Məhkəmə qərarları › İş №2(008)-7571/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7571/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7571/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və 03 aprel 2012-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçının ünvanı Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən İddiaçı İsmayıllı rayonu, İsmayıllı şəhəri, B.Mirzəyev küçəsi, ev 1 ünvanında qeydiyyatda olduğu, cavabdehin ünvanı ünvan 2 göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən onun İsmayıllı rayonu, İsmayıllı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, X2 və X1 rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, ev 8, 7 saylı mənzildə yaşayırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, hesab edir ki, iddiaçının hazırda faktiki yaşadığı ünvan Abşeron rayonu olduğundan, eyni zamanda özünün və cavabdehin rəsmi qeydiyyat ünvanı İsmayıllı rayonu olduğundan iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı tələblə bağlı ərazi aidiyyəti üzrə Abşeron Şəhər Məhkəməsi və ya İsmayıllı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə Abşeron Şəhər Məhkəməsi və ya İsmayıllı Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar