Məhkəmə qərarları › İş №2(008)-528/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-528/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-528/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2260 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2790 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X1 arasında 12.02.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və “Kia” minik markalı, **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 29.05.2019cu il tarixdə “Kia” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2260 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ DYPŞ-dən "xxxx" ASC-yə 30.05.2019-cu il tarixli inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 25.06.2019-cu il tarixli, 082-218002 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azırbaycan Rerspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mamkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, sığortalı X3 məxsus “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 28.06.2019-cu il tarixli sığorta aktından görünür ki, X2 adına sığortalanmış “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtonəqliyyat hadisəsi nəticəsində dəymiş zərər hesablanmış və 2260 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 30.05.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh barəsində həmin tarixdə AP0113978 nömrəli protokol tərtib edilərək, o, “Kia” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, 2260 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarına əsasən Cavabdeh, avtonəqliyyat vasitələrinin icbari sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə, yəni 09 avqust 2019-cu il tarixdə, X3 məxsus “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bununla əlaqədar, o, X3 maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati xəta haqqında qərarla da təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1. maddəsinin mahiyyətinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, Cavabdeh tərəfindən “Kia” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, onun baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinməsi, “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması, buna görə həmin avtomobilin sığortalandığı "xxxx" ASC-nin hesabına 2260 manat məbləğində sığorta ödənişinin köçürülməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı sığorta ödənişi məbləğinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda iddia tələbinin 500 manat işlərin görülməsi ilə bağlı çəkilən xərcin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən həmin 500 manat xərcin nədən ibarət olması, nədə ifadə olunması və həqiqətən bu xərcin çəkilməsi barədə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, rüsum qalan hissədə iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2260 (iki min iki yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar