Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1073/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Başaran Barışın cavabdeh İsgəndərova Hava Zakır qızına qarşı "aliment məbləğinin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Başaran Barış cavabdeh İsgəndərova Hava Zakır qızına qarşı "aliment məbləğinin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2021-ci il təvəllüdlü Başaran Mia Barış qızının saxlanılması üçün ondan Səbail Rayon Məhkəməsinin qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək əmək haqqının 1/4 hissəsi məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdehlə 21 may 2016-cı il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların 12 iyul 2021-ci il təvəllüdlü Başaran Mia Barış qızı adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuşdur. Cavabdeh ilə aralarında bağlanmış 21 sentyabr 2022ci il tarixli “Barışıq Sazişi”nin şərtləri ilə uşaqları Başaran Mia Barış qızının cavabdehin yanında qalmasına və uşağın saxlanması üçün onun tərəfindən hər ay 700 manat məbləğində alimentin ödənilməsi müəyyən olunmuşdur. Həmin barışıq sazişi Səbail rayon məhkəmənin 28 mart 2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Belə ki, işlədiyi şirkətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. May ayından isə onun işə qəbul olunmağı barədə əmr veriləcəkdir. Hesab edir ki, tərəfindən ödənilən aliment məbləğinin azaldılması məsələsinə baxılmasına zərurət yaranır. Ailə qanunvericiliyi alimentin məbləğinin dəyişdirilməsi, indiki halda azaldılması barədə tələbə baxarkən maddi vəziyyətdə olmuş dəyişiklikləri nəzərə ala bilər. Hazırkı tələbim də məhz maddi vəziyyətində olan dəyişikliklərlə bağlıdır. Hesab edir ki, aliment məbləğinin azaldılacağı təqdirdə məbləğinin müəyyən edilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsi zərurəti vardır. Belə ki, qeyd olunan məbləğ dolanacaq xərclərindən az olmamaqla bərabər, onun işsiz olmağı, o cümlədən övlada hər iki valideynin də maddi və mənəvi baxımdan dəstək verilməsi meyarları əsas götürüldükdə ədalətli olar. O, övladı üçün maddi imkanı imkan verdiyi müddətdə hər cür dəstək göstərməyə hazırdır, necə ki bu vaxta qədər kifayət qədər yüksək məbləğlə aliment də ödəmişdir. İddiaçı Başaran Barış məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh İsgəndərova Hava Zakır qızı hazırda iddiaçının aldığı əmək haqqı məbləğini nəzərə alaraq iddiaya etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 614022 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 iyul 2021-ci il təvəllüdlü Başaran Mia Barış qızı Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Başaran Barış, ana qrafasında İsgəndərova Hava Zakır qızı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009) 875/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Başaran Barış Müslüm oğlu ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində 21 sentyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: Tərəflərin razılığa gəlirlər ki, Başaran Barış Müslüm oğlu Cavabdeh bank hesabına köçürülməklə hər ay 700 azn məbləğində aliment ödəyəcək. Başaran Barış Müslüm oğlundan 2023-cü ilin dekabr, yanvar, fevral, mart ayları üçün ödəmədiyi aliment və ödənilmiş 100 manat məhkəmə xərcinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01 saylı Arayışından görünür ki, Barış Başaran xx.xx.2024-cü il tarixindən "xxxx" MMC şirkətində kreativ tərəfdaş vəzifəsində işləyir. Şirkətin ümumi ştat cədvəlinə uyğun olaraq, əmək haqqı 1698.29 AZN məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də direktorun köməkçisi vəzifəsində işləyir, əmək haqqı 972 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Başaran Barış ilə cavabdeh İsgəndərova Hava Zakır qızının birgə nikahdan olan övladları 12 iyul 2021-ci il təvəllüdlü Başaran Mia Barış qızı cavabdehin (anasının) himayəsindədir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009) 875/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Başaran Barış Müslüm oğlu ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində 21 sentyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: Tərəflərin razılığa gəlirlər ki, Başaran Barış Müslüm oğlu Cavabdeh bank hesabına köçürülməklə hər ay 700 azn məbləğində aliment ödəyəcək. Başaran Barış Müslüm oğlundan 2023-cü ilin dekabr, yanvar, fevral, mart ayları üçün ödəmədiyi aliment və ödənilmiş 100 manat məhkəmə xərcinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Barış Başaranın aylıq əmək haqqı 1698.29 AZN, Cavabdeh aylıq əmək haqqı 972 manat təşkil edir. Hazırda iddiaçı maddi vəziyyətində olan dəyişikliklərlə bağlı aliment məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarının dəyişdirilməsini müəyyən edərkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində baş vermiş dəyişikliyi, uşağın mənafeyini, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı 12 iyul 2021-ci il təvəllüdlü Başaran Mia Barış qızının saxlanılması üçün cavabdehdən hər ay onun qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009) 875/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında 12 iyul 2021-ci il təvəllüdlü Başaran Mia Barış qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Başaran Barışdan aylıq 700 (yeddi yüz) manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək Başaran Barışdan qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) cavabdeh İsgəndərova Hava Zakır qızına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009) 875/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında iddiaçı Başaran Barışdan aylıq 700 (yeddi yüz) manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilsin. 12 iyul 2021-ci il təvəllüdlü Başaran Mia Barış qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Başaran Barışdan qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) cavabdeh İsgəndərova Hava Zakır qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1073/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1073/2024
31.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver