Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-69/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "X7 Fze Azərbaycan Respublikasındakı filialı"na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "əmək haqqı və məzuniyyət pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X7 Fze Azərbaycan Respublikasındakı filialı"na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "əmək haqqı və məzuniyyət pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin noyabr ayı üçün işlədiyi 10 günün əmək haqqını və almadığı məzuniyyət pulunun, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh arasında əmək müqaviləsi bağlayaraq xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi Sətəm üzrə mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.2020-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində yalnız bir dəfə məzuniyyət hüququndan istifadə etmişdir. 2020-ci ildə bir dəfə məzuniyyətdə olmuşdur. 2019-cu ilin məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxdığı vaxtdan onunla nə son haqq-hesab edilib, nə də işlədiyi 10 günün əmək haqqı ödənilmişdir. Bununla bağlı o, şikayət ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Şikayətinə cavab olaraq cavabdehlə bağlı xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin yuxarıda bütün göstərilənlərə baxmayaraq, bugünədək cavabdeh tərəfindən heç nə ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmənin təşəbbüsü ilə xx.xx.2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, işlədiyi 10 günə görə əmək haqqının 1/3-ni almalı idi, yəni 266 manat, 47 gün əmək məzuniyyətindən yalnız 10 gün istifadə edib, 1200 manat da məzuniyyət pulu ödənilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və onlarda olan bütün sənədləri məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 cavabdehlə bağlı xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək mütləq şəkildə ekspertiza təyin edilməli olduğunu bildirmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2020-ci illərdə "X7 Fze" Azərbaycan Respublikasındakı filialında Sətəm üzrə mütəxəssis vəzifəsində çalışmışdır. - xx.xx.2019-cu il tarixli S/5 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2019cu ildən Sətəm üzrə mütəxəssis vəzifəsinə 2 aylıq işə qəbul edilmişdir. - xx.xx.2019-cu il tarixli 41 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə "X7 Fze" Azərbaycan Respublikasındakı filialı arasında Sətəm üzrə mütəxəssis vəzifəsinə qəbul olunma barədə əmək müqaviləsi bağlanmışdır. - xx.xx.2020-ci il tarixli H/88 nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci ildən xx.xx.2019-cu il tarixli 41 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2021-ci il tarixli şikayətdən görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanlanmış məktubla pozulmuş hüquqlarının bərpası və son haqq-hesabın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, "X7 Fze" Azərbaycan Respublikasındakı filialının rəhbəri barəsində xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda son haqq-hesabın ödənilməsi ilə bağlı "X7 Fze" Azərbaycan Respublikasındakı filialına rəsmi məktub göndərilmişdir. - Sosial arayışdan görünür ki, İddiaçı "X7 Fze" Azərbaycan Respublikasındakı filialında Sətəm üzrə mütəxəssis vəzifəsində çalışarkən maaşı 770 manat olmuşdur. - xx.xx.2021-ci il tarixli "X7 Fze" Azərbaycan Respublikasındakı filialının rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək şirkətdə çalışdığı dövr üzrə tərəflərindən ona hesablanan ümumi əmək haqqının miqdarını cədvəl formasında ona təqdim edilməsini xahiş etmişdir. Həmin ərizənin "X7 Fze" Azərbaycan Respublikasındakı filialına çatdırılması barədə xx.xx.2021-ci il tarixli qəbzin surəti də iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin "d" bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 139-cu maddəsinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün hazırkı iş Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilsə də, cavabdeh "X7 Fze" Azərbaycan Respublikasındakı filialı tərəfindən lazımı sənədlər ekspertizaya təqdim olunmadığından ekspet rəyinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, dəfələrlə ekspertizanın keçirilməsindən imtina olunduğuna görə məhkəmə cavabdehdə çatışmayan sənədləri məhkəməyə təqim etməyi təklif etmişdir. Lakin, cavabdeh onlarda olan bütün sənədləri məhkəməyə təqdim etdiklərini bildirdiyinə görə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında son haqq hesab aparılmamışdır. Çünki əgər iddiaçının tələbi əsassız olsaydı cavabdeh qismində iştirak edən "X7 Fze" Azərbaycan Respublikasındakı filialı sənədləri ekspertizaya təqdim etməkdə tərəddüd etməzdi. Elə bu əsasla da məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, iddiaçının aylıq əmək haqqı 800 manat təşkil etdiyi halda, 2020-ci ilin noyabr ayının işlədiyi 10 gün üçün ödənilməmiş məbləğ 266 manat təşkil etməli idi. 2019-cu ilin 47 gün əmək məzuniyyətindən istifadə edilməyən 37 gün əmək məzuniyyətinə görə isə 1200 manat məzuniyyət pulu, cəmi 1466 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etsə də, ödəməni təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, iddia tələbi tam təmin edildiyindən dövlət nəfinə dövlət rüsumu cavabdeh tərəfindən ödənilməlidir. İddianın qiyməti 1466 manat təşkil etdiyindən dövlət rüsumunun məbləği 76,60 manatdır, ona görə həmin məbləğ "X7 Fze" Azərbaycan Respublikasındakı filialı dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 2020-ci ilin noyabr ayının işlədiyi 10 gün üçün ödənilməmiş 266 manat, 2019-cu ilin 47 gün əmək məzuniyyətindən istifadə etmədiyi 37 gün əmək məzuniyyətinə görə 1200 manat məzuniyyət pulu, cəmi 1466 (min dörd yüz altmış altı) manat məbləğində pul cavabdeh "X7 Fze Azərbaycan Respublikasındakı filialı"ndan alınaraq iddiaçıya ödənilsin. 76,60 manat məbləğində dövlət rüsumu "X7 Fze Azərbaycan Respublikasındakı filialı"ndan alınaraq dövlət nəfinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-69/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-69/2024
19.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver