Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-656/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü qızı X1 hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil, məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, tərəflər xx.xx.2000-ci il tarixdə qeyri-rəsmi nigaha daxil olmaqla ailə qurmuşlar və həmin nikahdan 3 uşaqları - xx.xx.2002-ci il təvəllüdlü Eltun Məmmədov, xx.xx.2003-cü il təvəllüdlü Elvin Məmmədov və xx.xx.2016-cı il təvəllüdlü Nur Məmmədova doğulmuşdur. İddiaçının cavabdehlə ailə olaraq ilk əvvəllər münasibəti normal olmuş, daha sonradan valideynlərinin müdaxiləsi nəticəsində ailə münasibətləri pozulmuşdur. Cavabdeh bir neçə dəfə anasının təkidi ilə səbəbsiz evi tərk etmişdir. Nəhayət, 10 illik ailə münasibətindən sonra cavabdeh azyaşlı uşaqlarını da götürərək valideynlərinə məxsus evə getmişdir. Dəfələrlə apardığı söhbətlər heç bir nəticə verməməmiş, ailənin qorunub saxlanılmasının mümkün olmadığını görüb ondan ayrılmışdır. Cavabdeh azyaşlı uşağı aparandan sonra son vaxtlara qədər ona hər zaman maddi dəstək göstərmiş, uşağı maraqlanmışdır. Lakin son vaxtlar cavabdeh və ailə üzvləri azyaşlı uşağının onunla görüşməyinə imkan verməmiş, bir valideyn olaraq azyaşlı uşağını ondan tam olaraq kənarlaşdırmışlar. Baxmayaraq ki, azyaşlı uşağı anadan çox ona bağlıdır. Bundan başqa, iki oğul övladını da bu illər ərzində özü böyüdüb boya-başa çatdırmışdır və hazırda tələbə olaraq ali təhsil alırlar, hər iki oğlan uşağı onun himayəsində olmaqla yanında qalırlar. Cavabdeh neçə müddətdir ki, uşağı ona göstərməkdən imtina edir. Cavabdeh uşağı ilə ünsiyyət qurmasına imkan vermir, bununla valideyn kimi iddiaçının hüquqlarını pozur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, nümayəndə məhkəməyə təqdim edilmiş rəylə razılaşmadığını, atanın övladı ilə həftənin 3 saatı görüş hüququnun müəyyən edilməsinin ədalətli olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh İddiaçı məhkəmədən xx.xx.2016-cı il təvəllüdlü azyaşlı qızının hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsini xahiş etmişdir. İddiaçı 2016-cı ildən bəri, yəni uşaq anadan olandan bir dəfə də olsun uşağına pul göndərməmişdir. Göndərmiş olsaydı, iddiasında onu da qeyd edər və əsaslı ya əsassız sübut kimi əlavə edərdi. Hazırkı vaxtadək cavabdeh azyaşlı övladının taleyi ilə maraqlanmır, bir ata kimi valideynlik borcunu yerinə yetirmir, birgə nikahdan anadan olmuş övladının böyüməsində, təhsil almasında iştirak etmir. Uşağını təkbaşına böyüdür və heç bir yerdən də müavinət almır. Sabunçu Rayon Məhkəməsi tərəfindən aliment tutulsa da, bu günkü tarixə qədər aliment ödənilməmişdir. İddiaçının həmin məhkəmədə bildirməsinə görə, guya övladı ilə maraqlanır, həmişə onun maddi qayğısına qalır, o isə iddiaçıya uşağı göstərməmiş və uşağı ölkədən çıxarmaq niyyətindədir. Halbuki, o əvvəllər həmişə uşağı atasına vermiş, ata da uşağı sadəcə aparıb ya nənəsinə, ya da qohumlarına verib özü tüfeyli həyat sürməyə davam etmişdir. Uşaq evə qayıdanda ona qarşı nifrət hissi ilə qayıdır, bu hal uşağın psixologiyasına olduqca mənfi təsir göstərir. Bu səbəbdən də o, uşağın iddiaçıda qalmasına etiraz etmişdir. İddiaçı həmişə onunla pis rəftar etmiş, anası isə ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Birgə yaşadıqları 15 il ərzində iddiaçıdan dəfələrlə rəsmi nikaha daxil olmalarını istəsə də, müxtəlif bəhanələrlə yayınmışdır. Digər iki övladı iddiaçının yanında qalır. İddiaçı uşaqlara elə tərbiyə verib ki, anlarına yaxın belə gəlmirlər, salam vermək istəmirlər, onu düşmən gözündə görürlər. Lakin o, həmişə ana kimi öz əziyyəti ilə uşaqlarını böyütmüşdür. İddiaçı dəfələrlə yaşadığı qadının uşağını onun uşaqları ilə birlikdə Türkiyəyə gəzməyə aparsa da, bu barədə sonradan məlumatı olmuşdur. Qızının atası ilə görüşməyinə etiraz etməmiş, bunu onun yaxın qohumları və digər iki övladı da təsdiq edə bilər. İddiaçının əsl niyyəti qızını da digər iki oğlu kimi əlindən alıb ona qarşı tərbiyə etməkdir. Buna görə, uşağın gecələr onunla qalmasını istəyir. Lakin cavabdeh qəyyumluq və himayəçilik komissiyasının məhkəməyə təqdim etdiyi rəylə razılaşaraq, uşağın gecələr iddiaçının yanında qalmaqla deyil, yalnız həftənin müəyyən günü və müəyyən saatlarında görüş hüququnun təmin edilərək, iddianın qismən təmin edilməsini məhkəmədən etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.1-ci maddəsinin tələbinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2812/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin qətnamədən o da müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 293330 seriya nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 atası hesab olunmuşdur. İş materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2812/2022 saylı qərardadı ilə hazırkı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 ilə həftədə bir dəfə, şənbə günü saat 13:00-dan 16:00-dək Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin inzibati binasında icra məmurunun nəzarəti ilə ünsiyyətdə olmaq hüququ təmin edilmşdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər uzun müddət birgə ailə kimi nikahlarını rəsmiləşdirmədən yaşamışlar və birgə ailə münasibətlərindən xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşlar. Sonradna tərəflərin münasibətləri pozulmuş və onlar faktiki ayrılmışlar, oğlan uşaqları yetkinlik yaşına çatmaqla atalarının yanında yaşayırlar, X6 isə anasının himayəsində qalır. Hazırda iddiaçı övladı ilə görüşə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəf isə qızının atası ilə görüşünə mane olmasa da, uşağın atası ilə rəydə göstərilən qaydada görüşməyinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.2 və 50.3-cü maddələrinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. İş materiallarında olan, məhkəmənin qərardadına əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 5-18/2-1/2732/2023 saylı rəydən görünür ki, komissiya İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 14:00dan 17:00-dək sərbəst şəkildə ünsiyyət vaxtının təyin edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1 və 60.2-ci maddələrinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 6-cı maddəsindən görünür ki, uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli 6/2011 №-li qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, uşağın mənafeyini, yaşını, həmçinin, inkişafına təsir göstərən digər amilləri, iddiaçıda uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirən hər hansı bir cəhətin aşkar olunmamasını, bütün bunlarla yanaşı, iddiaçının öz övladı barəsində cavabdehlə bərabər hüquq və vəzifələrə malik olmasını və uşaqlar ilə ünsiyyətdə olma imkanlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 12:00-dan 18:00dək sərbəst şəkildə görüş hüququ müəyyən edilməlidir. Eyni zamanda, qeyd olunur ki, məhkəmə tərəfindən valideynin (atanın) uşaqla ünsiyyət hüququnun təmin edilməsi məqsədi ilə müəyyən etdiyi görüş gününü tərəflərin (hər iki valideynin) razılığı əsasında dəyişdirilə bilər. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı övladı xx.xx.2016-cı il təvəllüdlü qızı X6 ilə hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək sərbəst şəkildə görüş hüququ müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-656/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-656/2023
02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver