Məhkəmə qərarları › İş №2(008)-6981/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6981/2025

12.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6981/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərcdə iştirak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı əlavə xərcdə iştirak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xx.xx.2008-ci il təvəllüdlü X1 təhsil aldığı müddətdə hər ay 400 manat məbləğində əlavə xərcin tutulması və Cavabdehdan mediasiya üçün ödənilmiş 50 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-ci ildə faktiki nikah münasibətlərini qeydə aldıraraq ailə qurmuşlar. xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(008)-2922/2010 saylı qətnaməsi ilə nikahı pozulmuş və xx.xx.2008-ci il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(008)5321/2012 saylı qətnaməsi ilə Cavabdeh oğlundan xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik çatanadək saxlanması üçün hər ay qazacının və başqa gəlirlərinin ½ hissəsində atliment tutulması qət edilmişdir. X3 orta məktəbi bitirərək Qərbi Kaspi universitetinin "Turizm Bələdçiliyi" fakültəsinə ödənişli əsaslarla əyani şöbə üzrə qəbul olmuşdur. İllik tədris haqqı 3900 azn təşkil edir. Həmin məbləğin 2000 manatı onun tərəfindən ödənilmişdir. Bundan əlavə olaraq əyani təhsil aldığı üçün hər gün universitetə getmək məcburiyyətindədir. Hazirda onun heç bir yerdə işləməməsi maddi cəhətdən uşağının təminatına təsir edir. Tərəflərin mövqeləri: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəməyə gəlməmişdir və iddiaçı onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: -Qərbi Kaspi Universiteti tərəfindən təqdim edilmiş 1242 nömrəi, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 həqiqətən də, 2025/2026-cı tədris ilində Qərbi Kaspi Universitetinin “Turizm bələdçiliyi” ixtisasının İ tədris ilinin (əyani şöbə üzrə) tələbə sıralarına qəbul olmuşdur. -AZ-İİ seriyalı, 170837 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci ildə doğulmuşdur və atası Cavabdeh, anası X2r. -AZ-İ seriyalı, 144654 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. - ********** nömrəli qəbzdən görünür ki, Qərbi Kaspi Universitetinə təhsil haqqı kimi 2000 manat İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı: “... Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. .... ... Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin birgə nikahından doğulan X3 ödənişli əsaslarla ali təhsil müəssisəsinə daxil olmuşdur və iddiaçı tərəfindən bu əsasla cavabdehin əlavə xərclərdə iştirakı ilə bağlı iddia qaldırılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə iddianın qanuni əsasının tapılmasından və işin məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki halları ilə qanuni əsasın dispozisiya şərtlərinin uyğunluğunun yoxlanılmasından ibarətdir. Əgər iddia tələbi üzrə qanuni əsas tapılmırsa və ya tapılmış qanuni əsas ilə işin faktiki halları arasında uyğunluq müəyyən edilmirsə, iddia tələbi rədd edilməlidir. İddianın qanuni əsasının tapılması üçün aşağıdakı suallarının cavabı müəyyənləşdirilməlidir. kim, kimdən, nəyi, hansı əsasla tələb edir? Hazırki iş üzrə İddiaçı Cavabdeh birgə nikahdan doğulan övladlarının ödənişli əsasla ali təhsil müəssisəsinə daxil olmasına görə əlavə xərclərdə iştiraka cəlb edilərək hər ay 400 manat məbləğində əlavə xərcin tutularaq ona verilməsini tələb etmişdir. Məhkəmə iddia tələbini və iş materiallarını araşdıraraq hesab edir ki, iddianın ehtimal olunan qanuni əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən valideynin əlavə xərclərdə iştirakın tənzinlənməsinin iki qaydası mövcuddur. Birincisi, tərəflərin razılaşması əsasında (saziş), ikincisi, belə razılaşma (saziş) olmadıqda, məhkəmə qaydasında. (AM 81.2-ə uyğun olaraq) Hazırki iş üzrə tərəflər arasında bununla bağlı razılaşma olmadığına görə əlavə xərclərin çəkilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunan maddə ilə Konstitusiya Məhkəməsi tərəfindən formalaşmış hüquqi mövqeyə əsasən Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir; Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Həmçinin qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Odur ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən görünür ki, iddianın ehtimal olunan qanuni əsası olan AM-nin 81-ci maddəsi uşağın ali təhsil almasına görə əlavə xərclərdə iştirakını özündə ehtiva etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddianın qanuni əsası kimi AM-nin 81-ci maddəsi çıxış edə bilməz və qeyd olunan iddia üzər başqa qanuni əsas aşkar edilməmişdir, yəni ki, iddia tələbi üzrə qanuni əsas tapılmamışdır Odur ki, məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqenin yekunu kimi qeyd edir ki, iddia tələbinin qanuni əsası olmamaqla, əsassızdır və rədd edilməlidir. Nəticə hissəsi: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehdan xx.xx.2008-ci il təvəllüdlü X1 təhsil aldığı müddətdə hər ay 400 manat məbləğində əlavə xərcin tutulması və Cavabdehdan mediasiya üçün ödənilmiş 50 manatın tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar