Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-850/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Vagif oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Vagif oğluna qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Vagif oğluna qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 19.09.2019-cu il tarixdə doğulmuş X2 və 19.09.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat, uşaqlar 3 yaşına çatanadək saxlanılmaları üçün əlavə xərclərə görə bir uşağa ayda 50 manat olmaqla, ümumilikdə 100 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, o, cavabdehlə faktiki ər-arvad münasibətlərində olmuşdur. Onları iki uşağı doğulmuşdur: 19.09.2019-cu il təvəllüdlü X7, 19.09.2019-cu il təvəllüdlü X8. Sonradan cavabdeh heç bir səbəb olmadan onları tərk edib getmişdir. Uşaqlar ikisi də azyaşlıdılar və müəyyən xəstəlikləri vardır. İddiaçının təkbaşına uşaqları həm müalicə etdirməyə, həm də saxlamağa maddi imkanı yoxdur. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə birgə münasibətlərindən olan X7 və X8 doğulduğu gündən hər iki uşağın maddi ehtiyacını gücü çatan qədər ödəmişdir. Hal-hazırda heç bir yerdə işləmir, ailəlidir, iki uşağı var, İ qrup əlil qardaşı da onunla yaşayır və ona da o, baxır. Odur ki, iddianın qismən təmin edilməklə 19.09.2019-cu il tarixdə doğulmuş X2 və 19.09.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentin ondan tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə icclasında iştirak edən Cavabdeh Vagif oğlu etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, rəsmi nikahdan digər iki uşağı var, onlar bu uşaqlardan böyükdülər, maddi durumu imkan vermir hər uşağa 193 manat aliment ödəməyə. Hər uşağa 100 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Cavabdeh Vagif oğlu ilə rəsmi nikah bağlamamışdılar. Onların iki ekiz uşaqları doğulmuşdur: 19.09.2019-cu il tarixdə X7; 19.09.2019-cu il tarixdə X8 (atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələr). Hazırda iddiaçı iki uşağın saxlanması üçün alimentin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə 10.11.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. 31.12.2020-ci il tarixdə qəbul edilmiş və 01.01.2021-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. 23.12.2021-ci il tarixdə qəbul edilmiş və 01.01.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, 19.09.2019-cu il təvəllüdlü X4 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Vagif oğlundan 10.11.2021-ci il tarixdən başlayaraq 01.01.2022-ci il tarixədək hər ay hər uşağa görə 175 manat, 01.01.2022-ci il tarixdən isə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia alimentlə bağlı qalan hissədə rədd edilməlidir. Eyni zamanda iddiaçı əlavə xərcə olaraq hər uşağa 50 manat tutulmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər, həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, hər uşağa 25 manat əlavə xərcin tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. 19.09.2019-cu il təvəllüdlü X2 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Vagif oğlundan 10.11.2021-ci il tarixdən başlayaraq 01.01.2022-ci il tarixədək hər ay hər uşağa görə 175 manat, 01.01.2022-ci il tarixdən isə 193 manat sabit pul məbləğində aliment, uşaqlar 3 yaşına çatanadək saxlanılmaları üçün əlavə xərclərə görə bir uşağa ayda 25 manat olmaqla, ümumilikdə 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-850/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-850/2022
03.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver