Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1153/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsi işə cəlb edilməklə) Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsi işə cəlb edilməklə) Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqının düzgün ödənilmədiyi dövrlərə görə ona ödənilməmiş 30000 manat məbləğində müavinətin və ona və ailəsinə vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də mühafizəçi vəzifəsində işləmişdir. 2014-cü ildən çalışdığı Cavabdeh MMC-də iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin edilməməsi və əmək haqqının düzgün hesablanıb ödənilməməsi hətta gecikdirilməsi və iş kimi qanun pozuntuları ilə qarşılaşmışdır. Büntün bunlardan da başqa ödəniş cədvəlini və s. kimi sənədlərini işəgötürəndən tələb etsə də, ona heç bir sənəd təqdim edilməmişdir. Bu əsaslara dayanaraq Əmək Müfəttişliyi idarəsinə müraciətlər etmiş və nəticədə onun haqlı olduğu ortaya çıxmışdır. Əmək Müfəttişliyinin araşdırması nəticəsində Cavabdeh MMC tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən və iş vaxtının uşotu tabellərindən onun iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin ödənilməməsi məlum olmuşdur. Cavabdeh MMC-dəBu səbəbdən də, əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən Cavabdeh MMCnin rəhbərələri barəsində AR İXM-nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 01.03.2020-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Ümumiyyətlə 2014-cü ildən başlayaraq ona əmək haqqı düzgün ödənilməmişdir. Müraciətləri əsnasında hüququnu tələb etdikdə idarə rəhbərliyi tərəfindən təhqir və tənqidlərə məruz qalmışdır. Şərh olunanlardan göründüyü kimi, onun əmək hüuquları Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulmuş və o, maddi zərərlə yanaşı mənəvi zərərə də məruz qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi və eləcə də bildirdi ki, Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi hesablar saxtalaşdırılmışdır. Çünkü işlədiyi müddətdə cavabdeh işəgötürənlə aralarında bağlanılmış Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən onun əmək haqqısı (vəzifə maaşı) 04.03.2014 - 04.03.2015 tarixlərində müqavilə üzrə 240 AZN, daha sonra 2015-ci ildən 2018-ci ilə qədər 484 AZN, daha sonra 2018-ci ildən onun son iş gününə qədər vəzifə maaşı 508 AZN təyin edilmişdir. Əlavə olaraq onun işlədiyi saatlar 12 saatlara ayrılmışdır. Halbuki post jurnallarına belə baxış keçirilsə, orada onun iş saatlarının 13-14 saat olduğu aşkar ediləcəkdir. Cavabdeh MMC-də işlədiyi müddətdə bir sıra qanunsuzluqlar barəsində ilk öncə işlədiyi idarəyə bildirmişdir. Ailə vəziyyətinin kritik halda çətinliyinə görə himayəsində azyaşlı övladları olduğundan şikayətlərinin qarşısı hədə-qorxu ilə alınmışdır. Nəticədə 2020-ci ilin oktyabr ayından ona qarşı atılan addımlar onun şərəf və ləyaqətini alçaldacaq həddə çatdı. Xidmət göstərdiyi Pirallahı rayonu 15 saylı komandada kollektiv arasında komanda rəisi tərəfindən təhqir edilməsi, ona məxsus avtomaşının əraziyə buraxılmaması və s. kimi hallara qarşı məcbur qalıb həm idarəsi olan Cavabdeh MMC, həm də Dövlət orqanları və güc-struktur orqanlarına müraciət etdi. Onun müraciəti ilə bağlı idarənin məsul şəxsləri Cəfər adlı şəxs ilk növbədə əlaqə saxladı, həmin məsul şəxs tərəfindən də, o, təhqirlərə məruz qaldı. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən həmişə təhqirə məruz qalmışdır və bu dediklərinə də maddi sübut olaraq telefon danışıqları vardır ki, hər bir danışıqda məsul şəxslərin özünə bildirərək qeydiyyata almışdır. SOCAR və Cavabdeh MMC-nin 15 saylı komandada müqaviləsini pozması nəticəsində o, 2020-ci ilin noyabr ayında Cavabdeh MMC-nin məsul şəxsləri tərəfindən işə çıxması barəsində soruşduqda “Get evdə otur” cavabını almışdır. Bu səbəbdən ailəsi şok keçirmiş həyat yoldaşı qorxudan Cavabdeh MMC-nin əməlləri ücbatından “xxxx” xəstəliyi tutmuşdur. Məcburiyyət qarşısında qalıb Cavabdeh MMC-nin baş idarəsinə yaxınlaşdı və qarşılaşdığı mənzərədə məsul şəxslər olan rəis müavini Rasim və s. şəxslər tərəfindən hücum və təhqirə məruz qaldı. Bütün dediklərinə maddi sübut güc strukturklarına müraciətləri olmuşdur. İşlədiyi dövrlər ərzində işəgötürən Cavabdeh MMC-dən haqq-hesab vərəqələri və s. digər sənədləri dəfələrlə müraciət edib istəsə də, ona həmin sənədlər təqdim edilməmişdir və işəgötürən əmək qanunvericiliyin bir çox tələblərini belə düzgün aparmamışdır. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı qismən qəbul edərək izah etdi ki, İddiaçı Cavabdeh MMC-yə 04.03.2014-ci il tarixdə işə qəbul edilmiş və öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsi 16.04.2021-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikasının MM-nin və ƏM-nin müvafiq maddələrini rəhbər tutaraq cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə verilmişdir və iddia müddəti 1 il təşkil etdiyinə görə iddiaçının məhkəməyə müraciət etdiyi gündən, yəni 28.03.2021-ci il tarixdə, onun aldığı əmək haqqının 1 il müddətində hesabatını təqdim edir. AR ƏM-nin 157.3-cü, 157.4-cü və 157.5-ci maddələrinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif maaşı - əmək haqqının əsas hissəsidir, əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə ilə işçinin tarif (vəzifə) maaşına müəyyən edilən əlavə ödəncdir. Belə ki: 2021-ci ilin mart ayı üzrə İddiaçı əmək haqqı 680 manat olmuş (təsdiq olunmuş 2021-ci ilin mart ayı üçün iş vaxtının norması və istehsalat təqvimi 135 saat olmuş) və İddiaçı vəzifə maaşı 317.50 manat təşkil etdiyinə görə onun vəzifə maaşı 317.50 : 135-yə bölünərək= 2.35 manat - 1 iş saatı müəyyən edilir. Mart ayı üzrə o, 180 saat işləmiş, 180-135=45 saat x 2.35=105.7 manat əlavə işə çıxdığı üçün bu məbləğ ƏM-nin 165.1-ci maddəsinin 1-ci abzasına əsasən vurulur 2-yə (ikiqat)=211.4 manat təşkil edir. Mart ayı üzrə ƏM-nin 97-ci maddəsinə əsasən gecə vaxtı 64 saat işlədiyinə görə və AR NK qərarına əsasən bu 56 x 2.35=150.4 manat, bu məbləğin 40%-i 60.2 manat təşkil edir, bayram vaxtı 48 saat işlədiyi üçün x 2.35=112.8 manat, beləliklə vəzifə maaşı 317.50 + əlavə işlədiyi 211.4 manat + gecə vaxtı işlədiyi 60.2 + bayram vaxtı işlədiyi 112.8 manat = 317.50 + 211.4 + 60.2 + 112.8 = 702 manat əmək haqqı təşkil edir, bu məbləğdən gəlir vergisi tutulur (AR VM əsasən fiziki şəxslərdən 200 manat gəlir vergisi tutulmur, iddiaçı müharibə veteranı olduğuna görə bu məbləğə 400 manat əlavə olunur və 702 manatdan - 600 manat çıxılmaqla 102 manatdan 14% gəlir vergisi = 14,3 manat, 21.07 manat məcburi dövlət sosial sığorta haqqı, 3.51 manat işsizlikdən sığorta haqqı və 14.05 manat icbari tibbi sığorta haqqı tutularaq ümumulikdə 52.94 manat vergilər tutulmuş, əmək haqqı 2021-ci iln mart ayı üzrə 649 (702 - 52.94) manat təşkil etmişdir. 2020-ci ilin aprel ayı üzrə əmək haqqı 490 manat təşkil etmiş (təstiq olunmuş 2020-ci ilin aprel ayı üçün iş vaxtının norması və istehsalat təqvimi 176 saat olmuş) və İddiaçı vəzifə maaşı 317.50 manat təşkil etdiyinə onun vəzifə maaşı 317.50 : 176-ya bölünərək = 1.80 manat - 1 iş saatı müəyyən edilir. Aprel ayı üzrə o, 168 saat işləmiş, 176 – 168 = 8 saat (vəzifə maaşından) 317.50 manatdan 8 x 1.80 =14.4 manat çıxılır və 2020-ci ilin aprel ayı üzrə vəzifə maaşı 317.50 - 14.4 =303.1 manat təşkil edilir. Aprel ayı üzrə ƏM-nin 97-ci maddəsinə əsasən gecə vaxtı 56 saat işlədiyinə görə və AR NK qərarına əsasən bu 56 x 1.80 = 100.8 manat, bu məbləğin 40%-i 40.3 manat təşkil edir, bayram iş saatı yoxdur-işləməyib, dəniz əmsalı hesablanaraq 63.50 manat, beləliklə, vəzifə maaşı 303.1 + əlavə işlədiyi saatlar yoxdur işləməyib + gecə vaxt işlədiyi 40.3 manat = 303.1 + 40.3 + 63.50 (dəniz əmsalı) = 406 manat əmək haqqı təşkil edir, bu məbləğdən ondan gəlir vergisi tutulmur (600 manatdan az olduğuna görə), 12.21 manat məcburi dövlət sosial sığorta haqqı 2.03 manat işsizlikdən tibbi sığorta haqqı vergiləri tutularaq aprel 2020-ci il tarix ayı üzrə əmək haqqı 392.7 manat təşkil etmişdir. 01.03.2020-ci ildən 31.03.2021-ci ilədək İddiaçı verilən vəzifə maaşına əlavələr, bu məbləğdən vergilərin tutulması və ona verilən əmək haqqının məbləği və məbləğlərin onun “xxxx” ASC-də hesab nömrəsinə köçürülməsi cədvəlləri təqdim olunur və 6.328 manat təşkil edir. İddiaçı ona verilən əmək haqqının düzgün ödənilmədiyinə görə 2021-ci ilin fevral ayında DƏMX-nə müraciət etmiş və yoxlama nəticəsində 01.03.2020-ci ildən 31.03.2021-ci ilədək 170.96 manat ona ödənilmədiyi üçün Cavabdeh MMC-nin direktoru AR İXM-nin 192.4-ci maddəsinə əsasən DƏMX-nm “İnzibati tənbeh vermə haqqında” qərarı ilə cərimə edilmişdir. İddiaçı SManafovun 08.04.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoruna ailə vəziyyəti ilə əlaqədar maddi yardım göstərilməsi ilə bağlı müraciət etdiyi ərizəsinə əsasən ona 750 manat (minimum əmək haqqının 3 misli) əmək haqqı kartına köçürülmüşdür. İddiaçı ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə AR ƏM-nin 290-cı maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, İddiaçı Cavabdeh MMC-də iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin edilməməsi və iş yerinin yaşadığı əraziyə yaxın olan yerlə dəyişməsinə köməklik göstərilməsi ilə bağlı müxtəlif instansiyalara ünvanladığı müraciətlərə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılması ilə əlaqədar Cavabdeh MMC tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən və iş vaxtının uçotu tabellərindən iddiaçının iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin ödənilməməsi məlum olmuşdur. Bu səbəbdən də, əmək və məzuniyyət haqlarınının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən Cavabdeh MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cı maddəsinin tələblərinə uyğun olaraq 01.03.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, Cavabdeh MMC tərəfindən təqdim olunmuş məktubda, Pirallahı rayonunun ərazisində yerləşən obyektin mühafizəsi ləğv edildiyindən iddiaçıya Suraxanı rayonu Qum adasında dislokasiya olunmuş komandanın tərkibində işləmək təklif olunmuş və iddiaçı razılıq vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya 01.03.2020-ci ildən 31.03.2021-ci il tarixədək hesablanmış əmək haqqına dair cədvəllər onun tərəfindən araşdırılmış və həmin müddət ərzində iş vaxtından əlavə işə cəlb edildiyinə görə iddiaçının əmək haqqına 170,96 manat əlavə edilmədiyi müəyyən edilmişdir ki, hesab edir ki, həmin fərq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından və məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, cavabdeh müəssisə ilə iddiaçı arasında 04.03.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və sonuncu, həmin tarixdən etibarən cavabdeh müəssisədə əmək haqqı 240 manat olmaqla mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflərin izahatlarından və işin hallarından aydın olur ki, bir il müddətinə bağlanılmış 04.03.2014-cü il tarixli əmək müqaviləsinə birinci müddətin sonunda xitam verilməmiş və beləliklə həmin müqavilə növbəti müddətə, daha sonra isə dəfələrlə uzadılmış, cavabdeh müəssisəsinin 118-k nömrəli, 16.04.2021-ci il tarixli əmri ilə cavabdehin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, işçinin təşəbbüsü əsasında 16.04.2021-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iddiaçının “əmək haqqının düzgün ödənilmədiyi dövrlərə görə ona ödənilməmiş 30000 manat məbləğində müavinətin ödənilməsi” tələbini qismən əsaslı hesab edir. İddia ərizəsində iddiaçı, cavabdehlə əmək münasibətlərində olduğu bütün müddət ərzində (04.03.2014-cü il tarixdən 16.04.2021-ci il tarixədək) iş vaxtından əlavə işlədiyi müddətin pulunu tələb etmiş olsa da, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəni də nəzərə alaraq məhkəmə qeyd edir ki, yalnız son 1 il üçün iddiaçının iş vaxtından əlavə işləyib-işləmədiyinin araşdırılması mümkün hesab edilə bilər. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Cavabdeh müəssisədən tələb edilərək iş materiallarına əlavə olunmuş, aprel 2020-ci il tarixindən mart 2021-ci il tarixinə qədər olan dövrü əhatə edən əmək haqqının hesablama məlumatlarından aydın olur ki, həmin dövr üzrə iddiaçıya əmək haqqı düzgün hesablanıb verilməmiş, 6499,33 manat əmək haqqı ödənilməli olduğu halda, ona 6328,37 manat əmək haqqı ödənilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aprel 2020-ci il tarixindən mart 2021-ci il tarixinə qədər olan dövr üçün iddiaçının əmək haqqısının düzgün hesablanmaması nəticəsində iddiaçıya ödənilməmiş 170,96 manat pul vəsaiti cavabdeh təşkilatdan alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının “ona və ailəsinə vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması” tələbini əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, “işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır”. Həmin maddənin “qeyd” hissəsinə əsasən işçiyə vurulmuş «mənəvi ziyan» dedikdə, işəgötürən və ya onun tabeliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı sadalanan hərəkətlərdən hər hansı birinin cavabdeh tərəfindən ona qarşı törədilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İş vaxından əlavə işlədiyi saatlara görə cəmi 170,96 (yüz yetmiş manat doxsan altı qəpik) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1153/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1153/2021
24.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver