Məhkəmə qərarları › İş №2(009)-100/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-100/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-100/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Şixəliyev Vəkil Abdulmitəllim oğlu, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Günay Sığorta Şirkəti” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «Günay Sığorta Şirkəti” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Quba rayonu Vladimirovka kəndi ərazisində 56BG054 dövlət qeydiyyat nişanlı VAZ 21043 minik markalı və ona məxsus 27BP851 dövlət qeydiyyat nişanlı VAZ 21043 markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində sığortalı olan 56BG054 dövlət qeydiyyat nişanlı VAZ 21043 markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 1291 manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Hadisədən təqribən 15-20 gün sonra "xxxx" ASC-nin Qubadakı nümayəndəsi Əli adlı şəxsə sığorta ödənişi barədə məlumat almaq üçün zəng etmiş, o, avtomobilin təmiri üçün 500 manat ayrılacağını bildirmişdi. Bu məbləğə etiraz edib sığorta şirkətinin baş ofisinə təyin olunmuş sığorta ödənişinin az olması ilə əlaqədar rəsmi olaraq müraciət etdi. Bundan sonra onun ünvanına "xxxx" ASC-dən avtomobilinin təmiti üçün 690 manat ayrılacağı barədə rəsmi məktub ünvanlanmışdır. Bu məbləğlə razılaşmayaraq yenidən sığorta şirkətinə avtomobilə baxış keçirilməsi və real zərərin ekspert tərəfindən hesablanmasını tələb etdikdə ekspertiza üçün 50-100 manat ödəniş etməli olduğunu bildirdilər. Bütün bunları nəzərə alaraq «Günay Sığorta Şirkəti” ASC-dən 1291 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Şixəliyev Vəkil Abdulmitəllim oğlu ekspert rəyi ilə razı olmadığını, iddia ərizəsində göstərilən məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Günay Sığorta Şirkəti” ASC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı məhkəmədən əvvəl onlara müraciət etmiş, lakin ona təklif olunan məbləğlə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Şirkət tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta görə ehtiyat hissələrinə görə 210 manat, dəmirçi işinə görə 180 manat, rəngsaz işinə görə 240 manat, armaturçu işinə 30 manat, çilingər işinə 30 manat, ümumilikdə dəymiş zərər cəmi 690 manat məbləğində qiymətləndirilmişdir. Ekspert rəyində də dəymiş ziyan 690 manat hesablanmışdır. İddia ərizəsində göstərilən məbləğ şişirdilmişdir, həmin məbləğlə razı deyillər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Günay Sığorta Şirkəti” ASC-nin xx.xx.2022-ci il taixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “VAZ 2104” markalı 27BP851 dövlət qeydiyyat nişanlı avtomobillə təmir xərci ilə birlikdə 690 manat ziyan dəymişdir. İş üzrə «Günay Sığorta Şirkəti” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, icbari sığorta üzrə sığortalanmış “VAZ 21045” markalı, 56BG054 dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21043” markalı 27BP851 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. “VAZ 2104” markalı 27BP851 dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər məbləği 690 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli Zərər aktından görünür ki, “VAZ 21043” markalı 27BP851 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1291 manatdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8740 saylı Rəyindən görünür ki, “VAZ 21043” markalı 27BP851 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxmini 690 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixində Quba rayonu Vladimirovka kənd ərazisində 56BG054 dövlət qeydiyyat nişanlı VAZ 21043 minik markalı və 27BP851 dövlət qeydiyyat nişanlı VAZ 21043 markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. 56BG054 dövlət qeydiyyat nişanlı VAZ 21043 markalı avtomobilin sürücüsü baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, bu avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Məhkəmə hesab edir ki, vurulmuş real ziyan məbləğinin 690 manat olması müəyyən edildiyindən, cavabdeh «Günay Sığorta Şirkəti” ASC-dən 690 manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manatın 20 manatı İddiaçı, 80 manatı «Günay Sığorta Şirkəti” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. tikinti-texnikası ekspertizası xərci, 100 manatın 20 manatı İddiaçı, 80 manatı «Günay Sığorta Şirkəti” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «Günay Sığorta Şirkəti” ASC-dən 690 (altı yüz doxsan) manat sığorta ödənişi və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manatın 20 manatı İddiaçı, 80 manatı «Günay Sığorta Şirkəti” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar