Məhkəmə qərarları › İş №2(008)-6331/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6331/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6331/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 250 manat sabit pul məbləğində alimentin və uşağa baxdığına görə hər ay 100 manat əlavə xərcin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahlarından əvvəl cavabdehlə qeyri-rəsmi ailə münasibətləri olmuşdur. Bu ailə münasibətindən xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Ailə quranda onların münasibətləri yaxşı olmuş, sonradan isə münasibətləri kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmiş, bu da ailənin dağılmasına səbəb olmuşdur. Ailənin bərpa edilməsi mümkün deyildir. Cavabdeh ailənin saxlanılması üçün heç bir müsbət davranış göstərmir. Uşaq ananın himayəsindədir və ata uşaqla maraqlanmır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 1921 nömrə ilə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Kamalov, arvada Cəfərova soyadı verilmişdir. - 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 135254 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhərində anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. - 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş, atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 atası hesab edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2020-cu il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin sabit gəliri olması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, məhkəməyə müraciət olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda iddiaçının uşaq 3 yaşına çatanadək əlavə yardım kimi cavabdehdən 100 manat pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən məhkəmə qaydasında aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 100 manat məbləğində əlavə aliment tələb etsə də, sonuncunun aylıq yüksək və əlavə gəlirə malik olması, hər ay həmin aliment məbləğini ödəmək iqtidarında olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyindən xx.xx.2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh 50 manat sabit pul məbləğində alimentin tutulması ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X1 3 yaşına çatanədək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar