Məhkəmə qərarları › İş №2(008)-5963/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5963/2021

15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5963/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Ələkbər qızının, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05.01.2020-ci il tarixdən başlayaraq onun xeyrinə yetkinlik yaşına çatmayan 16.11.2018-ci il təvəllüdlü X2 və 26.05.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat və hər uşağın saxlanması üçün 50 manat olmaqla, cəmi 100 manat, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsədov X1 Aynur Xəqani qızına qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında 17.03.2018-ci il tarixdə 578 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Ələkbər qızı ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.01.2020-ci il tarixdən başlayaraq onun xeyrinə yetkinlik yaşına çatmayan 16.11.2018-ci il təvəllüdlü X2 və 26.05.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat və hər uşağın 3 yaşına çatanadək saxlanması üçün 50 manat olmaqla, cəmi 100 manat, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 17.03.2018-ci il tаriхdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki övladı - 16.11.2018-ci il təvəllüdlü X7 və 26.05.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. 05.01.2020-ci il tаriхdən valideynlərinin уаnında уаşayır. Cavabdeh onunla barışmaq üçün heç bir ciddi cəhd еtmir, uşaqlarının maddi-mənəvi əziyyətini çəkmək və valideynlik vəzifəsini уеrinə уеtirmək isəmir. Dəfələrlə şifahi və yazılı (votsap vasitəsilə) şəkildə uşaqların saxlanması üçün maddi köməklik etməsini xahiş və tələb etsə də, Cavabdeh uşaqlаrına maddi yardım göstərməyəcəyini bildirmişdir. Özü və uşаqlаrı yalnız valideynlərinin köməkliyi ilə dolanırlar. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, bir qədər sonra həyat yoldaşı İddiaçı xasiyyətində ciddi dəyişikliklər müşahidə etmişdir. Həyat yoldaşı tez-tez yerli-yersiz dava salmış, səbəbini soruşduqda isə onu təhqir etmişdir. Artıq onlar faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Həyat yoldaşı ailənin bərpası üçün heç bir cəhd etməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddia tələbini qəbul edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddianı müdafiə, ilkin iddianı qismən qəbul edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın təmin, ilkin iddianın isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin, ilkin iddia isə, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19.10.2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 039731 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 17.03.2018-ci il tarixdə 578 saylı akt qeydi ilə nikah bağlamışlar. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14.12.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 226720 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 16.11.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 15.08.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 26.05.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.10.2017-ci il tarixli, 2(008)-6623/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 19.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində alınaraq, X3 xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından X8 ilə X10 adlı iki azyaşlı uşaqları anadan olmuşdur. Onlar artıq ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Ailənin bərpası mümkün deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında barışıq əldə olunmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Tərəflər arasında qeyd edilən saziş olmadığından, tərəflərin birgə nikahından olan uşaqların kiminlə qalmaları məsələsini həll edərkən məhkəmə uşaqların hal-hazırda anaları ilə yaşamalarını və cavabdehin buna etirazının olmadığını nəzərə alaraq hesab edir ki, 16.11.2018-ci il təvəllüdlü X8 və 26.05.2020-ci il təvəllüdlü X10 anaları İddiaçı himayəsində qalmalı, uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün Cavabdeh aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddianın alimentlə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun saxlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, o cümlədən, Cavabdeh əvvəlki nikahından olan uşağına aliment ödəməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh tutulan aliment sabit pul məbləğində, məbləği isə hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməli, ilkin iddia digər hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 14.07.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 17.03.2018-ci il tarixdə 578 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 16.11.2018-ci il təvəllüdlü X8 və 26.05.2020-ci il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanılsınlar. 16.11.2018-ci il təvəllüdlü X2 və 26.05.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14.07.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İlkin iddia digər hissələrdə təmin edilməsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar