Məhkəmə qərarları › İş №2(008)-4544/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4544/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4544/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdehin nümayəndəsi (atası) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və yeni alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)-2661/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsilə xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 154 manat alimentin məbləğinin artırılması və hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində ailimentın və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur: xx.xx.2018-ci il tarixdə X6, xx.xx.2023-cü il tarixdə X7. Cavabdeh azyaşlı uşaqlarına baxmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, onunla cavabdehin arasında nikah bir dəfə pozulmuş, xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün cavabdehdən 154 manat məbləğində aliment tutulmuş, sonradan onlar barışmış, yenidən evlənmiş, bu əsasdan o, alimentdən imtina etmiş, icra vərəqəsi onun xahişi ilə məhkəməyə qaytarılmış, onlar yenidən evlənəndən sonra Rahilə dünyaya gəlmişdir, lakin cavabdeh uşaqlara baxmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (atası) X5 iddianı qəbul etməyərək qeyd etdi ki, cavabdeh xəstədir, ayda 350 manat məbləğində əmək haqqı alır, Ağdam şəhərində yaşayır, iddiaçı Ağdama uşaqları ilə birlikdə köçdüyü halda onlar uşaqlara baxmağa razıdırlar. Əgər iddiaçı uşaqları onlara verərsə, onlar iki uşağa baxmağa və iddiaçıya əlavə 250 manat pul ödəməyə razıdırlar. Xahiş edir iki uşağın saxlanması üçün cavabdehdən cəmi 250 manat məbləğində aliment tutulsun. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqlraı var: xx.xx.2018-ci il tarixdə doğulmuş X6, xx.xx.2023-cü il tarixdə doğulmuş X7 (184679 və 957959 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu rayon Məhkəməsinin 2(008)-2661/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsilə xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində ailimentın tutulması qət edilmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-2663/2019 №-li xx.xx.2019-cu il tarixli qətnaməsilə iddiaçı ilə cavabdehin arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İddiaçı ilə cavabdeh yenidən xx.xx.2023-cü il tarixdə nikahlarını bağlamışlar və halhazırda nikahdadılar (AZ-İİ seriyalı 559912 №-li nikah haqqında şəhadətnamə). Bundan sonra iddiaçı Ağdam rayon İcra Şöbəsinə müraciət edərək barışdıqları üçün 154 manat sabit pul məbləğində ailimentın tutulması barədə icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Ağdam rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi Sabunçu rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda iddiaçı bir uşağa görə alimentin artırılması və digər uşağa görə hər ay hər 235 manat alimentin tutulmasını istəyir. Cavabdeh «kəskin dərəcədə ifadə olunmuş nevrasteniya istexiya» xəstəliyi ilə (F48.0 XBT-10 üzrə kod) Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır (ambulator kitabçadan çıxarış). Cavabdeh xx.xx.2024-cü il tarixdə Moskva şəhərinə çıxmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki xx.xx.2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində ailiment xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarında qeyd edilir ki, aliment tutulurkən uşağın əvvəlki təminat səviyyəsi mümkün qədər maksimal saxlanılamalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Eyni zamanda məhkəmə hesab edir ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 2661/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsilə xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 154 manat alimentin məbləğinin artırılmalı və hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Adıçəkilən Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, uşağın tələbatları artdığından xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 154 manat məbləğində alimentin məbləğini artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatlarını təmin etməlidir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Bundan da başqa, cavabdeh tərəf uşaqlar onlara verildiyi təqdirdə 470 manatdan da çox məbləğ xərcləməyə razıdırlar. Bundan başqa, cavabdehin Moskva şəhərinə çıxıb və hələ geri qayıtmaması onun maddi vəziyətinin bir o qədər aşağı olmamasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Cavabdehin nümayəndəsi cavabdehin əsəb xəstəliyi barədə arayış təqdim etsə də, onun fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsini təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin məbləği 3792 manat təşkil edir: 235 manat x 1 uşaq x 12 ay = 2820 manat, (235 manat – 154 manat) x 12 ay = 972 manat, 2820 manat + 972 manat = 3792 manat. Odur ki, məhkəmə hesab elir ki, 3792 manat iddiaya görə 57,92 manat məbləğində dölət rüsumunun ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı da 50 manat mediasiya xərci ödədiyindən 7,92 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Eyni zamanda 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Sabunçu rayon Məhkəməsinin 2(008)-2661/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsilə xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 154 manat alimentin məbləği artırılsın və alimentin aratırılmış hissəsi qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. xx.xx.2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay xx.xx.2024-cü il tarixdə hesablanmaqla 235 manat sabit pul məbləğində ailiment Cavabdeh İddiaçı xeyrinə tutulsun. 50 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə «xx.xx.2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay xx.xx.2024-cü il tarixdə hesablanmaqla 235 manat sabit pul məbləğində ailiment Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində dərhal icra edilsin. Qətnamə qanuni qüvvəsini alandan sonra 7,92 manat dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar