Məhkəmə qərarları › İş №2(008)-6053/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6053/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6053/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ilin dekabr ayında qeyri-rəsmi evlənmişlər. xx.xx.2006-cı il tarixdə oğlu X4 anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı "ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən 314 nömrəli qeydlə atalıq müəyyən edilərək cavabdeh oğlunun atası müəyyən edilmişdir. İlk əvvəllər ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüş, aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. 2010-cu ildən ayrı-ayrılıqda yaşayırlar. Oğlu onun himayəsindədir. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi köməklik göstərmir. Özünun qazancı ilə uşağının təminatını ödəmək mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası DİN Polis Akademiyasında müəllim vəzifəsində işləyir və kifayət qədər əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qeyd etdi ki, İddiaçı ilə qeyrirəsmi münasibətlərindən xx.xx.2006-cı il tarixli Eltac adlı uşaqları doğulmuşdur. Sonradan o, xx.xx.2010-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü Murad adlı və xx.xx.2012-ci il təvəllüdlü Nihat adlı uşaqları doğulmuşdur. Hazırda arvadı hamilədir. Qeyd olunanları nəzərə alaraq ədalətli qərarar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Tərəflər rəsmi nikaha daxil olmamışlar. Tərəflərin xx.xx.2009-cu il tarixdə Eltac adlı uşaqları doğulmuşdur (Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 313459 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Cavabdeh xx.xx.2009-cu il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir (4 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 375242 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Cavabdeh Azərbaycan Respublikası DİN Polis Akademiyasının Hərbi kafedirasında baş müəllim vəzifəsində xidmət edir və onun aylıq əmək haqqı 1416,75 manat təşkil edir (Azərbaycan Respublikası DİN Polis Akademiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən bir övladı olmuş, cavabdeh uşağın atası hesab edilmiş, hazırda cavabdeh uşağın saxlanılmasına maddi köməklik göstərmədiyi üçün cavabdehin əmək haqqısının dörddə bir hissəsi məbləğində aliment tutulmasını tələb edir. Cavabdeh X5 ilə evlənmiş və birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Belə ki, Cavabdeh və X5 xx.xx.2010-cu il tarixdə nikahlarını bağlamışlar (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 026364 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surəti). Cavabdeh və X3 birgə nikahdan xx.xx.2011-ci il tarixdə Murad adlı və xx.xx.2012-ci il tarixdə Nihat adlı uşaqları doğulmuşdur (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 830198 №-li və AZ-İİİ seriyalı 014559 №-li doğum haqqında şəhadətnamələrin sürəti). X5 üçüncü uşağa hamilədir (Azərbaycan Respublikası Səhiyə Nazirliyi 2 saylı X9 Məsləhətxanası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Ulturasəs müayinəsi) Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddia tələbinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideynlərdən qazancın və (və ya) valideynlərin başqa gəlirləninin dörddə bir hissəsi tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qeyd edildiyi kimi, cavabdehin əmək haqqı 1416,75 manat və bunun dörddə biri 354 manat təşkil edir. Lakin, məhkəmə cavabdehin öhdəsində arvadının və iki uşağının olmasını, arvadının üçüncü uşağa hamilə olmasını nəzərə alaraq bu məbləğin 250 manata endirilməsini ədalətli hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, 250 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 2040 manat təşkil edir (250 man x 12 ay = 3000 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi 250 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi 250 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar