Məhkəmə qərarları › İş №2(008)-857/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-857/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-857/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İsmayılov Cəfər Həsən oğlunun nümayəndəsi və vəkili Yadigarov Vüsal Alxan oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Xəlilov Valeh Əli oğlunun iştirakı ilə, İddiaçı İsmayılov Cəfər Həsən oğlunun cavabdehlər LPO "xxxx" ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Əliyev Rəhim Nəsib oğluna və İsmayılova Könül Nuru qızına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov Cəfər Həsən oğlu cavabdehlər LPO "xxxx" ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Əliyev Rəhim Nəsib oğluna və İsmayılova Könül Nuru qızına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılova Könül Nuru qızı və"xxxx" ASC-nin (Ləğv prosesində olan “AG arasında bağlanmış 22 aprel 2008-ci il tarixli, 1-3779 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə və cavabdeh Əliyev Rəhim Nəsib oğlundan 10000 (on min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, İsmayılov Cəfər Həsən oğlu 27 yanvar 1993-cü il tarixdə cavabdeh İsmayılova Könül Nuru qızı ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzilini əldə etmişlər. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı İsmayılova Könül Nuru qızı birgə nikah dövründə əldə etdiyi mənzili onun razılığı olmadan ipoteka ilə yüklü edərək "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ) xeyrinə banka girov qoymuşdur. Daha sonra həmin kredit borcu ilə bağlı məhkəmə prosesləri olmuş və borca görə həmin əmlak Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində satılmış və əmlak tələbkar Əmanətləin Sığortalanması Fonduna təklif edilərək onun tərəfindən alınmışdır. Cavabdeh Əliyev Rəhim Nəsib oğlu kredit müqaviləsi üzrə tərəf olsa da, öz ipotekada olan əmlakını müxtəlif vasitə ilə ipoteka predmetinə yönəldilmədən yayındırmış və ona ziyan vurmuşdur. Keçirilmiş hərraclar zamanı onun iştirakı təmin edilməli, əmlakın yarı payı ona aiddir, həmin əmlaklar həyat yoldaşının borcuna görə o da payından məhrum ola bilmər, onun bu borclardan xəbəri olmayıb, ipotekaya qoyulanda onun razılığı alınmayıb və əmlak satılanda digər mülkiyyətçi kimi ona əmlak təklif edilməyib. Eyni zamanda ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir. Bundan başqa qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən həmin mənzilin ½ hissəsi ona məxsusdur. Könül İsmayılova ipoteka ilə yüklü edilməyə, ancaq öz payına nisbətdə razılıq verə bilərdi. Yaxud ipoteka müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Bundan başqa ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kreditin şərtləri (kreditin müddəti, illik faiz dərəcəsi) göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılov Cəfər Həsən oğlunun nümayəndəsi və vəkili Yadigarov Vüsal Alxan oğlu iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi Xəlilov Valeh Əli oğlu iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin Vİ-ЖГ seriyalı, 333873 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Cəfər Həsən oğlu ilə Qasımova Könül Nuru qızı arasında 27 yanvar 1993-cü il tarixdə, 134 nömrəsi ilə nikah akt qeydi bağlanmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2010 nömrəli, 26 noyabr 2010-cu il tarixli qətnamənin surətindən görünür ki, "xxxx" ASC-nin Hafiz Xalqverdi oğlu Ələkbərova, Könül Nuru qızı İsmayılovaya və Rəhim Nəsib oğlu Əliyevə qarşı ipoteka qoyulmuş əmlakın satılmasına dair iddia tələbi təmin edilərək Hafiz Xalqverdi oğlu Ələkbərovdan K-4111 nömrəli kredit müqaviləsi 302.600 ABŞ dollar məbləğində əsas borc, 73.911 ABŞ dollar məbləğində faiz borcu, cəmi 376.511 ABŞ dollar məbləğində borc, K-4112 nömrəli kredit müqaviləsi üzrə 525.200 ABŞ dollar məbləğində əsas borc, 170.016 ABŞ dollar məbləğində faiz borcu, cəmi 695.216 ABŞ dollar məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi, tutma Könül Nuru qızı İsmaylovanın mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 nömrəli evin 3-cü mənzilə və Rəhim Nəsib oğlu Əliyevin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış yönəldilməsi, həmin mənzil və qeyriyaşayış sahəsi açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASC-nin tələblərindən artıq olduqda artıq məbləğ cavabdelərə qaytarılması, ipoteka qoyulmuş ev satıldıqdan sonra cavabdeh Könül Nuru qızı İsmayılova və Rəhim Nəsib oğlu Əliyev müvafiq olararaq bir ay ərzində evi və qeyri-yaşayış sahəsini tərk etmələri, cavabdehlər qeyd olunan müddət ərzində evi və qeyri-yaşayış sahəsini könüllü olaraq tərk etmədikdə onlar məcburi qaydada evdən və qeyri-yaşayış sahəsidən çıxarılmaları qərara alınmışdır. - 14 aprel 2009-cu il tarixli, K-4111 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Ələkbərov Hafiz Xalıqverdi oğlu arasında illik 21 faiz olmaqla 302650 (üç yüz iki min altı yüz əlli ) ABŞ dolları məbləğində kredit ayrılmışdır. - 22 aprel 2008-ci il tarixli, İ-3779 nömrəli "xxxx" ASC ilə borcalan Ələkbərov Hafiz Xalıqverdi oğlu, ipotekaya qoyan İsmayılova Könül Nuru qızı arasında bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, Kredit müqaviləsinin müddəti 24 ay müddətinə, i24 faiz dərəcəsi ilə 260.000 ABŞ dolları məbləğində müəyyən edilmiş K-3779 saylı 22.04.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İsmayılova Könül Nuru qızı öz mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzilini bankın xeyrinə ipotekaya qoyur, ona olan hüquq və maraqları ipoteka saxlayan verir. - İ-3779 nömrəli İpoteka müqaviləsinə əlavə olan 14.04.2009-cu il tarixli Azəriqazbank” ASC ilə borcalan Ələkbərov Hafiz Xalıqverdi oğlu, ipotekaya qoyan İsmayılova Könül Nuru qızı arasında bağlanmış ipoteka müqaviləsinə əlavə olan razılıqdan görünür ki, 14 aprel 2009-cu il tarixli, K-4111 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan əmlakı ipoteka qoyur, ona olan hüquq və maraqları ipoteka saxlayan verir. Kreditin məbləği 302.650 ABŞ dolları müəyyən edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1785/2012 nömrəli, 24 dekabr 2012-ci il qətnaməsi 18.02.2013-cü il tarixdə icraya yönəldilmişdir. İcra vərəqəsinin məzmunundan görünür ki, "xxxx" MMC-nin 29 dekabr 2011-ci il tarixli, 11-1083 saylı və 24 yanvar 2012-ci il tarixli 12-005 saylı “Əmlakın Qiymətləndirilməsi barədə hesabat”lar ləğv edilmiş, Yasamal Rayon Məhkəməsinin 26.11.2010-cu il tarixli, 2(004)-646/10saylı qətnamə əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri Əliyev Rəhim Nəsib oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 19 nömrəli ½ mərtəbəli qeyriyaşayış sahəsinin ilkin qiymətinin 3.200.000 manat olduğu əsas götürülməklə həyata keçirilməsi, Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2010-cu il tarixli, 2(004)-646/10 saylı qətnamə əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri İsmayılova Könül Nuru qızının mülkiyyətində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsində yerləşən 8 nömrəli mənzilin qiymətinin 350.000 manat olduğu əsas götürülməklə həyata keçirilməsi qərara alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 22 sentyabr 2021-ci il tarixli, 18- 148962 nömrəli məktubunun surətindən görünür ki, 22 sentyabr 2021-ci il tarixli icraatın dayandırılması barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2010 saylı, 26.11.2010-cu il icra sənədi üzrə icraat dayandırılmışdır. - İsmayılov Cəfər Həsən oğlu tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İsmayılov Cəfər Həsən oğlu "xxxx" ASC və Ələkbərov Hafiz Xalqverdi oğlu arasında bağlanmış 14.04.2009-cu il tarixli, K-4111 və 14.04.2009-cu il tarixli, K-1112 saylı kredit müqavilələrinin və onlara edilmiş və ediləcək bütün əlavələrin təminatını təşkil edən İsmayılova Könül Nuru qızı arasında 22.04.2008-ci il tarixli, İ-3779 saylı İpoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsində istifadədə olan 0.00992 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binada ünvanda İsmayılova Könül Nuru qızına məxsus olan 5 otaqlı,3 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermişdir. - İsmayılova Könül Nuru qızı tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İsmayılova Könül Nuru qızı "xxxx" ASC və Ələkbərov Hafiz Xalqverdi oğlu arasında bağlanmış 14.04.2009-cu il tarixli, K-4111 və 14.04.2009-cu il tarixli, K-1112 saylı kredit müqavilələrinin və onlara edilmiş və ediləcək bütün əlavələrin təminatını təşkil edən İsmayılova Könül Nuru qızı arasında 22.04.2008-ci il tarixli, İ-3779 saylı İpoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Neftçi küçəsində istifadədə olan 0.00992 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binada ünvanda İsmayılova Könül Nuru qızına məxsus olan 5 otaqlı,3 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermişdir. - Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin İsmayılova Könül Nuru qızına ünvanlanmış 11.09.2020-ci il tarixli, 041007 nömrəli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi,ev 8, 3 saylı mənzildə hərracın keçirilməsi 07.10.2020ci il tarixə, saat 11:00-a təyin edilmişdir. - Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin İsmayılova Könül Nuru qızına ünvanlanmış 17.10.2020-ci il tarixli, 041448 nömrəli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi,ev 8, 3 saylı mənzildə hərracın keçirilməsi 26.10.2020ci il tarixə, saat 11:00-a təyin edilmişdir. - Ləğv prosesində olan "xxxx" ASC-nin Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə ünvanlanmış **********083 nömrəli, 19 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi,ev 8, 3 saylı mənzil 26.10.2020-ci il tarixdə keçirilmiş hərrac nəticəsində Mövsümzadə Fəridə Əlniyaz qızının etibarnamə əsasında nümayəndəsi Kərimov Elnur Güloğlan oğluna satıldığından 7 təqvim günü ərizində alış qiymətinin ödənilməsi tələb edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 04 fevral 2021-ci il tarixli, 18- 155726/19-9 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi ,ev 8, 3 saylı mənzilin satış ilə bağlı Suraxanı Rayon İcra Şöbəsinin depozit hesabına heç bir ödəniş edilməmişdir. - "xxxx" MMC-nin 02.02.2021-ci il tarixli, 01/391 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - ƏİV seriyalı, 184137 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun surətindən görünür ki, "xxxx" MMC tərəfindən İsmayılova Könül Nuru qızına ünvanlanmış məktubu 15.02.2021-ci il tarixdə Aytəkin İsmayılova tərəfindən təhvil almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllənin 339.2. maddəsi). Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd etmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Hazırkı mülki işdə işin mübahisəsiz halı ondan ibarətdir ki, ipoteka müqaviləsini bağlanan zaman ipoteka predmenti olan daşınmaz əmlak yalnız cavabdeh Qasımova Könül Nuru qızının mülkiyyətində olmuşdur. İddiaçı ipoteka müqaviləsini bağlanan zaman ipoteka predmenti olan daşınmaz əmlak nikah dövründə əldə olduğunu irəli sürərək onunda payıda olduğu halda ipoteka müqaviləsi bağlanan zaman onun razılığı olmadığını, o cümlədən ümumiyyətlə onun xəbər olmadığını əsas gətirərək ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, iddiaçı həmin daşınmaz əmlakını yarı payının ona aid olduğunu irəli sürsə də, ipoteka müqaviləsi bağlanan zaman həmin əmlak ilə bağlı iddiaçının payının olmasını müəyyən edən hər hansı hüquqmüəyyənedici (çıxarış, payların müəyyən edilməsinə dair məhkəmə qətnaməsi) sənədlər mövcud olmamışdır. Bundan başqa iddiaçı qeyd edilən əmlakın ipotekaya qoyulması zamanı onun razılığının alınmadığını qeyd etsə də, cavabdeh AGBank ASC tərəfindən təqdim edilmiş İsmayılov Cəfər Həsən oğlu tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müəyyən edilir ki, iddiaçı müqavilə bağlanmasından məlumatı olmuşdur. Bundan başqa iddiaçı 22.04.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində kreditin əsasə şərtləri, müddəti, faiz dərəcəsi və məbləğinin qeyd edilməməsi iddia etsə də, iddiaçı tərəfindən təqdim edilmiş 22 aprel 2008-ci il tarixli, İ-3779 nömrəli ipoteka müqaviləsindən 1.2-ci bəndinində kredit müqaviləsinə dair məlumatlar əks olunmuşdur. Beləliklə, məlum olur ki, iddiaçının qeyd etdiyi hallar 22.04.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına əsas ola bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin digər hissədini əhatə edən cavabdeh Əliyev Rahib Nəsib oğlundan onun xeyrinə 1000 manat məbləğində pulun tutulmasına münasibət bildirərək qeyd edir ki, nə iddia ərizəsində nə də məhkəmə iclası zamanı iddiaçı qeyd edilən pul məbləğinin cavabdeh R,Əliyevdən hansı əsaslar əsasında tələb edilməsini əsaslandırılmamış, buna dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsmayılov Cəfər Həsən oğlunun cavabdehlər LPO "xxxx" ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Əliyev Rəhim Nəsib oğluna və İsmayılova Könül Nuru qızına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar