Məhkəmə qərarları › İş №2(008)-7100/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7100/2025

17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7100/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay minimum əmək haqqının 0,68 faizi miqdarında sabit pul məbləğində aliment pulunun tutulması, X4 3 yaşına çatana kimi 100 manat müavinət pulunun tutulması və ilkin Mediasiya Sessiyasına ödədiyi 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 yanvar 2024-cü il tarixdə 5 saylı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikah bağlayaraq evlənmişlər. Birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Hazırda uşağı X7 onun himayəsindədir. Cavabdeh uşağın saxlanılmasından ötrü heç bir maddi yardım göstərmir. Aliment tələbi ilə bağlı Bakı 8 saylı Mediasıya Təşkilatına müraciət etmişdir, lakin cavabdeh Mehtiyev X1 iştirak etməkdən imtina etmişdir. Uşağı azyaşlıdır və 1 yaşı var. Lakin cavabdeh valideyn kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Uşağın saxlanılması onun üzərindədir. Odur ki, hesab edir ki, məhkəmə azyaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aliment və uşaq 3 yaşına çatana kimi əlavə müavinət təyin edə bilər. Cavabdehin gəliri qeyri-sabitdir və aliment sabit məbləğdə tutulmalıdır. Məhkəmə iclasında iştirak İddiaçı uşaqların saxlanması üçün aliment tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş edərək uşağın saxlanılması üçün cavabdehdən aylıq minimum əmək haqqının 0.68 misli miqdarında aliment və X4 3 yaşına çatana kimi 100 manat müavinət pulunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək aliment ödəməyə və əlavə 100 manat ödəməyə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN Xİdmət” X6 AZ-İİ seriyalı, 606342 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 Cavabdeh xx.xx.2024-cü il tarixli, 78 saylı akt ilə nikaha daxil olmuşlar. Arvada Mehtiyeva soyadı verilmişdir. İş materiallarında olan 5 saylı “Bakı Asan” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı 053151 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X4, anası İddiaçı, atası Cavabdehdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/8/2025-02145 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci il üçün minimum əmək haqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin rəsmi nikahlarından bir övladı vardır. Tərəflər arasında bağlanmış nikah pozulmasada tərflər faktiki ayrı yaşayış və uşağ ananın himayəsindədir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək uşağ üçün aliment ödəməyə etiraz etməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin cavabdehdən uşağın 3 yaşınadək qulluğuna görə ana üçün hər ay 100 (yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddia tələbi bu hissədə dəqəbul etməsini nəzərə alaraq iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. İddiaçı eyni zamanda mediasiya üçün ödədiyi 60 manat cavabdehdən tutularaq ona verilməsini istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 100 (yüz) manat sabit pul məbləğində pulun tutularaq İddiaçı ödənilsin. Mediasiya üçün ödənilmiş 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamənin alimentə dar hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar