Məhkəmə qərarları › İş №2(009)-1052/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1052/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1052/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı X1, cavabdeh “xxxx” ASC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı X1 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Balaxanı yolu ərazisində «xxxx» ASC-də sığortalı «Hyudai» markalı 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavator ilə «Mersedes» 3340 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil arasında hadisə baş vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, tikinti ərazisində «Hyundai» markalı 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavator yük avtomobillərinə torpaq yükləyərkən, kovuşu ilə arxada dayanmış «Mersedes» 3340 markalı ** CB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasına zərər yetirmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən, zərərin həcminin müəyyən olunması məqsədilə qarşılıqlı razılıq əsasında müstəqil sığorta eksperti təyin olunmuş və həmin ekspert tərəfindən xx.xx.2020-ci il tarixli verilmiş rəyə əsasən avtomobilə dəymiş zərərin 3550 manat təşkil etdiyi müəyyən olunmuşdur. Müstəqil sığorta ekspertinin xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktı hər iki tərəflə razılaşdırılmış ödəniş aktı tərtib olunmuşdur. Bu günə kimi heç bir ödəniş olunmamışdır. Ona dəyən ziyanın ödənilməsini xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə iddiaçı X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “xxxx’' ASC-dən onun xeyinə 3550 manat avtomobilə dəymiş zərər, maşının boş dayandığı 6 ay müddətində 1200 manat ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Balaxanı yolu ərazisində “xxxx’' ASC-də sığortalanmış "Hyundai R210Lc7” markalı 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavator ilə "Mercedes Benz 3340" markalı ** CB *** d.qn avtomobil arasında hadisə baş verməsi barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, tikinti ərazisində ekskavator yük avtomibillərinə torpaq yığarkən, kovuşu ilə arxada dayanmış yük avtomobilinin kabinasına zərər yetirmişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur (Qanunun 52.1-ci mad.). Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir (Qanunun 52.2-ci mad.). Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Balaxanı ərazisi tikinti zonasında baş vermiş hadisə, “Hyundai R210Lc7” markalı 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavatorun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqlarının istismarı nəticəsində baş vermişdir. Göstərilənləri nəzərə alaraq və Azərbayacan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanununa görə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirş Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbül etməyərək Nümayəndə2 izahatı ilə razı olduğunu bildirdi. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, iddiaçı X2 məxsus “Mercedes Benz 3340” yük markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3550 manat müəyyən olunmuşdur, o cümlədən ehtiyat hissələrinin cəmi 2400 manat, xidmət haqqı 1150 manat. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 0621/20 №-li xxxx tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən zərərin həcminin müəyyən olunması məqsədi ilə qarşılıqlı razılıq əsasında müstəqil sığorta eksperti təyin olunmuş və həmin ekspert tərəfindən xx.xx.2020-ci il tarixli verilmiş rəyə əsasən xx.xx.2020-ci il tarixli avtomobilə dəymiş zərərin 3550 manat təşkil etdiyi müəyyən olunmuşdur. Müstəqil sığorta ekspertinin xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktını tanış olması üçün ona təqdim edilmiş və həmin qiymətləndirmə üzrə ödəniş aktının tərtib edilməsi məqsədi ilə münasibət bildirməsi xahiş olunmuşdur. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx xxxx 2020ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, tikinti ərazisində «Hyundai» markalı 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavator yük avtomobillərinə torpaq yükləyərkən, kovuşu ilə arxada dayanmış «Mersedes» 3340 markalı ** CB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasına zərər yetirmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən zərərin həcminin müəyyən olunması məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında müstəqil sığorta eksperti təyin olunmuş və həmin ekspert tərəfindən xx.xx.2020-ci il tarixli verilmiş rəyə əsasən avtomobilə dəymiş zərərin 3550 manat təşkil etdiyi müəyyən olunmuşdur. Müstəqil sığorta ekspertinin xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktı hər iki tərəflə razılaşdırılmış ödəniş aktı tərtib olunmuşdur. Lakin buna baxmayaraq, sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişdir. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslıdır. Müstəqil ekspert tərəfindən nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri 3550 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh «xxxx» ASC-dən 3550 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi nəqliyyat vasitəsinin boş dayandığı 6 ay müddəti üçün 12000 manat tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tələbin həmin hissəsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən avtomobilə dəymiş ziyan 3550 (üç min beş yüz əlli) manat tutulub iddiaçı X2 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar