Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5963/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2024-cü ilin mart aprel ayı üçün ödənilməmiş iki aylıq əmək haqqı 1440 manat və əmək haqqı kartından çıxarılmış 580 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də Avtotəsərrüfat Xidmətinə sürücü vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı 720 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixdən 2024-cü ilin mart haqqını alsa da, 2024-ci ilin mart və aprel ayı üzrə ödənilməli olan hər ay 720 manat olmaqla cəmi 1440 manat ödənilməmiş əmək haqqı borcu yaranmışdır, bundan başqa, ona məxsus əmək haqqı kartından 580 manat məbləğində pulu ilk dəfə 150 manat, daha sonra isə 100 manat, daha sonra 280 manat kartından onun razılığı və icazəsi olmadan çıxarmışlar. Cavabdeh tərəfindən aylıq əmək haqqı ödənilməməsinə baxmayaraq, işləməyə davam etmişdir. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. 3 aydan artıq müddətdir işləmədiyimdən, dəfələrlə cavabdeh "xxxx" MMC-nə müraciət edərək, verilməli olan əmək haqqının ödənilməsini tələb etməsinə baxmayaraq, əmək haqqının ödənilməsi təmin edilməmişdir. Bu barədə müxtəlif dövlət orqanlarına müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış, müqavilənin bitmə müddəti xx.xx.2024-cü il tarixədək olmuş, əmək haqqı 720 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı məxsus maaş kartından "xxxx" ASC-dən verilmiş xx.xx.2023-xx.xx.2024-cü il tarixi dövrü əhatə edən çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən pul köçürməsi həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178.1-ci maddəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Əmək Məcəlləsinin 178-ci maddəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən işlədiyi müddət ərzində əmək haqqının ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Eyni zamanda məhkəmə maaş kartından çıxarılmış 580 manat məbləğində pulun cavabdehdən tutulmasını əsaslı hesab etmir. Belə ki, həmin məbləğin iddiaçıya məxsus maaş kartından onun məlumatı olmadan cavabdeh tərəfindən mənimsənilməsi iş materialları ilə öz təsdiqini tapmır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə iş materiallarını və məhkəmədə iddiaçının izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 1440 manat məbləğində əmək haqqı borcu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 1440 (min dörd yüz qırx) manat məbləğində əmək haqqı borcu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5963/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5963/2024
16.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver