Məhkəmə qərarları › İş №2(008)-490/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-490/2023

05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-490/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, İlk iddia üzrə Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı uşaqların ananın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürasiət edərək cavabdehdən yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə iki uşaqları doğulmuşdur. 25.05. 2015-ci il tarixdə X5 xx.xx.2018-ci il tarixdə X6. Nikahın pozulması və uşaqların onun himayəsində saxlanılması tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Hal-hazırda cavabdehlə ayrı yaşayırlar, uşaqlar onun himayəsindədir. Cavabdeh övladları ilə maraqlanmır, onların heç bir tələbatını ödəmir. Buna görə də cavabdehdən aliment alınaraq ona ödənilməlidir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və ilkin iddia tələbinə ehtiyac qalmadığından iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə nikahları pozulandan indiyə kimi övladları ilə görüşməkdən məhrum edilmişdir. Nikahın pozulması zamanı səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak etməmişdir. Cavabdeh nikahın pozulmasına dair məhkəməyə müraciət edən zaman heç bir işlə məşğul olmamışdır. Atasının təkidi nəticəsində övladlarının atasının himayəsinə verilməsinə razı olmuş, atasına və cavabdehin ailəsinə bildirmişdir ki, özünə iş tapandan sonra uşaqlarını geri alacaq. Halhazırda "xxxx" MMC-də fəhlə-operator vəzifəsində işləyir, valideyinləri ilə yaşayır və anası övladlarına baxmağa ən böyük köməkçidir. İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdilər. İlk iddia üzrə Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdilər. Eyni zamanda qeyd etdilər ki, hazırda vəziyyət dəyişib, Cavabdeh işləyir, uşaqlarına baxa bilir, bu əsasdan belə iddianın verilməsinə zərurət yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə Cavabdeh yetkinlik yaşına çatmamış iki uşaqları var: 25.05. 2015-ci il tarixdə doğulmuş X5, xx.xx.2018-ci il tarixdə doğulmuş X6. Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin xx.xx.2014-cü il tarixdə bağlanmış nikahları pozulmuş, Cavabdeh razılığı nəzərə alınmaqla hər iki uşaq atalarının yanında saxlanılmışdır. Həmin işdə aliment tələbi olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də fəhlə-operator vəzifəsində işləyir və 500 manat əmək haqqı alır ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış). Məhkəmə tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınması üçün iş materialları həmin orqana göndərilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-18/2-2787 №-li xx.xx.2023-cü il tarixli rəyinə əsasən hər iki uşağın ataları İddiaçı yanında qalmaları məqsədəuyğun hesab edilmişdir. Məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/629 №-li ekspert rəyinə əsasən: X5 psixi inkişafına, yaş və fərdi- psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Ayselin halhazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik Ayselin emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. Cavabdeh və İddiaçı hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək və uşaqları ilə ünsiyyətinə mane ola biləcək aqressivlik əlamətləri müəyyən olunmur. X3 5 yaşı tamam olmadığından onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün olmamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə qarşılıqlı iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birğə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. X7 və X8 BMT-nin Kovensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onların əsas obyektidir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi - iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 Qərarında aşağıdakılar qeyd olunmuşdur: 7.1.Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.2. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. 7.3 Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. 7.6. Nikahın pozulması zamanı yetkinlik yaşınan çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin nikahı pozulan zaman Cavabdeh könüllü olaraq uşaqların atalarının yanında qalmalarına razılıq vermişdir. Cavabdeh atasının təkidi nəticəsində övladlarının atasının himayəsinə verilməsinə razı olduğunu, iş tapandan sonra uşaqlarını geri alacağı barədə atasına və cavabdehin ailəsinə bildirdiyini qeyd etsə də, məhkəmə qətnaməsindən bu halların mövcudluğu görünmür. Həmin zaman kiçik uşaq Atillanın üç yaşı olmuşdur, hazırda onun bir aydan sonra beş yaşı tamam olacaq, o, təxmini iki ildir ki, anası ilə görüşmür. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Atillanın atasından alınıb anasına verilməsi ona böyük psixoloji gərginlik yaşadar. Ekspert rəyinə əsasən 25.05. 2015-ci il tarixdə doğulmuş Ayselin anasına bağlılığı müəyyən edilməsə də, onun anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Aysel də iki ilə yaxındır ki, anası ilə görüşmür. Məhkəmə hesab edir ki, əvvəla Ayseli qardaşından ayırıb anasına verilməsi hər iki uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcək, həm də hazırki vəziyyətdə Aysel hələ anası ilə qalmağa psixoloji baxımdan hazır deyil. Məhkəmə hesab edir ki, Cavabdeh əvvəlcə uşaqları ilə ünsiyyətə nail olmalı, onlarla mütəmadi olaraq görüşməli, onlara qayğısını, sevgisini göstərməli, uşaqlarda ona qarşı bağlılıq yaranmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə uşaqlar atalarından alınıb analarına verilə bilməz. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ilk iddia qismən təmin edilməli, 25.05. 2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməli, ilk iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, aliment həmin tarixdən hesablanmalıdır. xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd edildiyi ki, Cavabdeh işləyir və 500 manat əmək haqqı alır. Lakin, Cavabdeh tək qadın olduğunu, özünü də dolandarmalı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ondan hər ay hər uşaq üçün 100 manat aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşağı üçün aliment ödəyərək də uşaqlarına olan qayğısını nümayiş edəcək və bu hal da onunla uşaqları arasında olan gərginliyin aradan qaldırılmasına səbəb olacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Hazırki iş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edilmişdir, odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın 50 manat hissəsi ilk iddia üzrə iddiaçıdan, 50 manat hissəsi isə ilk iddia üzrə cavabdehdən tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia qismən təmin edilsin. 25.05. 2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə qətnamə dərhal icra olunsun. Qarşılıqlı iddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın 50 manat hissəsi ilk iddia üzrə İddiaçı, 50 manat hissəsi isə ilk iddia üzrə Cavabdeh tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar