Məhkəmə qərarları › İş №2(008)-5945/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5945/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5945/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2012-ci ildə ailə qursalar da, xx.xx.2013-cü il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh işləyir, aylıq qazancı var. Lakin, uşaqlarının maddi ehtiyacı ilə maraqlanmır, tələb etməsə, istəməsə evə heç bir şey almaz. Cavabdeh xx.xx.2020-ci ildə evdən çıxıb getmişdir. Uzun illərdir ki, valideyinlərinin köməkliyi ilə yaşayırlar. Dəfələrlə nikahlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək istəsə də, uşaqlarını düşünüb fikirindən daşınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının və onun iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili işə onun və iddiaçının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddianı qəbul etdiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh xx.xx.2013-cü il tarixdə nikahlarını bağlamışlar (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 911249 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Tərəflərin birgə nikahdan xx.xx.2013-cü il tarixdə Toğrul adlı və xx.xx.2015-ci il tarixdə isə Emilya adlı uşaqları doğulmuşdur (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 237855 №-li və 4 saylı Bakı "Asan Xidmət" Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 640406 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surəti). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları olmuşdur, hazırda cavabdeh uşağın saxlanılmasına maddi köməklik göstərmədiyi üçün iddiaçı sabit pul məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 4080 manat təşkil edir (340 man x 12 ay = 4080 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləğində aliment Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləğində aliment Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar