Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4990/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 Seyfəddin oğlunun sədrliyi, X17 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə təyin edilmiş aliment məbləğinin əmək haqqının 0,4 misli, 160 manat manat olmaqla, azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)-331/2025 saylı qərardadına əsasən azyaşlı övladı X2 üçün aylıq əmək haqqının 0,7 misli miqdarında, yəni 280 manat aliment ödəyir. Hazırda "xxxx" MMC-də çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir. Eyni zamanda mövcud nikahından 3 azyaşlı övladı vardır.
1. X7 – xx.xx.2018-ci il təvəllüdlü
2. X8 – xx.xx.2023-cü il təvəllüdlü
3. X5 – xx.xx.2022-ci il təvəllüdlü Bu uşaqların maddi təminatı onun üzərindədir və mövcud gəliri həm mövcud nikahından doğulan uşaqların, həm də əvvəlki nikahdan doğulan uşağın ehtiyaclarını qarşılamağa imkan vermir. Tərəflərin mövqeləri İddiaçı məhkəməyə teleqrama ünvanlayaraq, işin onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia ilə razı deyil, hal-hazırda uşaqın xərcləri artmışdır və təkbaşına qarşılaya bilmir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Mülki işin materialları -AZ-İİ seriyalı, 237562 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X9 ilə xx.xx.2018-ci ildə nikahlarını bağlamışlar. -AZ-İV seriyalı, 919245 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü ildə Zaqalata şəhərində doğulmuşdur və atası İddiaçı, anası isə X4r. -AZ-İV seriyalı, 099954 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə Mingəçevir şəhərində doğulmuşdur və atası İddiaçı, anası isə X4r. -AZ-İV seriyalı, 734935 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə Zaqatala şəhərində doğulmuşdur və atası İddiaçı, anası isə X4r. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən "xxxx" MMC-də bölgə müdiri vəzifəsində işliyir və aylıq əməkhaqqı 400 manatdır. Əlavə, bonus, mükafat və s. verilmir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)- 331/2025 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4053/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli miqdarında indeksasiya olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). ... 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, uşaqlarını saxlamaq valideynlərin mənəvi borcu olmaqla yanaşı, həmçinin hüquqi vəzifəsidir ki, valideynlərin həmin vəzifəsinin icrası bilavasitə mümkün olmadıqda məhkəmə tərəfindən təyin edilən aliment əsasında icra olunur. Bu zaman alimentin miqdarı o məbləğdə təyin edilməlidir ki, uşaqların əvvəlki maddi təminat səviyyəsini mümkün qədər maksimal saxlamaqla, valideynin maddi vəziyyətinə adekvat olsun. İş materiallarında olan qərardad əsasında müəyyən edilir ki, İddiaçı uşağı X1 bilavasitə iştirak etmədiyindən məhkəmə qətnaməsi əsasınd aliment təyin edilmiş və iş materiallarında olan qərardad ilə həmin qətnamə indeksasiya olunmuşdur. İddiaçı həmin indeksasiya olunmuş pul məbləğinin onun maddi vəziyyətinə uyğun olmamasını və mövcud nikahdan 3 uşağının olmasını əsas gətirirək alimentin azaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində təsbit olunan aliment miqdarının dəyişdirilməsi imkanı valideynin öhdəlikdən yayınması üçün bir vasitə deyil, həyat şəraitində baş vermiş fundamental və davamlı dəyişikliklərə adekvat reaksiya verməsi məqsədi daşıyır. Qanunverici bu normanı təsbit edərkən tərəflərin sonradan yaranan və əvvəlcədən nəzərə alınması mümkün olmayan hallar səbəbindən həddən artıq yüklənməsinin qarşısını almağı hədəfləmişdir. Lakin bu dəyişikliklər o dərəcədə əhəmiyyətli olmalıdır ki, ilkin məhkəmə qərarı ilə müəyyən olunmuş tarazlığı kökündən pozsun. MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddia ərizəsində iddiaçının maddi vəziyyətinin pisləşməsi (məsələn, işini və ya əmək qabiliyyətini itirməsi, himayəsində aliment tutulan digər uşaqlarının olması və s.) ilə bağlı hər hansı bir əsas göstərilməmiş, məhkəmə iclasında da bu hallar müəyyən edilməmiş, onun gəlirlərinin azaldığını və ya maddi vəziyyətini pisləşdirən digər obyektiv halların baş verməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İddiaçı 2021-2025-ci illərdə inflyasiyadan və artan qiymətlərdən xəbərdar olmasına baxmayaraq, könüllü şəkildə aliment məbləğini artırmamış, bu “yükü” tamamilə cavabdehin üzərinə qoymuş, uşağın təminat səviyyəsi illər ərzində azalmış, yalnız cavabdeh 4 il sonra alimenti artırdıqdan və məhkəmə qərarı ilə həmin məbləğ indeksasiya olunaraq dəyişdikdən sonra həmin məbləği azaltmağı tələb etmişdir. Halbuki, indeksasiya sabit pul məbləğində alimentin artırılmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Yəni, alimentin indeksasiyası yeni bir məbləğin təyin edilməsi deyil, inflyasiya və ölkədəki orta aylıq əmək haqqının artımı ilə əlaqədar olaraq əvvəl təyin edilmiş məbləğin alıcılıq qabiliyyətinin bərpasıdır ki, iddiaçının hər ay hər uşağa görə ödəməli olduğu 208 manat mahiyyətcə 2023-cü ildə təyin olunmuş 180 manatın bugünkü ekvivalentidir. Məhkəmə sadəcə olaraq pulun dəyərdən düşməsini nəzərə alaraq onu bərpa etmiş, indeksasiya uşağın 2 il əvvəl təmin olunduğu səviyyədə təminatının davam etməsi məqsədi daşımışdır. Bundan başqa iddiaçı ikinci nikahından 3 övladının olmasını ailə vəziyyətində dəyişiklik kimi qeyd edir. Məhkəmə iddiaçının ikinci nikahdan olan övladlarına qarşı maddi və mənəvi öhdəliklər daşıdığını qəbul edir və bu halı Ailə Məcəlləsinin 112-ci addəsi kontekstində qiymətləndirir. Bununla belə valideynin öhdəlikləri qarşısında seçim etmək və bir uşağın qanunla təsbit edilmiş minimum təminat hüququnu digər uşağın təminatı hesabına pozmaq yolverilməzdir. Bütün uşaqlar bərabər hüquqlara malikdir və iddiaçının vəzifəsi hər üç uşağın ehtiyaclarını qarşılamaq üçün öz gəlirlərini və resurslarını səmərəli şəkildə idarə etməkdir. İddiaçı tərəfindən təklif edilən məbləğ uşağı qanunla müəyyən edilmiş yaşayış minimumundan belə məhrum edir ki, bu da maraqların balanslaşdırılması deyil, birbaşa olaraq uşağın hüquqlarının pozulması demək olardı. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin azaldılması uşağın mənafeyinə ziddir. Göründüyü kimi, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə azaldılmasını tələb edir. Nəticə hissəsi Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə təyin edilmiş aliment məbləğinin əmək haqqının 0,4 misli, 160 manat manat olmaqla, azaldılmasına dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Müseyib Bayramov