Məhkəmə qərarları › İş №2(009)-1001/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1001/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1001/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMM-nə qarşı mülkiyyətə yönəlmiş maneələrin aradan qaldırılması, dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMM-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMM tərəfindən yaradılan mülkiyyətinə yönəlmiş qanunsuz maneələrin aradan qaldırılması və ona dəymiş 10000 manat miqdarında mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMM-nə qarşı “mülkiyyətə yönəlmiş maneənin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4648/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdeh "Cavabdeh” MMM-nə qarşı mülkiyyətə yönəlmiş maneənin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia tələbi rədd edilmiş, Cavabdeh MMM-nin ona qarşı “kommunal xidmət haqqı borcunun dənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş və ondan ”Cavabdeh” MMM-nin xeyrinə 6146,69 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 4079/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-4648/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra həmin qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmə onun kassasiya şikayətini qismən təmin edərək, ondan Cavabdeh” MMM-nin xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,40 manat müəyyən etmişdir. Belə ki, Ali Məhkəmə işə baxarkən mülki işə əlavə edilmiş Cavabdeh MMM-nin xx.xx.2017-ci il tarixdə ilkin ona ünvanladığı bildirişdən məlum olur ki, onun yaşadığı bina xx.xx.2006-cı il tarixdə sakinlərin istifadəsinə verilmiş və bu müddət ərzində kommunal xidmət haqqı hər kv.m üçün ayda 63 qəpik məbləğində tətbiq olunmuşdur. Bildirişdə həmçinin xx.xx.2017-ci il tarixdən kommunal xidmət haqqının hər kv.m üçün 1 manat 10 qəpiyə qədər artırılması qeyd olunaraq ödənilməsi tələb olunmuşdur. Mülki işə kommunal xidmət haqqının 2006-cı ildən xx.xx.2017-ci ilə kimi ödənilməsini tənzimləyən müqavilə əlavə olunmuşdur. Məhkəmə kollegiyası xx.xx.2017-ci ilə kimi tərəflər arasında kommunal xidmət haqqının hər kv.metrə görə 0,63 manat olma barədə razılığını qəbul edir. Belə ki, tərəflər arasında xx.xx.2017-ci il tarixə kimi kommunal xidmətlərin məbləği və ödənilməsi ilə bağlı hər hansı mübahisə olmamışdır. Məhkəmə kollegiyası hesab edib ki, iş üzrə təyin olunmuş ekspertiza tədqiqatı üçün kommunal xərclərin hər kv.m üçün 1 manat 10 qəpik hesablanmalı olmasının məhkəmə tərəfindən təqdim olunması halında ekspertin rəyi ancaq ümumi məbləğin hesablanması üçün əhəmiyyət kəsb edə bilər. Ona görə də, ekspert rəyi ilə müəyyən edilən ümumi məbləğ qəti məbləğ kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikası Tarif Şurasının xx xxxxxx 2016-cı il tarixli qərarı isə mənzil istifadəçisi ilə Cavabdeh MMC arasında kommunal xərcinin hər kv.m üçün 1 manat 10 qəpik kimi müəyyən edilməsi üçün əsas deyildir. Çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin həmin sahələrin saxlanılması və təmiri, bununla bağlı, habelə kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə əlaqədar mübahisələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Penumunun “V.Ələsgərovanın şikayəti üzrə” xx xxxxxx 2015-ci il tarixli qərarında hüquqi mövqeyini aşağıdakı kimi izah etmişdir: ”Özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar.” Ali Məhkəmə öz qərarında qeyd edir ki, kommunal xidmət haqqının müəyyən edilməsinə dair binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9, 44-47-ci mad.) nəzərdə tutulan qaydada qəbul edilmiş qərarı mövcud deyildir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab etmişdir ki, onunla Cavabdeh MMM arşında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi ev 31 A 10 və 12 saylı mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı tərəflər arasında xx.xx.2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış hər kv.m görə 0,63 manat hesabı ilə ödənilməlidir. Bu haqqın iki mənzilə görə 17 ay, yəni xx.xx.2018-ci ilə qədər ümumi məbləği 328,7 (162 kv.m+166,7 kv.m) x 0,63 (manat) x 17 (ay) = 3520.4 manat təşkil edir. Beləliklə Ali Məhkəmə kassasiya onun şikayətini qismən təmin edərək, ondan Cavabdeh” X1 xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,40 müəyyən etmişdir. O da, məhkəmənin müəyyən etdiyi məbləği tam şəkildə ödəmişdir. Məbləği ödəməyinə baxmayaraq, cavabdeh təşkilat mənzillərin liftini yenidən bağlamış, mülkiyyətdən istifadəyə manelər yaratmışdır. Hal-hazırda mübahisə üzrə Ali Məhkəmənin qərarının olmasına baxmayaraq, cavabdeh təşkilat qanunsuz hərəkətlərini davam etdirməkdədir. Ali Məhkəmənin qərarını heçə saymaqla məhkəmənin ona müəyyən etdiyi məbləğini deyil, öz bildiyi məbləğdə xidmət haqlarını hesablamaqda davam etməkdədir (yəni keçmiş məbləğlə). Mənzilinə qalxan lifti bağlamaqla ona manelər yaratmış, baş verən bu qanunsuz hərəkətlər nəticəsində şiddətli əsəb sarsınıtısı keçirtmişdir. Belə ki, xəstə olduğu üçün mənzilinə çıxmaqda çətinlik çəkir. Qanunsuz hərəkətlər nəticəsində ona xeyli miqdarda mənəvi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan 30/23664 saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 19 saylı evin, 10 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdadır və bu barədə 155 saylı reyestr kitabında xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 19 saylı evin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatda alınmışdır və bu barədə 338 nömrəli reyestr kitabının 31525 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan İnternet X6rumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh MMM xx.xx.1997-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7460/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə dəyişdirilmiş və İddiaçı Cavabdeh MMM-nin xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,4 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (MM-nin 152.5 mad.). Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (MMnin 157.4 mad.). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasənhər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddia tələbindən aydın olur ki, iddiaçının mülkiyyətindən istifadəyə cavabdeh tərəfindən yaradılan qanunsuz maneələr tərəflər arasında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədardır. Halbuki yuxarıda qeyd olunan məhkəmə aktları ilə də müəyyən olunmuşdur ki, tərəflər arasında kommunal xidmət haqqının müəyyən edilməsinə dair binanın sahə mülkiyyətçiləri tərəfindən mənzil qanunvericiliyi ilə nəzərdə tutulan qaydada qəbul edilmiş qərarı mövcud olmadığından, iddiaçıya məxsus mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı tərəflər arasında xx.xx.2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış hər kv.m görə 0,63 manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun qeyd olunan normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur, cavabdeh tərəfindən isə eyni əsasla iddiaçının mülkiyyətində olan mənzillə bağlı hər hansı bir qanuni əsas olmadan müdaxilə edilməsi və maneə törədilməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən yaradılan mülkiyyətinə yönəlmiş qanunsuz maneələrin aradan qaldırılması hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMM-nin üzərinəİddiaçı mülkiyyətində (Çıxarış - 0174012, qeydiyyat tarixi: xx.xx.2011)olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 19 saylı evin 12 saylı mənzilinə yönəlmiş qanunsuz maneələrin aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Məhkəmə İddiaçı iddiasının mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı mənəvi zərərə görə cavabdehdən 10000 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mənəvi ziyanın ödənilməsi hissəsində tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə yönəlmiş qanunsuz maneələr aradan qaldırılsın. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh MMC-dən 15 (on beş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar