Məhkəmə qərarları › İş №2(008)-8242/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8242/2025

04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8242/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)-1135/2025 nömrəli qərardadı ilə, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 1.3 misli həddində müəyyən edilmiş alimentin azaldılaraq hər ay minimum əmək haqqının 0.50 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə, xx.xx.2014-cü ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və birgə nikahdan olan X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 137 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli, 2(008)-764/2017 nömrəli Sabunçu Rayon Məhkəməsinin qətnaməsi üzrə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 8(008)-1135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-764/2017 nömrəli, qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,3 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 880 (səkkiz yüz səksən) manat təşkil edir. Ailə üzvləri ilə pasport qeydiyatında Quba rayonu, Gültəpə kəndində qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 1 ünvanında 400 manat kirayə haqqı ödəməklə yaşayırlar. Yeni nikaha girdiyini həmin nikahdan iki azyaşlı övladının olduğunu, yoldaşının hamilə olduğunu və heç bir yerdə işləmədiyini ailənin yeganə qazanc gətirən şəxsi özü olduğunu və 880 manat məbləğində əmək haqqından başqa hər hansı gəliri olmadığından, indeksasiya nəticəsində müəyyən edilmiş 520 manat alimenti ödəmək imkanına malik olmadığını bildirmişdir. İcra məmuru hər ayın sonunda onu icra şöbəsinə dəvət edərək aliment borcunun ödənilməsini tələb edir. Bu səbəbdən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aliment məbləğinin azaldılması tələbi ilə bağlı əvvəlcə 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mübahisə mediasiya qaydasında həll edilməmişdir. Bu səbəbdən mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2026-cı il tarixdə Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının alimentin azaldılması barədə iddia tələbinin təmin edilməməsini və uşağın saxlanması üçün hazırda qüvvədə olan alimentin saxlanılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, tərəflər ayrıldıqdan sonra uşağın bütün qayğısı, gündəlik ehtiyaclarının təmin olunması, tərbiyəsi, sağlamlığı, geyimi, qidalanması, təhsili və ümumilikdə həyat şəraiti tam şəkildə ananın üzərində qalmışdır. Uşaq hələ altı aylıq olarkən iddiaçı onun həyatından faktiki olaraq uzaqlaşmış və həmin vaxtdan bu günə qədər uşağı görməmiş, onun həyatı, inkişafı və ehtiyacları ilə maraqlanmamışdır. Uşağın xəstə olduğu gecələrdə, məktəbə hazırlıq mərhələsində, eləcə də, gündəlik ehtiyaclarının təmin edilməsində bütün məsuliyyət yalnız ananın üzərində olmuş və o, bu yükü illərdir təkbaşına daşıyır. Məhkəmənin əvvəlki qətnaməsinə əsasən iddiaçıdan uşağın saxlanılması üçün xx.xx.2016-cı il tarixdən etibarən hər ay 137 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin həmin məbləğ artıq illərdir ki, uşağın saxlanılması üçün kifayət etmir. Buna baxmayaraq, valideynlərinin maddi dəstəyini nəzərə alaraq uzun müddət iddiaçıya qarşı əlavə aliment tələbi irəli sürməmişdir. Sonradan cavabdehin atasının xəstəliyi ilə əlaqədar işləyə bilməməsi səbəbindən ailənin maddi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir.Mövcud iqtisadi şəraitdə həmin aliment məbləği uşağın minimum ehtiyaclarını belə qarşılamadığından alimentin indeksasiyası məsələsinə məhkəmə tərəfindən baxılmış və xx.xx.2025-ci il tarixdən etibarən alimentin minimum əmək haqqının 1,3 misli həddində tutulması müəyyən edilmişdir. Bu qərar uşağın real ehtiyacları nəzərə alınmaqla qəbul edilmiş qanuni məhkəmə aktıdır və onun məqsədi uşağın normal yaşayış şəraitinin təmin edilməsidir. İddiaçı alimentin azaldılmasını tələb edir. Halbuki uşağın ehtiyacları azalmır, əksinə hər il artır, qiymətlər yüksəlir və yaşayış xərcləri çoxalır. Belə bir şəraitdə alimentin azaldılması uşağın qidalanmasına, geyiminə, təhsilinə və sağlamlığına birbaşa mənfi təsir göstərə bilər. Aliment cavabdehin şəxsi gəliri deyil, uşağın yaşaması və normal inkişafı üçün zəruri olan minimum təminat vasitəsidir və onun azaldılması birbaşa olaraq uşağın rifahına mənfi təsir göstərəcəyini bildirmişdir. ll. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia tələbinin təmin edilməsini, iddiaçının vəziyyətini nəzərə alaraq onun maddi durumuna uyğun aliment məbləğinin müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, xx.xx.2025-ci il tarixdən etibarən, xx.xx.2015-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,3 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-ll seriyalı, 347818 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə, X9 xx.xx.2019-cu il tarixində 1584 nömrəli akt qeydi ilə nikah bağlamış, Ərə Məmmədov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan kirayə müqaviləsinə əsasən Məmmədova Hicran Əhməd qızı ilə, İddiaçı arasında aylıq 400 manat kirayə haqqı ödənilməsi şərtilə ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 15.99 kv.m olan mənzilin xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək kirayə verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-lV seriyalı, 635762 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixində doğulmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-lV seriyalı, 079598 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixində doğulmuşdur. Atası İddiaçı, anası X4r. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulduqdan sonra, İddiaçı xx.xx.2019-cu il tarixdə X9 adlı şəxslə nikaha girmiş və həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X8 övladı olmuşdur. Yəni, istinad olunan Qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı ailə vəziyyətində dəyişiklik olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının 2026-cı il üçün minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Hazırki iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-1135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-764/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin məbləği hər ay uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,3 misl həddində indeksasiya edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində xeyli dəyişikliklər olmuşdur. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnaməyə əsasən iddiaçının yenidən nikaha daxil olduğu, doğum haqqında şəhadətnamələrə əsasən isə həmin nikahdan iki övladının olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsi olsa da, tərəflərin də maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-764/2017 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə tutulması qərara alınmış və Sabunçu Rayon Məhkəməsinin 8(008)-1135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə minumum əmək haqqının 1,3 mislində indeksassiya edilmiş alimentin məbləği azaldılaraq, tutulacaq alimentin məbləği minumum əmək haqqının 0,70 misli məbləğində müəyyən edilməlidir. İddianın təmin olunmayan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən alimentin minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsi barədə tələb irəli sürülsə də, bu məbləğin müəyyən edilməsi uşağın maddi təminat səviyyəsinin qorunması baxımından məqsədəuyğun deyildir. Belə ki, Azərbaycan Respublikasında 2026-cı il üçün minimum əmək haqqı 400 manat təşkil edir. İddiaçının tələb etdiyi 0,50 misli 200 manat məbləğinə bərabər olur. Halbuki “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Bu səbəbdən alimentin 0,50 misli həddində müəyyən edilməsi uşağın yaşayış minimumundan az maddi təminat almasına səbəb olardı ki, bu da uşağın mənafelərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-764/2017 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə tutulması qərara alınmış və Sabunçu Rayon Məhkəməsinin 8(008)-1135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə minimum əmək haqqının 1,3 mislində indeksassiya edilmiş alimentin məbləği azaldılsın. Tutulacaq alimentin məbləği minimum əmək haqqının 0,70 misli məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmağa başlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar