Məhkəmə qərarları › İş №2(008)-8143/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8143/2025

16.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8143/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdeh İddiaçı oğluna qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 245 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh ilə arasında olan nikah Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-3069/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahdan doğulmuş X3 iddiaçının himayəsində saxlanılması göstərilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qəbul edilərkən məhkəmə iclasında iştirak etmədiyi üçün hakim alimentin tutulması məsələsinə toxunmamışdır. Halbuki cavabdehlə eyni evdə yaşasa da artıq uzun müddətdir ki ev təsərrüfatına heç bir kömək etmir. Hazırki dövrdə uşaq saxlamaq, onun bütün maddi ehtiyaclarını ödəmək üçün tək ananın maddi sıxıntısını başa düşmək o qədər də çətin deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəblərini göstərməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Mülki iş materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sabunçu Rayon Məhkəməsinin 2(008)-3069/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 624 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2005-ci il tarixli nikahın pozulması, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 cavabdeh İddiaçı himayəsində saxlanılması qərara alınmışdır. AZ-İİ seriyalı 200377 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun: 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cu maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “...Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. “ “ ...aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanunun: 1-ci maddəsinə görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında nikah pozulmuş və tərəflərin həmin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 Samirə Daşdəmir qızının himayəsindədir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi uşaqları saxlamaq və onun onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etmək hər iki valideynin vəzifəsidir və onlar bu vəzifələrinin icrası özlərinin bilavasitə iştirakı olmadıqda məhkəmə qətnaməsi müəyyən edilən aliment əsasında həyata keçirilir. Bu zaman alimentin miqdarı o həddə təyin edilməlidir ki, bu uşaqların əvvəlki təminat səviyyəsini maksimal saxlamağa imkan verməklə yanaşı, valideynin uşağı saxlamaq vəzifəsini də əhatə etməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı yuxarıda göstərilən Plenum qərarındakı mövqe və formalaşmış məhkəmə təcrübəsi baxımından uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu müəyyən mənada meyar kimi qəbul edilir, lakin tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsini və diqqətəlayiq digər halları nəzərdən keçirərək hesab edir ki, alimentin hər uşaq üçün hər ay 245 manat məbləğində təyin edilməsi uşaqların əvvəlki təminat səviyyəsinə uyğun olmaqla, valideynin uşaqlarını saxlamaq vəzifəsini tam əhatə edir. Eyni zamanda məhkəmə qeyd edir ki, aliment məhkəməyə müraciət olunduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunduğu xx.xx.2025-ci tarixdən xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 245 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənməlidir. Nəticə hissəsi: Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 245 manat məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar