Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-627/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızına qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızına qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı "xxxx" ASC ilə cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızı arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 1, blok 1, 157 saylı (təzə nömrəsi 184) mənzilin alqı-satqısına dair bağlanmış 14 iyun 2012-ci il tarixli, 15808 saylı müqavilənin və bu Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 27 aprel 2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 1, blok 1, 157 saylı (təzə nömrəsi 184) mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, cavabdeh Allahverdiyeva (Ağabalayeva) (Ağabalayeva) Lamiə Malik qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə cavabdeh Allahverdiyev (Ağabalayeva ) Lamiə Malik qızı (bundan sonra “Cavabdeh”) arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 1, blok 1, 157 saylı (təzə nömrəsi 184) 1 otaqdan ibarət ümumi sahəsi 67.20 kv/m olan mənzilin (bundan sonra - Mənzil) alqı-satqısına dair 14 iyun 2012ci il tarixli, 15808 saylı müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 66170.70 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 120 ay müddətində hər ay 495,98 manat olmaqla hər ayın 14-də ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı adıçəkilən müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin, müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmuş, o mənzilə görə ödənişləri vaxtı-vaxtında etməmişdir. Aparılmış danışıqlardan sonra iddiaçı ilə cavabdeh arasında müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 27 aprel 2016-cı il tarixli əlavə razılaşma bağlanmışdır. Lakin cavabdeh əlavə razılaşma üzrə öhdəliklərini də pozmuşdur. Cavabdeh 44 aydan artıq müddətdir ki, aylıq ödənişləri etmir. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal iddiaçıya Müqavilənin 3.1.1.3. və 3.1.1.7.-ci bəndlərinə və Əlavə razılaşmanın 7-ci bəndinə əsasən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaytada ləğv etmək hüququ verir. Əlavə razılaşmanın 7-ci bəndinə əsasən alıcı razılaşır və qəbul edir ki, bu Razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, bu Razılaşma Satıcı tərəfindən Alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil Satıcıya geri qaytarılmalıdır, təhvil verilməlidir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən Alıcı bu Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu Müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, Satıcının Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.1.1.7-ci bəndinə əsasən Alıcı bu Müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 təqvim günü ərzində ödəniş etmədikdə, yazılı xəbərdar edildikdən sonra, Satıcının bu Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Cavabdeh tərəfindən Müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması Müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı Müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 15808 nömrəli mənzilin alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən 1 saylı binanın, 1 blok, 16 mərtəbə, 157 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 67.2 kv.m olan mənzili satıcı satmağı, alıcı isə 66170.7 manat məbləğində müəyyən olunan mənzil üçün hər ay 495.98 manat olmaqla, 120 ay müddətində mənzilin qiymətini ödəməyi öhdəsinə götürmüşdür. 15 sentyabr 2021-ci il tarixli, 03-01/741 nömrəli müqavilənin ləğv edilməsi barədə təklifdən görünür ki, cavabdeh öhdəsinə götürdüyü öhdəliklərini 3 gün müddətində icra etməzsə, müqavilənin ləğvi, mənzilin boşaldılması və korporasiyaya təhvil verilməsi, habelə çəkilmiş xərclərin ödənilməsi tələb ediləcəyi barədə məlumatlandırılmışdır. 052644, 052639 nömrəli qaimədən görünür ki, cavabdeh qapı bağlı olmaması, həmin evdə yaşamaması səsəbindən təklif məktublarını almamışdır. 03 iyun 2021-ci il tarixli, 05-01/423 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəsinə götürdüyü öhdəliklərini 3 gün müddətində icra etməzsə, müqavilənin ləğvi, mənzilin boşaldılması və korporasiyaya təhvil verilməsi, habelə çəkilmiş xərclərin ödənilməsi tələb ediləcəyi barədə məlumatlandırılmışdır. 27 aprel 2016-cı il tarixli, KP/AK/77-16-18 nömrəli 14 iyun 2012-ci il tarixli, 15808 nömrəli alqı-satqı müqaviləsinə əlavə və dəyişiklərin edilməsi haqqında əlavə razılaşmadan görünür ki, alıcı müqavilə üzrə bugünədək ödəmədiyi aylıq 4561.06 manat 969.94 manat əldən çıxmış faydanı satıcıya 51 ay müddətində hər ayın 14-də 108.45 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənişlər 14 may 2016-cı il tarixdən başlayır. "xxxx" ASC-nin 12 yanvar 2022-ci il tarixli, 03-01/23 nömrəli arayışından görünür ki, xx.xx.2012-ci il tarixində ünvan 1 ünvanında yerləşən bina 1, blok 1, mərtəbə 16, mənzil 157, 1 otaqdan ibarət ümumi sahəsi 67.20 kv.m olan mənzilin alınmasına dair 15808 saylı alqı-satqı müqaviləsi bağlanmış məznilin dəyəri tərəflərin razılığı ilə 66170.70 manat məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 495.98 manat olmaqla, 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı xx.xx.2022-ci il tarixinə qədər 57037.70 manat ödəniş məbləği ödəməli olduğu halda, 31520 manat aylıq ödəniş ödəmişdir. Alıcının 25517.70 manat qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı xx.xx.2018-ci il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Beləliklə məhkəmə araşdırması zaman müəyyəm olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısına və bu Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 27 aprel 2016-cı il tarixli əlavə razılaşma dair müqavilə bağlanmışdır. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyi tam şəkildə yerinə yetirsə də, cavabdeh alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən 66170.7 manat məbləğində müəyyən olunmuş mənzilin qiymətini hər ay 495.98 manat olmaqla, 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən heç bir ödəniş etməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra cavabdehin 25517.70 manat qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın alqısatqısına dair müqaviləni ləğvinə dair təklif cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, ünvanda heç kimin olmaması səbəbindən təklif məktubu geri qaytarılmışdır. Odur ki, məhkəmə yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəhliyinin icrası 4 ilə yaxın müddət keçməsinə baxmayarq öhdəliyini icra etməmiş bununla da müqavilə üzrə iddiaçı ona haqqı çatanlardan məhrum olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozduğundan iddiaçı isə alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etdiyindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızı arasında bağlanmış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən 1 saylı binanın, 1 blok, 16 mərtəbə, 157 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 67.2 kv.m olan mənzilin alqı-satqısına dair xx.xx.2012-ci il tarixli, 15808 nömrəli müqavilə və bu Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 27 aprel 2016-cı il tarixli əlavə razılaşmaləğv edilməli, həmin mənzilin cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızının hesabına boşaldılaraq “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə təhvil verilməlidir. Cavabdehə xx.xx.2012-ci il tarixli, 15808 nömrəli alqı-satqı müqaviləsi ləğv olunduqdan sonra cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızı tərəfindən ödənilmiş 31520 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin ayrıca iddia icraatı qaydasında iddiaçı "xxxx" ASC-nin üzərinə qoymaq hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızı arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 1, blok 1 157 saylı (təzə nömrə 184) mənzilin alqı-satqısına dair bağlanmış 14 iyun 2012-cı il tarixli, 15808 nömrəli müqavilə və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 27 aprel 2016-cı il tarixli əlavə razılaşma ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 1, blok 1 157 saylı (təzə nömrə 184) mənzil boşaldılsın və mənzil Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh Allahverdiyeva (Ağabalayeva) Lamiə Malik qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-627/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-627/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver