Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6057/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Tagıyeva Ramina və Cavabdeh2 qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Tagıyeva Ramina və Cavabdeh2 qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 05.03.2019-cu il tarixli, AN-İ ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544saylı 0.03 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544saylı 0.03 hektar torpaq sahəsinin İddiaçı mülkiyyətinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0,03 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 20.04.2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X5 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0,106245 hektar torpaq sahəsinin 0.03 hektarını alıcı İddiaçı mülkiyyətinə vermişdir. Həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair ona 19.12.2014-cü il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsində layihə əsasında bağ evi tikmişdir. İddiaçı bağ evini satmaq niyyətinə düşmüş, lakin dövlət qulluqçusu olduğundan vaxt azlığı ilə əlaqədar, daşınmaz əmlakın alqı-satqısı ilə tam məşğul ola bilməmişdir. Bu səbəbdən, iddiaçı daşınmaz əmlaka istədiyi qiyməti verən real alıcı çıxarkən, satması üçün Tagıyeva Ramina adlı şəxsə 2018-ci il tarixdə etibarnamə vermişdir. Lakin bir müddət sonra Tagıyeva Ramina ilə əri Cavabdeh2 arasında məhkəmə mübahisəsinin olduğunu, boşanma mərhələsində olduqlarını və onun razılığı olmadan Tagıyeva Raminanın iddiaçıya məxsus bağ evini əri Cavabdeh2 satdığını öyrənmişdir. İddiaçı ilə Cavabdeh2 arasında 05.03.2019- cu il tarixli, AN-İ ******* saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0,03 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləni iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi Tagıyeva Ramina imzalamışdır. Halbuki iddiaçı bağ evinin satılması zamanı razılıq verməmiş, cavabdehlər isə ona heç bir ödəniş etməmişlər. Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı bağ evinə dair Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən 10.05.2019-cu il tarixli texniki pasport əldə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında bildiridi ki, İddiaçı özünə məxsus torpaq sahəsini satmaq niyyətində olduğundan, daşınmaz əmlakın satılması zamanı müvafiq sənədləşdirmə işlərinin aparılması üçün cavabdeh Tagıyeva Raminaya etibarnamə vermişdir. Sənədləşdirmə işləri torpaq sahəsinin satış qiymətinin əvvəlcədən ödənilməsi şərti ilə aparılmalı idi. Lakin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0,03 hektar torpaq sahəsini almaları barədə cavabdehlər Tagıyeva Ramina və həyat yoldaşı X9 öz aralarında razılığa gəlmiş, iddiaçının xəbəri olmadan, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamış, niyyətləri isə iddiaçı ilə sonradan “halallaşmaq” olmuşdur. Ona görə də, alqı-satqı müqabilində iddiaçıya pul ödənilməmişdir. Sonradan cavabdehlərin ailə münasibətləri pozulmuş, nikahın pozulması barədə məhkəmədə iddia qaldırıldıqdan sonra, yəni 2021-ci ilin yay aylarında iddiaçı özünün razılığı olmadan torpaq sahəsinə dair sənədləşdirmə işlərinin aparıldığından xəbərdar olmuşdur. Həmin vaxtadək iddiaçının 05.03.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin mövcudluğundan xəbəri olmamışdır. O, qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək izahatında bildiridi ki, müqavilənin etibarsızlığı ilə bağlı iddialar mülki qanunvericiliyə uyğun olmaqla, inandırıcı olmalıdır. İddia ərizəsində iddiaçı əsasən iki məqama toxunmuşdur - alqı-satqı müqaviləsinin bağlanmasından xəbərdar olmaması və daşınmaz əmlak satılarkən ona ödəniş olunmaması. Başqa sözlə, sanki cavabdeh Tagıyeva Ramina alqı-satqı müqaviləsini İddiaçı xəbərsiz bağlamışdır. Hər kəsə məlumdur ki, daşınmaz əmlakla bağlı məsələlərdə insanlar həssas olur. Ona görə də, istənilən şəxs özünə məxsus daşınmaz əmlaka sərəncam verilməsi barədə başqa şəxsə etibarnamə verdikdən sonra həmin daşınmaz əmlakın sonrakı taleyi ilə maraqlanır. Bu halda, şəxsin, yəni iddiaçının iki ildən sonra özünə məxsus olan daşınmaz əmlakın başqasına satılmasından xəbərdar olması inandırıcı deyil. Digər tərəfdən, iddiaçı həqiqətən dövlət orqanında çalışırsa, o davamlı olaraq verdiyi etibarnamə ilə maraqlanmalı idi. Mülki Məcəllədə “iddia müddəti” adlanan institut mövcuddur ki, şəxslərə öz hüquqlarını müdafiə etmələri üçün şərait yaradır. Müqavilənin etibarsızlığı məsələsində iddia müddətinin başlanğıcı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu zamandan hesablanır. Ona görə də, iddia ərizəsində istinad olan hallar formaldır, iddiaçının şəxsi mülahizələridir. O, qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildiridi ki, o, digər cavabdeh Tagıyeva Raminanın həyat yoldaşıdır. Birgə nikah münasibətlərində olduqları dövrdə onlar bir qədər pul topladıqdan sonra torpaq sahəsi alıb ev tikməyə qərar vermişlər. Sözügedən torpaq sahəsi ilə bağlı İddiaçı həyat yoldaşı Tagıyeva Raminaya baş etibarnamə verdiyindən, sonuncu, iddiaçının adından onunla alqısatqı müqaviləsi bağlamışdır. Ümumiyyətlə, mübahisəli torpaq sahəsi reallıqda Tagıyeva Raminanın ailəsinə məxsus olsa da, onlar Azərbaycan Respublikası vətəndaşı olmadıqlarından, torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir. O, özü şəxsən ustalarla birlikdə işləyərək ailənin vəsaiti hesabına həmin torpaq sahəsində ev tikmişdir. X12 ilə münasibətləri pozulmuşdur. Aralarında bağlanmış nikahın pozulması barədə mülki iş məhkəmənin icraatındadır. Bundan başqa, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair aralarında mübahisə mövcuddur. İddiaçı ilə cavabdeh Tagıyeva Ramina həmyerli olmaqla, yaxın ailəvi münasibətləri vardır. Ona görə də, onların qaldırdığı hazırkı iddia da məqsədli xarakter daşıyır. Belə ki, birgə nikah dövründə aldıqları torpaq sahəsindən və birgə nikah dövründə tikdikləri evdən ona pay çatmaması üçün bu iddia qaldırılmışdır. Zərurət yaranacağı təqdirdə, həmin torpaq sahəsində tikinti işlərinin onun tərəfindən aparılması, orada işləyən ustaların zəhmət haqqı və tikinti materiallarının alınması üçün pul vəsaitinin məhz onun tərəfindən ödənilməsi hallarını təsdiq edə biləcək, tikinti zamanı onunla birlikdə işləyən usta və fəhlələr şahid qismində məhkəmədə dindirilə bilərlər. O, qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Tagıyeva Ramina iddia tələbini qəbul edərək izahatında bildiridi ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. İddiaçı işi ilə əlaqədar istənilən vaxt gəlib-gedə bilmədiyindən, öz adına olan torpaq sahəsinin satılması ilə bağlı ona etibarnamə vermişdir. Daha sonra həyat yoldaşı Cavabdeh2 ilə həmin torpaq sahəsini almaq qərarına gəlmiş, lakin iddiaçıya bununla bağlı hər hansı ödəniş etməmişlər. Sözügedən torpaq sahəsi və üzərində tikilmiş ev onlara məxsus deyil. İddiaçının ona verdiyi etibardan sui-istifadə etmişlər. Həmin daşınmaz əmlakı həyat yoldaşı Cavabdeh2 adına keçirdiyini həyat yoldaşı ilə əmlak mübahisəsi yarandığı vaxt o, özü iddiaçıya bildirmişdir. Həmin vaxta qədər iddiaçı həmin torpaq sahəsinin özünün adına olduğunu zənn etmişdir. O, qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X4 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin keçməsi ilə əlaqədar, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini bununla əsaslandırmışdır ki, mülki qanunvericiliyə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması nəzərə alınarsa, hazırkı iş üzrə iddia müddətinin axımının alqı-satqı müqaviləsi bağlandığı gündən, yəni 05.03.2019-cu il tarixdən başlandığı aşkardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iş materiallarında olan: - 20.04.2014-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsi satıcı X5 (etibarnamə üzrə nümayəndəsi X6) tərəfindən 4000 manata alıcı İddiaçı satılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsi 19.12.2014-cü il tarixdə İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. - 27.06.2018-ci il tarixli, 599253 saylı etibarnamənin surətindən görünür ki, Əliyev X8 Raminaya mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.03 ha torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair əmlakın yüklülüyünün olub-olmaması barədə arayışı və digər aidiyyati sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, notariusa müraciət etməyi, notariat kontorunda rəsmiləşdirilmiş müqavilədə imza etməyi, pulunu almağı, ərizə yazmağı və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar etmişdir. - 05.03.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544saylı 0.03 hektar torpaq sahəsi satıcı İddiaçı (etibarnamə üzrə nümayəndəsi Tagıyeva Ramina) tərəfindən 4500 manata alıcı Cavabdeh2 satılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsi 10.05.2019-cu il tarixdə Cavabdeh2 adına dövlət qeydiyyatından keçmişdir. İşin mübahisə doğurmayan halı ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3544 saylı 0.03 hektar torpaq sahəsini 20.04.2014-cü il tarixdə 4000 manata X2 almışdır. O, cavabdeh Tagıyeva Raminaya 27.06.2018-ci il tarixdə etibarnamə verərək, mülkiyyətində olan həmin torpaq sahəsi üzərində sərəncam verilməsi əlaqədar bütün hərəkətləri etməyi həmin şəxsə etibar etmişdir. Qeyd olunan torpaq sahəsini 05.03.2019-cu il tarixdə İddiaçı adından onun etibarnamə üzrə nümayəndəsi Tagıyeva Ramina 4500 manata Cavabdeh2 satmışdır. İddiaçı ilə Tagıyeva Raminanın bir-birlərini əvvəldən tanıdıqları, Cavabdeh2 ilə Tagıyeva Raminanın ailə münasibətlərinin pozulduğu, məhkəmənin icraatında nikahlarının pozulmasına dair mülki iş olduğu, onlar arasında əmlak mübahisəsinin mövcudluğunun istisna olunmadığı da işin mübahisəsiz hallarındandır. Məhkəmə iddiaçının 05.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi barədə 2021-ci ilin yay aylarında, yəni aralarında bağlanmış nikahın pozulması barədə cavabdehin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra xəbər tutması, onun həmin vaxtadək qeyd olunan alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərdar olmaması barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddaçının məhkəməyə bildirdiklərindən bu nəticəyə gəlmək olar ki, o, özünə məxsus daşınmaz əmlakın satılması məqsədilə 27.06.2018-ci il tarixdə verdiyi etibarnamə üzrə hüquqi hərəkətlərin nəticəsindən, yəni baş tutmuş alqı-satqıdan iki ildən artıq müddət keçdikdən sonra, yalnız təsadüf nəticəsində - cavabdehlər arasında yaranmış məhkəmə mübahisəsi ilə əlaqədar xəbər tutmuşdur, cavabdehlər ailə münasibətlərini davam etdirəcəkləri təqdirdə, başqa sözlə, aralarında məhkəmə mübahisəsi yaranmayacağı təqdirdə, iddiaçı hələ də ona məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən xəbərdar olmayacaqdı. Ona görə də, iddiaçının daşınmaz əmlaka dair müvafiq etibarnamə verdikdən sonra həmin daşınmaz əmlakla bağlı sonrakı proseslər barədə maraqlanmaması və ya həmin daşınmaz əmlakın başqasına satılmasından xəbər tutmaması inandırıcı görünmür. Cavabdeh Tagıyeva Raminanın sözügedən torpaq sahəsinin Cavabdeh2 adına keçirdiyini onunla əmlak mübahisəsi yarandıqdan sonra iddiaçıya bildirməsi barədə bildirdiklərinə məhkəmə hüquqi qiymət verərək qeyd edir ki, Cavabdeh2 ilə Tagıyeva Ramina arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə mübahisə yarandığından və qeyd olunan torpaq sahəsi onların birgə nikah dövründə əldə olunmuş əmlak kimi nəzərə alınaraq aralarında bölünməli olduğundan, həmin torpaq sahəsinin bölünməməsi məqsədilə cavabdeh Tagıyeva Raminanın məhkəməyə bu formada izahat verməsi real qəbul edilməlidir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, hazırkı iddianın cavabdehlər arasında məhkəmə mübahisəsi getdiyi dövrdə qaldırılması və iddiaçı ilə cavabdeh Tagiyeva Ramina arasında uzun illərdir davam edən yaxın ailəvi münasibətlərin mövcudluğu nəzərə alınarsa, hazırkı iddianın əmlak bölgüsü zamanı qeyd olunan daşınmaz əmlakdan ona pay çatmaması məqsədilə qaldırılması barədə Cavabdeh2 dəlili əsaslı hesab olunur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən 05.03.2019-cu il tarixli alqı-satqı 27.06.2018-ci il tarixli, 599253 saylı etibarnamə əsasında həyata keçirilmişdir ki, həmin etibarnamənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bundan başqa, həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması nəzərə alınarsa, Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iş üzrə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cu maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6057/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6057/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver