Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7549/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu ildə nikaha daxil olaraq ailə qurmuş, onların xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Hal-hazırda onun alimentə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. O, məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək bildirmişdir ki, onun heç bir yerdən gəliri yoxdur, məşğulluq idarəsində işsiz kimi qeydiyyatdadır, bu səbəbdən tələb olunan 470 manat alimenti ödəməyə gücü çatmır. Bundan başqa, o, yaşadığı mənzildən zorla çıxarılmışdır, boşanmaq və uşaqlarından ayrı qalmaq istəmir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2010-cu nikah bağlamış, onların xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İşdə olan AZ-İ seriyalı 513139 nömrəli "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2010-cu ildə nikah bağlamışlar. İşdə olan AZ-İİ seriyalı 504104 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2010-cu ildə doğulmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan AZ-İİ seriyalı 851423 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.2012-ci ildə doğulmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2024cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, iddiaçı cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə ərizə verərək bununla razı olmadığını və işsiz kimi qeydiyyatda olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda işsiz olması və qazancının olmaması onu uşaqlarının ölkədə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Odur ki, iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, tələb edilən alimentin bir illik miqdarı (470 manat x 12 ay) 5640 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 4640 manat : 100 x 1%) 76,40 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin ikinci cümləsində deyilir ki, mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdən görünür ki, 50 manat məbləğində mediasiya xərci xx.xx.2024-cü ildə iddiaçı tərəfindən Bakı 8 saylı Mediasiya təşkilatının hesabına ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və məhkəməyə bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Aliment xx.xx.2024-cü ildən tutulsun. Cavabdeh 76,40 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması ilə bağlı hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X8.
Məhkəmə qərarları › İş №2(008)-7549/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7549/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver