Məhkəmə qərarları › İş №2(008)-7718/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7718/2025

21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7718/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-512/2025 saylı Qərardadı ilə cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,18 misli həddində alimentin azaldılaraq, minimum əmək haqqının (400 manat) 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-512\2025 nömrəli qərardadı ilə razı deyildir. Qərardada əsasən, hər ay hər uşağa görə təyin olunmuş fantastik aliment məbləğinin onun tərəfindən ödənilməsi qeyri-mümkündür. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-512/2025 saylı Qərardadı ilə cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,18 misli həddində alimentin (hər ay bir uşaq üçün 472 (dörd yüz yetmiş iki) manat, ümumilikdə isə 944 (doqquz yüz qırx dörd) manat) təyin olunması qanunsuz və əsassızdır. Onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixdə o ikinci dəfə nikaha daxil olmuşdur və X3 ilə ailə həyatı qurmuşdur. İkinci evliliyindən iki əkiz övladları xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Beləliklə, onun baxmalı olduğu ikinci ailəsi və daha iki övladı vardır. Lakin Nərimanov rayon məhkəməsi bunları görməməzlikdən gəlmiş və fantastik məbləğdə aliment təyin etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, əmək haqqısının az olması və ailə vəziyyətində olan dəyişiklər səbəbindən aliment məbləğinin azadılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, alimentin ölkə üzrə müəyyən edilmiş minimum məbləğdə təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçını və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindənnəldə edilmiş məlumatdan görünür ki, İddiaçı sürücü vəziyyətində işləyir və əmək haqqısı 500 manatdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/3/2025-00601 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair 10 manat poçt xidmətləri xərci ödəmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-512/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-5457/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu İddiaçı tutulan 154 manat sabit alimentin məbləği qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,18 misli miqdarında indeksasiya edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2018-ci il üçün minimum əməkhaqqının 154 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-cü il üçün minimum əməkhaqqının 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 245 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 512/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tutulan alimentin məbləği sonrakı artımlar nəzərı alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5457/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilərkən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği 154 manat olduğundan, sözügedən qətnamə ilə tutulan alimenti məbləği əmək haqqına münasibətdə indeksasiyalaşdırılarkən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.18 misli miqdarında müəyyən edilmişdir. Lakin hazırki dövürdə minimum əmək haqqının məbləği 400 manat olduğundan və indeksasiya edilən məbləğ hər il müəyyən edilən minimum əmək haqqına uyğun hesablandığından iddiaçıdan tutulan alimentin məbləği hazırki tarix üçün iddiaçının həddən artıq çətin vəziyyətə salınmasına gətirib çıxarır. Belə olan halda məhkəmə iddiaçının ailə vəziyyyətini, himayəsində olan uşağların sayını, aylıq əmək haqqısını, başqa gəlir mənbəyinin olmamasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-512/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş məbləğ azaldılmalı, ərizənin verildiyi dövrdə uşağlar üçün müəyyən edilmiş yaşayış minimumuna münasibətdə hesablanmalıdır. Belə ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağların mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun ərizənin verildiyi 2025-ci il üzrə 246 manat olması nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-512/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5457/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 nömrəli Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-512/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan uşağların saxlanılması üçün indeksasiya edilmiş edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlansın. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar