Məhkəmə qərarları › İş №2(008)-6174/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6174/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6174/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2024-cü ildən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək 235 manat məbləğində alimentin cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2024-cü ildən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək 235 manat məbləğində alimentin və həmin uşağın 3 yaşınadək aliment məbləğindən əlavə 200 manat məbləğin cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə verərək, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə məhkəmənin icraatına götürülmüşdür. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətində olmuş və xx.xx.2022-ci ildə onların X7 adlı uşağı doğulmuşdur. Hal-hazırda rəsmi işi və stabil gəliri yoxdur. Uşağın saxlanması üçün maddi yardıma ehtiyacı var. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, əmək haqqısı azdır, birinci nikahdan olan X2 üçün ondan hər ay 195 manat məbləğində aliment tutulur, bununla yanaşı, başqa bir şəxsə 6900 manat məbləğində borcu var, bu səbəbdən aliment ödəyə bilməyəcək. Həmçinin, o, üçüncü qrup əlildir. Bundan başqa, o, iddiaçı ilə nikah bağlamadan bir yerdə yaşamış, iddiaçının xx.xx.2022-ci ildə X8 adlı övladı doğulmuş və o, həmin uşağın atası olmasını yazılı şəkildə etiraf etdiyinə görə uşağın doğum haqqında şəhadətnaməsində uşağın atası kimi onun adı yazılmışdır. Lakin daha sonra onda uşağın atası olub-olmaması ilə bağlı şübhə yaranmışdır və o, atalığı mübahisələndirmək üçün məhkəməyə müraciət etmək fikrindədir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, tərəflərin nikahı yoxdur. İddiaçı xx.xx.2022-ci ildə X8 adlı uşağı doğulmuş, xx.xx.2023-cü ildə isə Cavabdeh həmin uşağın atası hesab edilmiş və uşağa yeni doğum haqqında şəhadətnamə verilərək adı "X7", ata adı isə "Cavabdeh" göstərilmişdir. İşdə olan AZ-İ seriyalı 449285 nömrəli "Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə"dən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmiş və bu barədə atalığın müyyəen edilməsi haqqında akt qeydləri kitabında 02 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan AZ-İV seriyalı 829002 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2022-ci ildə doğulmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2024cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, iddiaçı cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə aliment ödəyə biləcəyini bildirmişdir. "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh əmək müqaviləsi üzrə "xxxx" MMC-də "anbardar" vəzifəsində işləyir, 659 manat məbləğində əmək haqqı alır. Məhkəmə həm tərəflərin maddi vəziyyətini, həm uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdehin icra sənədləri üzrə başqa şəxsə aliment, yaxud borc ödəməsi onun öz uşağının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, cavabdehdə onun uşağın bioloji atası olmasına şübhələrin yaranması da aliment ödəməkdən azad edə bilməz. Belə ki, xx.xx.2022-ci il təvəllüdlü X3 atasının məhz Cavabdeh olması qüvvədə olan müvafiq doğum haqqında akt qeydi ilə təsdiq olunur. İddia tələbinin alimentin xx.xx.2024-cü ildən hesablanması barədə hissəsini isə məhkəmə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Müəyyən edildi ki, İddiaçı xx.xx.2024-cü ildə Cavabdeh qarşı "xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək 235 manat məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına qədər aliment məbləğindən əlavə 200 manat məbləğin cavabdehdən tutulması" barədə iddia ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyinə, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmədiyinə, eyni zamanda, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə uyğun olaraq, məhkəmənin 2(008)-5002/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbir görsə də, cavabdehin aliment verməkdən boyun qaçırması müəyyən olunmur. Ona görə də, cavabdehdən aliment xx.xx.2024-cü il tarixdən deyil, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, tələb edilən alimentin bir illik miqdarı (235 manat x 12 ay) 2820 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 1820 manat : 100 x 1%) 48,2 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia tələbinin qiymətləndirilən hissəsi təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü ildən başlamaqla hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 48,2 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X13.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar