Məhkəmə qərarları › İş №2(008)-762/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-762/2023

15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-762/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə faktiki nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Aralarında olan ər-arvad münasibətləri bir müddət normal olsa da, sonradan pozulmuşdur. Hal-hazırda onlar ayrı yaşayırlar və cavabdeh uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 doğma atası olmasının müəyyən edilməsi və yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. -5 saylı Bakı Asan Xidmət X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası X4, anası İddiaçıdır. - AR ƏƏSM Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlilliyə görə 330 manat Prezident təqaüdü alır. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsinə dair xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh ruhi-əsəb gərginliyi olan işlərdə işləyə bilməz. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 760/2021-MTBŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, mübahisəli atalıq ekspertizasına görə qan, ağız suyunun tədqiqinə əsasən, İddiaçı qrup göstəriciləri : 0 alfa beta (İ), Rezus- D/+/, ağız suyunun tədqiqinə görə “ifraz edənlər” kateqoriyasına, güman olunan ata Cavabdeh qrup göstəriciləri: B alfa, (İİİ), Rezus- D/+/, ağız suyunun tədqiqinə görə “ifraz edənlər” kateqoriyasina, uşaq X1 qrup göstəriciləri- B alfa, /İİİ/, Rezus-D /+/ ağız suyunun tədqiqinə görə “ifraz edənlər” kateqoriyasina aiddir. Tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X3 barəsində atalıq faktı inkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər 2019-cu ilin avqust ayında el adəti ilə toy edərək qeyri-rəsmi nikaha girmişlər. Tərəflər bir neçə ay sonra faktiki olaraq ayrılmışlar, həmin zaman iddiaçı artıq hamilə olmuşdur. O vaxtdan cavabdeh uşağı görməyib, uşağın böyüməsində nə maddi, nə də hər hansısa ayrı formada iştirak etməyib. Bu işin mübahisələndirilməyən halıdır. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilən hal uşağın atasının Cavabdeh olması, bu fakt öz təsdiqini tapdığı halda isə təyin olunacaq alimentin məbləğidir. Belə ki, cavabdeh bildirir ki, o, məhdud əmək qabiliyyətlidir və təyin olunacaq aliment ona təyin olunmuş 330 manat təqaüdün dörddə biri məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Qeyd edilən Məcəllənin 46.1 və 46.2-ci maddələrinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göstərilən Məcəllənin 47.1 və 47.2-ci maddələrinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə qeyrirəsmi nikah münasibətindən xx.xx.2020-ci il təvəllüdlü X1 doğulmasının iş üzrə təyin olunmuş məhkəmə tibbi-bioloji ekspertizasının rəyi ilə təsdiq olunması işin mötəbər sübutu kimi nəzərə alınaraq iddia təmin edilməli, Məmmədzadə Saudanın atasının Cavabdeh olması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valdieynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. Cavabdeh aliment təyin olunarkən onun tərəfindən məhkəməyə təqdim olunmuş tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi üzrə xx.xx.2021-ci il tarixli çıxarışı əsas gətirərək, alimentin məbləğinin ona təyin olunmuş 330 manat təqaüdün dörddə biri məbləğində tutulması barədə dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən alimentin uşaqlar üçün təyin olunmuş yaşayış minimunundan az təyin edilməsi üçün əsaslar müəyyən edilmədi. Belə ki, cavabdehə ruhi-əsəb gərginliyi olan işlərdə işləyə bilməməsi barədə arayış verilsə də, onun ümumilikdə əmək qabiliyyətli olmaması müəyyən olunmamışdır və bu o deməkdir ki, ruhi-əsəb gərginliyi olmayan işlərdə işləməsinə heç bir maneə yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 atası olması faktı müəyyən edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar