Məhkəmə qərarları › İş №2(008)-7499/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7499/2025

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7499/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sabir qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 8(008)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulmalı olan hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq, hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 8(008)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 manat) 1,18 misli həddində (472 manat) indeksasiya olunması qərara alınmışdır. Sözügedən qərardadla razı deyil. Belə ki, bir uşağa real olmayan məbləğdə aliment təyin edilmişdir. Alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması onun maddi durumuna və ailə vəziyyətinə ciddi təsir edir. Bundan başqa, ikinci ailəsinin olduğunu nəzərə alaraq qərardadda göstərilən aliment məbləğinin tərəfindən ödənilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 499 manat əmək haqqı alır. 499 manat əmək haqqı ilə 472 manat aliment ödənilməsi mümkün deyil. Maaşın 50 faizi alimentin ödənilməsinə, 50 faizi isə borca tutulur. İddiaçı epilepsiya xəstəsidir, dərmanla yaşayır. Cavabdeh atasının uşağı ilə görüşməsinə şərait yaratmır. Digər tərəfdən, cavabdeh ikinci dəfə ailə qurmuşdur, uşağı saxlamaq valideyn olaraq onun da vəzifəsidir. Nümayəndə və vəkil göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2026-cı il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, əvvəllər dərzi işlədiyi işdən çıxıb axşamdan səhərə kimi restoranda qab yuyaraq uşağını saxlamışdır. Uşaq allergiya xəstəsi olduğundan, onun üçün xüsusi yeməklər hazırlayır. Uşağın məktəb və hazırlığına pul ödəyir. Hazırda Xırdalan şəhərində yaşayır. Heç yerdə işləmir. Uşağın atası ilə görüşməsinə heç bir maneə yaratmır, lakin uşaq özü atasını görmək istəmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-833/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadına əsasən, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(008)-738/2018 saylı qətnaməsi ilə cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 8(103)-549/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, borclu İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilməmişdir. - AZ-T №126075 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 valideynləri İddiaçı və X6r. - AZ-İİ №384396 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X4 xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - AZ-İV №665686 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X3 valideynləri İddiaçı və X5r. - ƏƏSMN-nin X1 Sistemi iş yerindən arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də sifariş sayım operatoru işləyir və əmək haqqı 499 manatdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MSB/3-2025-00569 nömrəli, xx/xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair, 10 manat poçt xidmətləri xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.41, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-cü il üçün minimum əməkhaqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilmişdir ki, bu da hazırda 472 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alimentin indeksasiyası onun artırılması deyil, əvvəl müəyyən edilmiş sabit pul məbləğinin real iqtisadi dəyərinin qorunmasına yönəlmiş mexanizmdir. Lakin alimentin məbləğinin dəyişdirilməsi barədə iddialara baxılarkən məhkəmə yalnız formal indeksasiya mexanizmi ilə kifayətlənməməli, tərəflərin hazırkı maddi və ailə vəziyyətində baş vermiş dəyişiklikləri də qiymətləndirməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-də sifariş sayım operatoru vəzifəsində çalışır, rəsmi aylıq əmək haqqı 499 manatdır. Həmçinin iddiaçı xx.xx.2020-ci il tarixdə yeni nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı övladı vardır. Əlavə gəlir mənbəyi və ya gəlir gətirən əmlakı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, 499 manat rəsmi gəliri olan şəxsdən 472 manat aliment tutulması onun aylıq gəlirinin böyük hissəsinin tutulmasına səbəb olur. Bu isə aliment öhdəliyinin icrasını faktiki olaraq qeyri-mümkün edir. Məhkəmə qeyd edir ki, aliment öhdəliyi valideynin konstitusion borcudur, lakin bu öhdəlik mütləq xarakter daşımır və mütənasiblik prinsipi çərçivəsində həyata keçirilməlidir. Aliment öhdəliyi aliment ödəyən şəxsin maddi imkanlarını tam aradan qaldıracaq səviyyədə müəyyən edilməməlidir. Azərbaycan Respublikasında 2026-cı il üçün uşaqlar üzrə yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Uşağın minimum təminat səviyyəsi həmin göstəricidən aşağı olmamalıdır. Məhkəmə hesab edir ki, 472 manat məbləğində aliment iddiaçının real gəliri ilə mütənasib deyil, lakin alimentin yaşayış minimumundan aşağı səviyyəyə endirilməsi də uşağın mənafeyinə zidd olardı. Məhkəmə tərəflərin maddi vəziyyəti, iddiaçının yeni ailəsinin və azyaşlı övladının mövcudluğu, əlavə gəlir mənbəyinin olmaması və uşağın minimum təminat hüququnu nəzərə alaraq belə nəticəyə gəlir ki, alimentin 260 manat məbləğində müəyyən edilməsi uşağın minimum təminat səviyyəsini qoruyur, iddiaçının maddi imkanları ilə mütənasiblik təşkil edir, icra baxımından real və davamlıdır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin indeksasiyası barədə xx.xx.2025-ci il tarixli qərardad tərəflərin maddi və ailə vəziyyətinin qiymətləndirilməsi əsasında deyil, qanunvericiliyin tələbinə uyğun olaraq əvvəl müəyyən edilmiş sabit pul məbləğinin minimum əmək haqqına uyğunlaşdırılması məqsədilə qəbul edilmişdir. Ona görə də, alimentin məbləğinin dəyişdirilməsi barədə iddiaya baxılarkən müqayisə meyarı alimentin ilkin müəyyən edildiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə tərəflərin hazırkı vəziyyəti arasındakı fərqdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2018-ci il tarixli qətnamədən sonra yeni nikaha daxil olmuş və həmin nikahdan azyaşlı övladı doğulmuşdur. Bu hallar onun ailə vəziyyətində əhəmiyyətli dəyişiklik təşkil edir və Ailə Məcəlləsinin 112-ci maddəsi mənasında alimentin məbləğinin yenidən qiymətləndirilməsi üçün hüquqi əsasdır. Belə olan halda məhkəmə iddiaçının ailə vəziyyətini, aylıq əmək haqqını, başqa gəlir mənbəyinin olmamasını nəzərə alaraq hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin 8(008)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılaraq, 2026-cı il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq, minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin 8(008)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləği azaldılmalı, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2016-cı il, 8-2 nömrəli Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 8(008)-833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləği azaldılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilmsəsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar