Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6027/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı Abdullayeva (Quliyeva) Nərmin İlham qızının, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Abdullayeva (Quliyeva) Nərmin İlham qızının Cavabdeh qarşı “aliment və sair” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Abdullayeva (Quliyeva) Nərmin İlham qızı Cavabdeh qarşı “aliment və sair” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladı xx.xx.2020-ci il tarixli X1 yetkinlik yaşına çatanadək hər ay 246 manat sabit pul məbləğində alimenti cavabdehdən tutularaq ona ödənilməsi və övladının xəstəliyi ilə bağlı əlavə 500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdən rəsmi ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladı xx.xx.2020-cı il tarixli X4 dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, sonralar kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailənin dağılmasına səbəb olmuşdur. Ailəsi artıq dağılmış, onun bərpası mümkün deyildir. Cavabdeh həyat yoldaşı kimi ona hörmət etmirdi, ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmədi. Uşaq onun himayəsindədir, ata uşaqla maraqlanmır. Məhkəmə iclasında iddiaçı X5, onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, hər ay 246 manat aliment ödəməsinə etiraz etmədiyini bildirdi. Uşağın xəstəliyi ilə bağlı bildirdi ki, uşağı Könül Hacıyeva adlı nevropatoloq müayinəsinə də aparmışdır. Uşaqda hiperaktivlik adında bir xəstəlik var, həkimin də deməsinə görə uşaqla ana məşğul olmalıdır ki, uşaq daha yaxşı inkişaf etsin, telefonu uşağın əlinə verməklə olmaz. Nə vaxt da uşağın nə müalicə aldığını iddiaçıya deyəndə, onun yox anasının bu barədə bilməsini bildirmişdir. Uşağın xəstəliyi ilə bağlı hansı dərmanlar alınır bilmir, amma özü də uşağına dərmanlar almışdır. 200 manat, 600 manat olmaqla üç kurs müalicəyə pul xərcləmiş, dərmanın qiyməti 84 manatdır. Özünün uşağı apardığı həkimlərdən aldığı müalicələri qarşı tərəf yarımçıq saxlayıb, hazırda onun uşağı hansı həkimlərə apardığını bilmir. Uşağın müalicəsi ilə məşğul ola bilər. Müalicə xərci ilə bağlı hər hansı qəbzi yoxdur, iddiaçı özü ilə sənədləri aparıb. Onun bildiyinə görə uşaq hər ay 500-600 manatlıq müalicə almır. Uşaq sağalıb. Hazırda bir ildən çoxdur ki, uşağa onlar baxır, ona görə də xəbəri yoxdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı 321419 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. - xx.xx.2025-ci il tarixli dərmanlar üçün resept kağızından görünür ki, Abdullayeva Yağmura autizm spektrli pozuntu diaqnozu əsasında müalicə üçün dərmanlar yazılmışdır. - xx.xx.2022-ci il tarixli dərmanlar üçün resept kağızından görünür ki, X3 baş-beyin assosiativ əlaqələrinin geriliyi diaqnozu qoyulmuş və müalicə dərmanları yazılmışdır. - xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müayinə kağızlarından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 elektroensefaloqrafiya müayinəsindən keçmişdir. - xx.xx.2025-ci il tarixli müayinə kağızından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 psixiatr müayinəsindən keçmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01721 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh sürücü (kuryer) vəzifəsində çalışır və 250 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X5 ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar, bu münasibətdən xx.xx.2020-ci il tarixdə X4 doğulmuşdur. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmədiyindən, sonuncu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materiallarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə bağlı əlavə 500 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, alimentin məbləğini müəyyən edərkən uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri, qanunvericiliyin tələblərini, həmçinin, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarındakı mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 (246:400) misli həddində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment iddia ərizəsinin verildiyi xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 autizm spektrli pozuntu xəstəliyindən əziyyət çəkir və bu xəstəliklə əlaqədar müayinə və müalicə olunur. Lakin ana uşağın müalicəsi üçün atadan 500 manat əlavə xərcin tutulmasını tələb etsə də, sonuncunun tələb olunan məbləğdə əlavə xərci ödəmək üçün maddi vəsaitə malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, əlavə xərcin tutulması hissəsində tələb qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 100 (yüz) manat əlavə xərc tutularaq X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalı, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 100 (yüz) manat sabit pul məbləğində əlavə xərc tutularaq iddiaçı X2 xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.3. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; Məhkəmə hesab edir ki, Cavabdeh 61.52 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulsun. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində əlavə xərc tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 61.52 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6027/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6027/2025
22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver