Məhkəmə qərarları › İş №2(008)-6783/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6783/2025

11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6783/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki nikahdan doğulmuş azyaşlılar 20 fevral 2023-cü il təvəllüdlü X3, 25 iyul 2025-ci il təvəllüdlü X1 ananın yanında qalması, 20 fevral 2023-cü il təvəllüdlü X3 və 25 iyul 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə alimentin indeksasiya məqsədi üçün onun miqdarının müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,74 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə faktiki nikaha daxil olmuşlar. Faktiki nikahdan xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı iki övladı dünyaya gəlmişdir. Bu faktlar 4 saylı Bakı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2023-ci ilin may ayının 02-cı günündə 190№ ilə və 4 saylı Bakı “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2024-cü ilin avqust ayının 18-ci günündə 243№ ilə qeydə alınmışdır. Fakttiki ailə həyatının ilk illərində münasibətlərimi normal olsada, bir yerdə yaşamaqla birgə təsərrüfat aparsa da sonradan cavabdehin təqsiri üzündən münasibətləri korlanmışdır. Belə ki, xaraktercə tamam başqa-başqa insanlardır. O səbəbdən də ailənin və azyaşlıların saxlanması üçün cavabdeh ona maddi və mənəvi köməklik göstərmir. Cavabdehin faktiki ailəsinə və övladlarına biganə münasibəti onu yekunda alimentin tutulması ilə əlaqədar məhkəməyə müraciət etməyə vadar etdi. İddia ərizəsinə əlavə etdiyi Bakı 8 saylı Mediasıya Təşkilatı tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli, MŞB/8/2025-01 178 saylı “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan da görünür ki, mübahisənin barışıq yolu ilə həll edilməsi barədə etdiyi təklifə də cavabdeh razılaşmamış və mediasiya sesiyasında iştirak etməmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, faktiki nikahdan doğulmuş azyaşlı uşaqları 20 fevral 2023-cü il təvəllüdlü X2 və 25 iyul 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlarda nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin hər ay hər uşağa görə 0,61 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, bildirdi ki, faktiki nikah münasibətləri olub, bu münsibətdən iki uşağı doğulub, ataları tərəfindən uşaqlara könüllü olaraq atalıq verilmişdir. Uşaqları hazırda onun yanında qalır. Cavabdehin aylıq gəliri çoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iki uşaq da onun uşağıdır, uşaqlar hazırda anasının yanında qalır. Hər ay hər uşağa görə 250 manat alimentin ondan tutulmasına etiraz etmiş və iki uşaq üçün cəmi 350 manat ödəyə biləcəkdir. Hazırda dövlət qulluqçusudur. Aylıq əmək haqqısı 700 manatdır. Odur ki, əmək haqqının 50 faizi məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh məcburi köçkündür. - AZ-İV seriyalı 945301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - AZ-İ seriyalı 466151 nömərli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı doğlumuş X4 atası hesab olunmuşdur. - AZ-V seriyalı 044030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - AZ-İ seriyalı 476003 nömərli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı doğlumuş X6 atası hesab olunmuşdur. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01178 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50.60 manat dövlət rüsumu ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların bu faktiki münasibətindən xx.xx.2023-cü il tarixdə X7 və xx.xx.2024-cü il tarixdə X5 doğulmuşlar. Tərəflər ayrılmışlar, uşaq ananın himayəsindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, hər ay hər uşağa görə 0,61 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, alimentin məbləğini müəyyən edərkən uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edilənləri, qanunvericiliyin tələblərini, həmçinin, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarındakı mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli (246:400) həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçının aliment tələbi ilə bağlı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.3. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və cavabdeh məcburi köçkün olduğundan, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməli, İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Ödənilməli 49.52 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar