Məhkəmə qərarları › İş №2(008)-5448/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5448/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5448/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanaraq, 01 yanvar 2008-cu il təvəllüdlü X1, 13 aprel 2009-cu il təvəllüdlü X2 və 27 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması və İddiaçı verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2007-ci il tarixindən 2018-ci il tarixədək faktiki nikah münasibətlərində olmuşlar. Cavabdehdən 01 yanvar 2008-ci il tarixində X4, 13 aprel 2009-cu il tarixində X5 və 27 avqust 2013-cü il tarixində X6 uşaqları olmuşdur. Cavabdeh tərəfindən mütəmadi olaraq fiziki təzyiqlərə məruz qaldığından məcburiyyət qarşısında uşaqlarını götürüb ata evinə gəlmiş və hal-hazırda atası, anası və qardaşı ilə birgə kirayədə yaşayırlar. Uşaqların atası olmasını cavabdeh bu faktı etiraf etmiş, lakin cavabdeh uşaqların saxlanması üçün vəsait verməkdən boyun qaçırdığından cavabdehdən alimentin tutulmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddiası təmin edildi. Bundan sonra cavabdeh uşaqların atası olmasını qəbul etməmiş və uşaqların iş materiallarında olan doğum şəhadətnamələrinin alınmasından məlumatı olmamasını qeyd edərək həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə nail oldu. Həmin vaxtdan cavabdehdən alimentin tutulması dayandırıldı. Belə olan halda o, yenidən aliment almaq üçün məhkəməyə müraciət etmək üçün tədbirlər görərək, “atalığın müəyyən edilməsinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(008)-471/2023 saylı qiyabi qətnaməsi ilə xx.xx.1982-ci il tarixdə doğulmuş Cavabdeh 01 yanvar 2008-cu il tarixində doğulmuş X1, 13 aprel 2009-cu il tarixində doğulmuş X2 və 27 avqust 2013-cü il tarixində doğulmuş X3 atası olduğu müəyyən edilmişdir. Aliment tələbi ilə məhkəməyə doğru-düzgün müraciət etməyinə baxmayaraq, yuxarıda qeyd olunan baş vermiş hadisələri cavabdeh alimentdən yayınması üçün qəsdən yaratmışdır. Ona görə də cavabdehdən alimentin tutulması əvvəlki dövr üçün aliment 3 illik müddət həddində xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Cavabdeh İlkin Mediasiya sessiyasında iştirak etməmiş, bu barədə Bakı 2 saylı Mediasiya təşkilatı arayış təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşkəsən Rayon Qabaqtəpə kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 905029 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə X4 doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. - Daşkəsən Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı 905028 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə X5 doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. - Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı 905030 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə X6 doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir, iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6906/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1, 13 aprel 2009-cu il təvəllüdlü X2 və 27 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10597/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6906/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2023 nömrəli, xx.xx.2023 -cü il tarixli qiyabi qətnaməsindən görünür ki, xx.xx.1982-ci il tarixdə doğulmuş Cavabdeh xx.xx.2008-ci il tarixində doğulmuş X1, xx.xx.2009-cu il tarixində doğulmuş X2 və xx.xx.2013-cü il tarixində doğulmuş X3 atası olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-ci maddəsinə əsasən Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARİ xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, Alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh qeyrirəsmi nikahlarından üç övladı olmuşdur. Tərəflərin birgə münasibətlərindən doğulmuş 01 yanvar 2008-ci il tarixində doğulmuş X4, 13 aprel 2009-cu il tarixində doğulmuş X5 və 27 avqust 2013-cü il tarixində doğulmuş X6 ananın yanındadır. Cavabdeh övladları ilə maraqlanmır, onun tələbatlarını ödəmir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müracət edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 01 yanvar 2008ci il tarixində doğulmuş X1, 13 aprel 2009-cu il tarixində doğulmuş X2 və 27 avqust 2013cü il tarixində doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş qətnamədən görünür ki, cavabdehin atası kimi xx.xx.2023-cü il tarixdə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-471/2023 saylı qətnaməsi ilə müəyyən edildiyindən və sözügedən qətnamədən sonra iddiaçı ilk dəfə məhkəməyə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin məbləği xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 01 yanvar 2008-ci il tarixində doğulmuş X1, 13 aprel 2009-cu il tarixində doğulmuş X2 və 27 sentyabr 2013-cü il tarixində doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar