Məhkəmə qərarları › İş №2(008)-5464/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5464/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5464/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin mediasiyaya müraciət edildiyi tarixdən hesablanmaqla, cavabdehdən hər ay 246 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh ilə iddiaçı xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixdə, 2(008)-3361/2015 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cü il təvəllüdlü X1 dünyaya gəlmişdir. Nikahın pozulması zamanı cavabdeh ona müraciət edərək, uşaqları ilə maraqlanacağına və onların maddi, mənəvi xərclərini qarşılayacağına söz vermişdir. Lakin hazırda cavabdeh yetkinlik yaşına çatmayan qızlarının saxlanmasında heç bir köməklik göstərmir. Hazırda övladlarını saxlamaqda maddi çətinliklər çəkir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında isə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)- 3361/2015 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulan xx.xx.2007-ci il təvəllüdlü X4 cavabdehin, xx.xx.2010-cü il təvəllüdlü X3 iddiaçının himayəsinə verilmişdir. - AZ-İİİ seriyalı, 858341 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-ci il tarixdə doğulmuşdur və atası Cavabdeh, anası isə X5r. -Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB\9\2025-00857 nömrəli, xx.xx.2025-ci il tarixli X2 Edilməməsi barədə arayışdan görünür ki, aliment tələbinə dair mübahisədə Cavabdeh iştirak etməmişdir və 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xərci olmaqla, ümumilikdə 60 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. -AZ-İ seriyalı 218200 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir və nikah ləğv olunandan sonra kişiyə Ələsgərov, qadına isə Mehtiyeva soyadı verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). X10 8.3 və 8.4-cu bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)- 3361/2015 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulan xx.xx.2007-ci il təvəllüdlü X4 cavabdehin, xx.xx.2010-cü il təvəllüdlü X3 iddiaçının himayəsinə verilmişdir. Bu hallar məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 82.3-cu maddəsinə əsasən bu halların preyudisial əhəmiyyət daşıdığından mübahisələndirmir. Yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, valideynlər uşaqlarını saxlamağa borcludurlar ki, onların öz vəzifələrinin icrası onların bilavasitə iştirakı ilə mümkün olmadıqda məhkəmə qərarı ilə təyin edilən aliment əsasında icra edilməlidir. Bu zaman alimentin miqdarı elə təyin edilməlidir ki, həmin bu miqdar valideynin uşaqlarını saxlamaq vəzifəsini tam əhatə etsin və vəzifənin icrasını təmin etsin. Lakin iş materiallarından cavabdehin həmin vəzifəsinin icrasına yönəlmiş hərəkətlər həyata keçirilməsini müəyyənləşdirmək mümkün olmur və məhkəmə bu qənaətə gəlir ki, cavabdehin uşağlarını saxlamaq vəzifəsinin icrasını təmin etmək üçün zəruridir ki, məhkəmə qətnaməsi ilə ona aliment təyin edilsin. Aliment məbləğinin müəyyən edilməsi zamanı yuxarıda göstərilən Plenum qərarındakı mövqe və formalaşmış məhkəmə təcrübəsi baxımından uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu müəyyən mənada meyar kimi qəbul edilir, lakin tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Məhkəmə iddia tələbində müəyyənləşdirilən aliment miqdarı ilə razılaşaraq hesab edir ki, həmin miqdar valideynin uşaqlarını saxlamaq vəzifəsini əhatə etməklə, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamağa imkan verir. Belə ki, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat məbləğində aliment Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə alimentin tutulma tarixinin müəyyənləşdirilməsi ilə bağlı iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi ilə müəyyənləşdirilmişdir ki, alimentin tutulma tarixi məhkəmə müraciət edildiyi andan hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, alimentin ilkin mediasiyaya müraciət edildiyi andan tutulması qanunda imperativ formada nəzərdə tutulmuş norma ilə ziddiyət təşkil edir və alimentin tutulma tarixi məhkəməyə müraciət edildiyi andan, yəni xx.xx.2025-ci ildən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar