Məhkəmə qərarları › İş №2(009)-1101/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1101/2021

21.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1101/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi cəlb edilməklə Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi cəlb edilməklə Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh – Cavabdehndən (qanuni təmsilçisi – X1) əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 5 ay üçün 2205 manat əmək haqqının, son haqqhesaba (istifadə etmədiyi məzuniyyət günlərinə görə) görə 441 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə görə 4630 manatın, ümumilikdə - 7276 manatın tutularaq ona – İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "Cavabdeh" MMC satış müdiri vəzifəsinə işə qəbul edilmiş və həmin MMC-nin qanuni təmsilçisi olan - işəgötürən-X6 ilə aralarında müddətsiz əmək müqaviləsi bağlamışdı. Aralarında bağlanılmış əmək müqaviləsinə əsasən onun vəzifə maaşı 441 manat təşkil edirdi. Onun əmək funksiyasına MMC-nin müxtəlif təşkilatlardan (o cümlədən xarici ölkələrdən) aldığı mühərrik yağlarını ambara mədaxil edildikdən sonra həmin yağları sənədlər əsasında müştərilərə satmaqdan ibarət olmuşdur. O həmin vəzifədə çalışaraq əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirirdi. O həmin işdə 2020-ci ilin may ayına qədər işləmişdi. İşəgötürən həmin vaxt ona və digər əməkdaşlara hal-hazırda iş yükünün az olması səbəbindən onlara bir müddət işə çıxmalarına lüzum olmadığını, iş yükü artan zaman yenidən öz işlərinə davam edəcəylərini bildirmişdi. Onlar da onun sözlərinə inanaraq bir müddət işə çıxmadılar. Bununla yanaşı onunla tez-tez əlaqə saxlayaraq vəziyyətin dəyişibdəyişdmədiyini, nə vaxt işə çıxacağlarını öyrənəndə, o ona "narahat olma hər şey qaydasındadır, bir neçə günə işə çıxacaqsan, onsuz da günlərin işdə oldüğun kimi qey olunur və öz əmək haqqını alacaqsan' deyə onu rahat edirdi. Bu məsələ uzandıqca o narahat olmağa başladı. Sonra o MMC-yə müraciət edərək işlədiyi lakin əmək haqqını almadığı 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayına kimi əmək haqqını istədikdə o müxtəlif bəhanələrlə bu gün-sabah deyərək əmək haqqını ödəməkdən yayınırdı. Onunla danışıq aparmağın nəticəsiz olduğunu başa düşərək əmək hüquqlarımın pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ərizə ilə müraciət etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsində onun müraciəti əsasında araşdırma aparılmış və ona belə cavab verilmişdir: "Araşdırma zamanı "Cavabdeh" MMCnin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onlarla MMC arasında bağlanmış əmək müqaviləsinə 01.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) qanunvericiliyin tələbi pozularaq xitam verildiyi, son haqq-hesablarının isə ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də “Cavabdeh" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Son haqq-hesablarının qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi barədə tərəfindən "Cavabdeh" MMC-nin direktoru X4 rəsmi məktub göndərilmişdir. X9 Xidmətinin Bakı şəhər İdarəsindən veilmiş cavabdan da bir daha aydın olur ki, “Cavabdeh" MMC-nin direktoru X5 tərəfindən onun əmək hüquqları kobudcasına pozularaq, ona 2019-cu ilin dekabar ayından qeyri-qanuni işdən çıxarıldığı vaxta qədər-2020-ci ilin may ayına qədər olan dövr üçün (5 ay) əmək haqqı ödənilməmiş, son haqq-hesabı və əmək kitabçası verilməmişdir. Yuxarıda göstərildiyi kimi MMC-nə işə qəbul edilmiş və MMC-nin qanuni təmsilçisi X3 aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır (müqavilənin nüsxəsi ona verilməmişdir). MMC tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verildiyi ona yalnız X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən veilmiş cavabdan sonra ona məlum olmuşdur. Bundan sonra o MMC-nin qanuni təmsilçisi X2 əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini, əmrin surətini, əmək kitabçasını, işlədiyi son 5 ay (01.12.2019-cu il tarixindən- 01.05.2020-ci il tarixinə kimi) üçün əmək haqqını və son haqq-hesabını tələb esə də o, yenə də müxtəlif bəhanələrlə bunları etməkdən yayınır. Əmək kitabçanın ona verilməməsi səbəbindən o bu günə kimi başqa işə qəbil edilməmiş və hal-hazırda da işsizdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 2019-cu ilin yanvar ayının 8-dən "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə satış müdiri vəzifəsinə işə qəbul edilmiş və həmin MMCnin qanuni təmsilçisi olan - işəgötürən-X6 ilə aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Aralarında bağlanılmış əmək müqaviləsinə əsasən onun vəzifə maaşı 441 manat olmuşdur. O həmin vəzifədə çalışaraq əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmişdir. O həmin işdə 2020-ci ilin may ayına qədər işləmişdir. İşəgötürən həmin vaxt ona və digər əməkdaşlara hal-hazırda iş yükünün az olması səbəbindən onlara bir müddət işə çıxmaqlarına lüzum olmadığını, iş yükü artan zaman yenidən öz işlərinə davam edəcəklərini bildirmişdir. Onlar da cavabdehin sözlərinə inanaraq bir müddət işə çıxmamışlar. Bununla yanaşı onunla tez-tez əlaqə saxlayaraq vəziyyətin dəyişib-dəyişmədiyini, nə vaxt işə çıxacaqlarını öyrənəndə, ona "narahat olma hər şey qaydasındadır, sən bir neçə günə işə çıxacaqsan, onsuz da sənin günlərin işdə olduğun kimi qeyd olunur və sən öz əmək haqqını alacaqsan” deyə ona bildirmişlər. Bu məsələ uzandıqca o narahat olmağa başlamış və MMC-yə müraciət edərək işlədiyi lakin əmək haqqını almadığı 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayına kimi əmək haqqını istədikdə cavabdeh müxtəlif bəhanələrlə bu gün-sabah deyərək əmək haqqını ödəməkdən yayınmışdır. Onunla danışıq aparmağın nəticəsiz olduğunu başa düşərək əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında araşdırma aparılmış və ona belə cavab verilmişdir: "Araşdırma zamanı "Cavabdeh" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən Sizinlə MMC arasında bağlanmış əmək müqaviləsinə 01.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) qanunvericiliyin tələbi pozularaq xitam verildiyi, son haqqhesabınızın isə ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də “Cavabdeh" MMC-nin direktoru X5 barəsində tərəfimizdən Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Son haqqhesabınızın qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi barədə tərəfimizdən "Cavabdeh" MMC-nin direktoru X4 rəsmi məktub göndərilmişdir”. Bundan sonra o MMCnin qanuni təmsilçisi X2 əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini, əmrin surətini, əmək kitabçasını, işlədiyi son 5 ay (01.12.2019-cu il tarixindən-01.05.2020-ci il tarixinə kimi) üçün əmək haqqını və son haqq-hesabı tələb esə də o, yenə də müxtəlif bəhanələrlə bunları etməkdən yayınmışdır. Əmək kitabçasının ona verilməməsi səbəbindən o bu günə kimi başqa işə qəbil edilməmiş və hal-hazırda da işsizdir. Bu səbəblərdən cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (qanuni təmsilçisi-X1) əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 5(beş) ay üçün 115 manat əmək haqqının, son haqq-hesaba (istifadə etmədiyi məzuniyyət günlərinə görə) görə 441 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə görə 4630 manatın, ümumilikdə-7276 (yeddi min iki yüz yetmiş altı) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 aprel 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X8 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçı ilə bir illik əmək müqaviləsi bağlanmışdır. Onlarda hal-hazırda əmək müqaviləsi və digər sənədlər yoxdur. Çünki şirkətin müdiri DTX tərəfindən məsuliyyətə cəlb olunmuşdur və bütün sənədlər götürülmüşdür. Bu səbəbdən heç bir sənəd onlarda yoxdur. Demək olar ki, şirkət ləğv olunmuşdur, sadəcə rəsmi ləğv olunmamışdır. Bütün işçilər işdən çıxarılmışdır və əmək haqqları nağd şəkildə ödənilmişdir. 148 əməkdaşı olub, hamını dəqiq deyə bilməsə də amma iddiaçıya ödənilmişdir. Əmək kitabçası da sonradan Çingiz bəy adlı biri gəlib və ona verilmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X10 mülki işlə bağlı sənədləri təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyi və son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də, Cavabdeh MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə uyğun olaraq məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMC-nin satış müdiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Ns 12-k saylı, 08 yanvar 2019-cu il tarixli Cavabdeh MMC-nin Əmrindən görünür ki, İddiaçı 08 yanvar 2019-cu il tarixindən satış müdiri vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı əmək müqaviləsinə əsasən müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh MMC tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyi və son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə uyğun olaraq Cavabdeh MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından görünür ki, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı və 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 23 sentyabr 2020-ci il tarixdə MN seriyalı №0687571 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq 02 oktyabr 2020-ci il tarixdə MN seriyalı №0646446 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Əmək Müqaviləsində işçinin aylıq əmək haqqı 180 AZN məbləğində qeyd olunsa da, “Kapital Bank” tərəfindən təqdim olunmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, hər ay işçinin hesabına 441 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayının 01-nə qədər olan əmək haqlarını almaması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsi və Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan lakin ödənilməyən əmək haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Həmin əmək haqının məbləği isə aşağıdakı qaydada müəyyən edilir. İddiaçı bildirir ki, onun aylıq əmək haqqı 441 manat təşkil etmişdir. Cavabdeh isə bildirir ki, iddiaçının əmək haqqı 180 manat təşkil etmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsində iddiaçının əmək haqqı rəsmi olaraq 180 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, əmək haqqının məbləği ilə bağlı cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə baxışında cavabdehə bildiriş göndərilmiş və Cavabdeh MMC tərəfindən iddiaçıya əmək haqqının ödənilməsi barədə bütün mühasibatlıq sənədləri, yəni əmək haqqı müvafiq jurnalı imzalamaqla verildiyi təqdirdə, həmin jurnal, kart vasitəsilə verildiyi təqdirdə isə əmək haqqının karta yüklənməsi barədə sənədlər, o cümlədən kartın verilməsi üçün banka verilmiş ödəniş tapşırığı barədə sənədlərin təqdim edilməsi təklif edilsə də, təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, həmin sənədlər cavabdehdə mövcuddur, lakin o, sübutları özündə saxlayıb və məhkəmənin tələb etməsinə baxmayaraq, təqdim etmir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində isə təsbit olunmuşdur ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Eyni zamanda iş materiallarında olan “Kapital Bank” tərəfindən təqdim olunmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, hər ay işçinin hesabına 441 manat məbləğində pul köçürülmüşdür. Göründüyü kimi tərəflərin imzaladığı əmək müqaviləsində iddiaçının əmək haqqı rəsmi olaraq 180 manat qeyd olunsa da, faktiki olaraq əmək haqqının 441 manat təşkil etməsi göstərilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının əmək haqqı 441 manat təşkil etmiş və ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqlarının cəmi həmin məbləğə uyğun hesablanmalıdır. Beləliklə, iddiaçının əmək haqqının 441 manat təşkil etməsi əsas götürüldüyü halda müəyyən olunur ki, bir ay üçün iddiaçıya ödənilməli olan əmək haqqı 441 manat, 5 ay üçün ödənilməli olan əmək haqqı isə 2205 manat (441 x 5 = 2205) təşkil edir. Beləliklə, iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş cəmi əmək haqqı 2205 manat təşkil edir. Həmçinin Əmək Məcəlləsinin 175.2-ci maddəsinin “a” bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Bu baxımdan məhkəmə hesab edir ki, 441 manat iddiaçıya tutulmalardan sonra ödənildiyini nəzərə alınaraq köçürülmələr edilmədən tam şəkildə iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqının tutulması barədə iddiaçının tələbi də əsaslıdır. Belə ki, həmin tələbin qanuni əsasını Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndi təşkil edir. Həmin normanın tələblərinə görə işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 3-cü bəndində isə təsbit olunmuşdur ki, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, iddiaçı tərəfindən irəli sürülmüş həmin tələbin əsaslı hesab edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: İddiaçının əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçası ona verilməmiş və bu cavabdehin təqsiri üzündən baş vermişdir. Hazırkı işdə də bu hallar müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 6.1 və 6.2-ci bəndlərinə görə işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Lakin cavabdeh qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçının əmək müqaviləsinin xitam olunduğu gün poçt vasitəsilə ona bildiriş göndərməmişdir. Çünki cavabdeh bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə əmək haqqı tutulmasını tələb etməkdə haqlıdır. İddiaçının orta əmək haqqı isə Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hesablanmalıdır. Beləliklə, qeyd olunan maddəyə əsasən hesablama apardıqda müəyyən olunur ki, iddiaçının orta əmək haqqı 441 manat təşkil edir. Əmək kitabçasının verilməsini 15.03.2021-ci ilədək verilməməklə gecikdirilməsi nəzərə alındıqda isə müəyyən olunur ki, buna görə iddiaçıya ödənilməli əmək haqqı 4630 manat təşkil edir (441x10 ay 15 günə=4630). Həmçinin məhkəmə hesab edir ki, son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə müvafiq məbləğdə pul vəsaitinin tutulması hissəsində də iddia əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə əsasən isə müəyyən olunur ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Bu baxımdan məhkəmə hesab edir ki, əmək haqqının məbləği 441 manat əsas götürülməklə son bir il üçün istifadə edilməmiş ödənişli məzuniyyətin əvəzinə kompensasiya hesablanaraq, iddiaçıya ödənilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 5 ay üçün 2205 manat əmək haqqı, son haqq-hesaba (istifadə etmədiyi məzuniyyət günlərinə) görə 441 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə görə 4630 manat olmaqla ümumilikdə 7276 (yeddi min iki yüz yetmiş altı) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 5 ay üçün 2205 manat əmək haqqı, son haqq-hesaba (istifadə etmədiyi məzuniyyət günlərinə) görə 441 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə görə 4630 manat olmaqla ümumilikdə 7276 (yeddi min iki yüz yetmiş altı) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar