Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1049/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı (Səbail rayon İcra Şöbəsi 3-cü şəxs kimi cəlb edilməklə) Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (Səbail rayon İcra Şöbəsi 3-cü şəxs kimi cəlb edilməklə) Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2008-ci il təvəllüdlü X1 üçün İddiaçı tutulan aliment borcunun 1280 (min iki yüz səksən) manatının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə Səbail rayon Qeydiyyat şöbəsində 277 nömrəli akt qeydi ilə 15 dekabr 2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. 12 fevral 2020-ci il tarixli Səbail rayon Məhkəməsinin qətnaməsi ilə X2 iddiası ilə nikah pozulmuş, həmin qətnamə ilə övladları 01 yanvar 2008-ci il təvəllüdlü X4 anasının yanında qalmaqla iddiaçıdan 03 iyul 2019-cu il tarixdən hesablamaqla 170 manat alimentin tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında haqqında" BMT konvesiyasının (12 noyabr 1989-cu il tarixdə qəbul edilmişdir) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış səviyyəsindən aşağı olmamaq şərtilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 01 yanvar 2021-ci il tarixdən 170 manat müəyyən edilmişdir. Bu qanun üçün 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat edilsə də məhkəmə iddiaçıdan 2019-cu il iyul ayından 170 manat alimentin məbləğini 170 manatla tutulmasını qət etmişdir. İddiaçı bir ildən artıq müddətdir ki, işsizdir, işsizliyi nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, digər oğlu və anası Cavidi döydükləri üçün qaçıb onun yanına gəlmişdir. Lakin o, bununla bağlı heç polisə də şikayət etməmişdir. Cavabdeh uşağın oğurlanması ilə bağlı polisə müraciət edib. Eyni zamanda, İcra Hakimiyyətinin əməkdaşları bununla bağlı onları dəvət etmişlər. Lakin, nə qədər çalışsalar da, Cavid anasının yanına getmək istəməmiş, onunla qalmışdır. Təxmini 5 ay ərzində nə qədər məcbur etsə də, anası ilə danışmaq istəməmişdir. Hazırda işsizdir. İşə bərpa olunması barədə məhkəmə qətnaməsi olsa da, icra məmuru tərəfindən icra olunmur. İşə bərpa olunan kimi aliment borcunu ödəyəcək. Oğlunun onun yanında qaldığı müddətə görə hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, əgər o uşağını döysə idi iddiaçı bununla bağlı ekspert rəyi alar, polisə müraciət edər, ona qarşı cinayət işi açdırardı. Onların iddiaçı ilə evləri bir-birinə yaxın yerdədir. Həmin ərazidə uşaqlar atalarını görüb ondan pul istədikdə, pulu olmadığını deyir, onları təhqir edir. Böyük uşaqlardır, hər şeyi başa düşdükləri üçün ataları ilə ünsiyyət qurmaq istəmirlər. Uşaqların tələbatı çoxdur, onları qarşılamaq mümkün deyil. Bu səbəbdən, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********5 saylı Arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək qabiliyyəti var, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, habelə borcun silinməsi üçün obyektiv səbəblərin mövcud olduğunu təsdiq edən sübut təqdim etməyib. Aliment uşağın saxlanması, yəni onun maddi tələbatının qarşılanması üçün tutulan vəsait olduğundan və borcun silinməsi üçün əsaslar olmadığı üçün tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1049/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1049/2022
30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver