Məhkəmə qərarları › İş №2(008)-770/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-770/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-770/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X12, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5, onların nümayəndələri (vəkilləri) Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, ev 13-dən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının həmin evə köçürülməyi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, ev 13 “Şəxsi mülkiyyət hüququ Hə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə adi Pasport’a əsasən iddiçının nənəsi (atasının anası) Maili Xanım (Mailəxanım) Qürbət qızına məxsusdur. Həmin evin sahəsi 261 kv.metr və mərtəbə sayı ikidir. Maili Xanım (Mailəxanım) Qürbət qızı xx.xx.1964-cü il tarixdə vəfat etmişdir. Atası - X24 xx.xx.1976-cı il tarixdə, anası - X11 xx.xx.1993-cü il tarixdə vəfat etmişdilər. Atası doğulduğu gündən vəfat etdiyi günə kimi adıçəkilən evdə, anası X11 ilə birlikdə qeydiyyatda olmaqla yaşamışlar. Ailədə 10 uşaq olmuşdular, 9 qardaş və bir bacı. X5, X8, X9, X6, X7, X16, X18 və X13 iddiaçının qardaşlarıdır. X1 hal-hazırda həmin ünvanda yaşayır. İddiaçı da doğulduğum gündən həmin evdə qeydiyyatdadır və yaşamışdır. İddiaçı həmin evin birinci mərtəbəsində yerləşən 20 kv.m ölçülü bir otaqda qardaşı X13 ilə birlikdə yaşayırdı. Lakin sonuncu sağ qalan qardaşım - X13 2022-ci ilin iyun ayının 18-də vəfat etdikdən sonra digər qardaşı - X3 arvadı Cavabdeh1 və uşaqları - Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5 evin qapısını bağlayaraq iddiaçını evə buraxmırlar. Belə olan halda iddiaçı hesab edir ki, onun nənəsindən miras qalmış evdən istifadə hüquqları qanunsuz və əsassız olaraq cavabdehlər tərəfindən pozulur. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanda iddiaçı qeyd etdi ki, o, qardaşı Mübariz ilə həmin evin bir otağında yaşayırdı, onda evin açarı yox idi, qardaşı öləndən sonra cavabdehlər onu evə buraxmadılar. İddiaçı evlidir, ailəsi digər evdə yaşayır, o, ailəsi ilə də yaşamış, qardaşı ilə də. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, o, Mailəxanım Qürbət qızının vərəsəsi olmaqla mübahisəli evdə qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri (vəkilləri) Nümayəndə izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, eyni zamanda qeyd etmişdir ki, iddiaçı faktiki olaraq ailəsi ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli evdə olan qeydiyyatı uçot xarakterlidir, iddiaçının mərhum Mailəxanım Qürbət qızının vərəsəsi olması başqa mübahisənin predmetidir və hazırki mübahisənin həlli üçün əhəmiyyətli deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, ev 13 (sonradan – müğahisəli ev) özbaşına tikilidir, həmin evə dair Maili Xanım (Mailəxanım) Qürbət qızının adına texniki pasport tərtib edilmişdir. Mailəxanım Qürbət qızı xx.xx.1964-cü il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-2012 №-li arayış). Cavabdeh1 iddiaçının qardaşı X3 arvadı, digər cavabdehlər isə uşaqlarıdır. İddiaçının qardaşı, cavabdehlərin isə əri və atası X5 xx.xx.2011-ci il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/15-893 №-li arayış). İddiaçının digər qardaşı X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür (Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 280930 №-li ölüm haqqında şəhadətnamə). İddiaçı Əliyev X2 Qürbət qızının vərəsəsi kimi Bakı şəhəri 39 saylı Notariat Ofisinin notraiusu tərəfindən tanınmışdır (notariusun xx.xx.2022-ci il tarixli, 407 nömrəli məktubu). İddiaçının mövqeyinə görə o, qardaşı Əliyev Mübariz ölənə qədər onunla mübahisəli evdə yaşamışdır, onun ölümündən sonra cavabdehlər onu evə buraxmırlar. İddiaçı ailə üzvləri ilə birlikdə Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında mübahisəli evə qeydiyyata düşmüşdülər. İddiaçı, cavabdehlər və digər şəxslər mübahisəli evdə qeydiyyatdadılar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayış). İddiaçı adına Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 48 ünvanında (digər ünvan) ***- **-** saylı telefon nömrəsi xx.xx.2005-ci il tarixindən işləyir ("xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2022-ci il tarixli, 28 MXŞ 3/333 nömrəli məktubu). 15 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadə verərək qeyd etmişdir ki, o, iddiaçının bacısıdır, iddiaçı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, ev 13-də doğulduğu gündən mərhum qardaşı Mübarizin öldüyü günə qədər yaşamış, lakin sonuncunun ölümündən sonra cavabdehlər İmamverdini mübahisəli evə buraxmamışlar. Cavabdehlər özləri iki ildir ki, orada yaşamırlar, onların hazırki yaşayış yerləri barədə məlumatı yoxdur. Qardaşı İmamverdi hal-hazırda hərdən onun, hərdən dostlarının evində qalır. 23 yanvar 2023-cü il tarixdə küçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X14 ifadə verərək qeyd etmişdir ki, o, tərəflərin qonşusudur. İmamverdi cavabdehlərin hazırda yaşadığı evdə əvvəllər yaşamışdır. Şahid əvvəllər mübahisəli evə gedib-gəlmiş, lakin iddiaçının ailəsi ilə birlikdə yaşadığı evdə olmamışdır. Onda olan məlumata görə, iddiaçı hal-hazıda Balaxanıda yerləşən başqa evdə ailəsi ilə birlikdə yaşayır. Həmin iclasda iştirak etmiş şahid X19 ifadəsində göstərmişdir ki, o, iddiaçının xalası oğlunun yoldaşıdır. İddiaçı həm mübahisəli evdə, həm də ailəsi ilə birlikdə yaşamış, lakin qardaşının ölümündən sonra cavabdehlər onu oraya buraxmamışlar Hal-hazırda mübahisəli ev boşdur, cavabdehlər orada pandemiya başlamamışdan əvvəl yaşamışlar. Həmin iclasda iştirak etmiş şahid X27 ifadəsində göstərmişdir ki, o, tərəflərin qonşusudur,eyni zamanda mübahisəli evin yaxınlığında yerləşən dükanda işləyir, doğulduğu gündən Balaxanıda yaşayır. İddiaçı orada ailə qurana qədər əvvəllər yaşamış, son 2-3 ildə İmamverdi orada yaşamamışdır. Cavabdehlər hal-hazırda qeydiyyatda olduqları ünvanda yaşamağa davam edirlər və onun işlədiyi dükana da tez-tez gəlirlər. Həmin iclasda iştirak etmiş şahid X23 ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşının oğludur. O, 2014-cü il tarixədək Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, ev 13-də yaşamışdır. İmamverdi mübahisəli ünvanda 1998-ci ildən, yəni ailə qurduqdan sonra yaşamamış, hazırda da ailəsi ilə birlikdə başqa evdə yaşayır. Cavabdehlər hazırda mübahisəli evdə yaşayırlar. Hazırda iddiaçı mübahisəli evdən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının həmin evə köçürülməyi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir. İddiaçının yaşayış sahəsində qeydiyyatda olması faktı mübahisəli evdə yaşamaq hüququ yaratmır. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, iddiaçının adına başqa ünvanda telefon nömrəsi mövcuddur, bu da məhkəmənin mövqeyinə görə, ona dəlalət edir ki, iddiaçının başqa yaşayış yeri var. İddiaçının başqa yaşayış yerinin olması şahid ifadələri ilə də sübuta yetirilir. Eyni zamanda İddiaçı mərhum Mailəxanım Qürbət qızının vərəsəsi olması mübahisəsizdir, lakin qeyd edilən faktın hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar