına etiraz etmir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını və cavabdehin iddianı qəbul etməsi barədə ərizəni nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahından olan 28.11.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 31.05.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 28.11.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 31.05.2021-ci il tarixdən başlayaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar