Məhkəmə qərarları › İş №2(008)-634/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-634/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-634/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 ilə bağlı onun aliment öhdəliklərinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilməklə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2011-ci il tarixdə Riad adlı oğlan uşaqları anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)- 5469/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, uşağın ananın yanında saxlanması və ondan hər ay sabit pul məbləğində 108 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4486/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün ondan tutulmalı olan alimentin miqdarı artırılmaqla, hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması qət edilmişdir. Bildirir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə X12 ilə ailə qurmuş, nikahları 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 472 № ilə qeyd edilmişdir. Onların birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin əri olan ərizəçi X7 uşağın övladlığa verilməsi barədə ərizəsi təmin edilmiş, X8 ata qrafasında “Məmmədov”, ata adının “İlqar” qeyd olunması və yeni dəyişikliklə doğum haqqında şəhadətnamənin verilməsinin Sabunçu Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən, tələbin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iddiaçının (və ya nümayəndəsi və vəkilinin) iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini bildirmiş və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin mahiyyətinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və mhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)- 5469/2015 saylı qətnaməsinə əsasən, İddiaçı ilə cavabdeh X6 arasında xx.xx.2008-ci il tarixdə bağlanılmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8 anasının yanında saxlanması və onun yetklinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4486/2019 saylı qətnaməsinə əsasən, yuxarıda göstərilmiş qətnamə ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 2961/2022 saylı qətnaməsinə əsasən, xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 X7 övladlığına verilməsi, övladlığa götürmə qeydiyyat orqanı tərəfindən akt qeydləri kitabında qeyd edilərkən övladlığa götürülən X3 qrafasında «Məmmədov», ata adı «İlqar», ata adı qrafasında «X12» qeyd olunması, Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə aparılmış 548 №-li akt qeydində dəyişiklik əsasında yeni qeydlə doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(008)- 603/2022 saylı qərardadı ilə məhkəmənin həmin qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin rəisi Lətafət Hacıyevanın ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(103)- 376/2022 saylı qərardadına əsasən, qeyd olunan qərardaddan maraqlı şəxs Cavabdeh şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış nikah 2015-ci ildə pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X14 anası Cavabdeh himayəsinə verilmişdir. Uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4486/2019 saylı qətnaməsi ilə İddiaçı üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, X4 Riad Rizvan oğlunun övladlığa götürülməsi haqqında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qətnamə ilə ərizə təmin edilmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minərək icrası Sabunçu Rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. Lakin qeydiyyat şöbəsinin rəisi ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamə qanuni qüvvəsini almadan övladlığa götürən - X7 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, həmin şəxsin ölümünün xx.xx.2022-ci il tarixdə 1362 saylı akt qeydi ilə müvafiq qeydiyyat şöbəsində qeydə alındığını bildirərək, övladlığa götürmənin dövlət qeydiyyatının aparılmasının mümkün olub-olmaması barədə məhkəmədən izah verilməsi xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(008)- 603/2022 saylı qərardadına əsasən ərizə rədd edilmiş, həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(103)-376/2022 saylı qərardadı ilə təmin edilməmiş, məhkəmənin sözügedən qərardadı qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(103)-376/2022 saylı qərardadında göstərilmişdir ki, Ailə Məcəlləsinin 128-ci madəsinə əsasən, uşağı faktiki tərbiyə edən şəxs öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 2961/2022 saylı qətnaməsindən isə görünür ki, uşağı faktiki tərbiyə edən X2 X10 ailədə doğma uşaq kimi qəbul etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. X7 xx.xx.2022-ci il tarixdə vəfat etməsi qətnamənin icra edilməməsi üçün əsas deyil. Beləliklə, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2961/2022 saylı qətnaməsi, 8(008)-603/2022 saylı qərardadı, eləcə də, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-376/2022 saylı qərardadı qanuni qüvvəyə minmişdir və dövlətin adından çıxarılmış həmin qərarların icrası məcburidir (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2961/2022 saylı qətnaməsi, 8(008)-603/2022 saylı qərardadı və Bakı Apellyasiya Məhkəməsinin 8(103)-376/2022 saylı qərardadı məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Çünki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 X7 övladlığına verilməsi, övladlığa götürmə qeydiyyat orqanı tərəfindən akt qeydləri kitabında qeyd edilərkən övladlığa götürülən X3 qrafasında «Məmmədov», ata adı «İlqar», ata adı qrafasında «X12» qeyd olunmaqla Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə aparılmış 548 №-li akt qeydində dəyişiklik əsasında yeni qeydlə doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2961/2022 saylı qətnaməsi qanuni qüvvəyə minib qanunla müəyyən edilmiş qaydada icraya yönəldiyindən, İddiaçı aliment öhdəliyinə xitam verilməsi barədə hazırkı tələbi haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 113.2.2-ci maddəsinə əsasən, aliment ödənilən uşaq övladlığa götürüldükdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə işin həqiqi hallarını araşdırıb, iş üzrə sübutları tədqiq edib belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması barədə müəyyən edilmiş aliment öhdəliklərinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu və mediasiya prosesinin təşkili ilə əlaqədar 50 manat mediasiya xidmət haqqı olmaqla, cəmi 100 manat məhkəmə xərci ödənilmişdir. Məhkəmə, iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4486/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment öhdəliyinə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2961/2022 saylı qətnaməsinin qanuni qüvvə mindiyi - xx.xx.2022-ci il tarixdən xitam verilsin. İş üzrə cəmi 100 (bir yüz) manat məhkəmə xərci Cavabdeh aid edilməklə, ondan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar