Məhkəmə qərarları › İş №2(008)-908/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-908/2025

21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-908/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdehin nümayəndəsi X3 və onun vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün əmək haqqının (digər qazanclarının) ¼ hissəsində aliment tutulması, eləcə də uşağın xəstəliyi ilə əlaqədar 2023-cü ildə sərf olunmuş 2000 manatın yarısını, yəni 1000 manatın alınıb ona verilməsi və gələcəkdə çəkiləcək xərclərə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci ildə təvəllüdlü X8 dünyaya gəlmişdir. Ailə qurarkən bir müddət münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri korlanmışdır. Belə ki, cavabdehlə onların xasiyyətləri bir-birinə uyğun gəlmir. Birgə təsərrüfat aparmırlar. Nikahları formal xarakter daşıyır. Uşaqlarında nevroloji xəstəlik olduğu üçün ona mütəmadi olaraq müalicə tələb olunur. Cavabdeh isə bu xərcləri ödəməkdən yayınır, buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında Nizami rayon Qeydiyyat Şöbəsində 1373 nömrəli qeydlə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci ildə təvəllüdlü X8 dünyaya gəlmişdir. Ailə qurarkən bir müddət münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri korlanmışdır. Nikahları formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi X3 və onun vəkili Vəkil2 ilk iddianı qismən qəbul etdiyini, aliment hissəsində qəbul etdiklərini, lakin xərclər hissəsində qəbul etmədiklərini bildirmişdir. -İş materiallarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfində verilmiş AZ-İ seriyalı 626975 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış və 1373 nömrə ilə qeyd edilmişdir; nikah bağlandıqdan sonra ərə Kərimov arvada Kərimova soyadı verilmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. -AR Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstut tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 669 nömrəli arayışdan görünür ki, onun aylıq hesablanmış pul təminatı 1123,75 manat təşkil edir. Gəlir vergisi 68,88 manat, DMSF 33,72 manat, icbari tibbi sığorta 22,48 manat, cəmi 125,08 manat tutulandan sonra ödənilən məbləğ 998,67 manat təşkil edir. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən 11,95 manat, xx.xx.2025-ci il tarixli qəbzdən 10,30 manat, xx.xx.2025-ci il tarixli qəbzdən 52,70 manat, xx.xx.2025-ci il tarixli qəbzdən 38,60 manat, xx.xx.2022-ci il tarixli qəbzdən 86 manat iddiaçı tərəfindən ödənildiyi görünür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1.-ci maddəsi əsasında, bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1.-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar(onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflər qarşılıqlı olaraq nikahın pozulmasına razı olduğundan məhkəmə tərəflərə barışıq üçün 3 ay vaxt verilmədən nikahın pozulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahlarından olan uşağın nikah ləğv olunduqdan sonra hansı valideynin yanında qalması məsələsinə münasibət bildirərək qeyd edir ki, uşağın mənafeyi əsas götürülməklə onun azyaşlı olması, ana qayğısına ehtiyacının olması və Cavabdeh uşağın ananın yanında qalmasına etiraz etmədiyini nəzərə alaraq, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməsi məqsədəmüvafiqdir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda uşaq iddiaçının himayəsindədir və o, təkbaşına uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/4 məbləğində aliment tutularaq X6 ödənilməlidir. Məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X8 üçün əlavə xərclərinə görə 1000 manat pul vəsaitinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunun məzmunundan göründüyü kimi, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Bu hallara: uşağın ağır xəstə, şikəst olması, habelə yetkinlik yaşı tamam olsa da əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması daxildir. Beləliklə, məhkəmə iddia tələbinə bu hissədə hüquqi qiymət verərək və iş materiallarında olan qəbzlərə istinad edərək hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X8 həqiqətən də müalicəyə və xüsusi qayğıya ehtiyacı olan uşaq olduğuna görə onu üçün əlavə xərclərə görə xx.xx.2025-ci il tarixli qəbzdən 11,95 manat, xx.xx.2025-ci il tarixli qəbzdən 10,30 manat, xx.xx.2025-ci il tarixli qəbzdən 52,70 manat, xx.xx.2025-ci il tarixli qəbzdən 38,60 manat, xx.xx.2022-ci il tarixli qəbzdən 86 manat ödənildiyi görünür. Uşağın xərclərinin ödənilməsi hər iki valideynin öhdəliyi olduğunu nəzərə alaraq, çəkilən xərclərin yarısı, yəni 99 manat Cavabdehdan tutulması məqsədəmüvafiqdir. (11,95+10,30+52,70+36,80+86=197,75 manat) (197,75:2=99 manat) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin Cavabdeh ilə Kərimova (Xudaverdiyeva) Vüsalə Xudaverdi qızı arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu ildə bağlanmış və 1373 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin nikahları pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2011-ci ildə təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlansın. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci ildə təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir miqdarında aliment tutularaq İddiaçı verilsin. xx.xx.2011-ci ildə təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xəstəliyə görə əlavə olaraq 99 (doxsan doqquz)manat sabit pul məbləği tutulsun. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar