Məhkəmə qərarları › İş №2(009)-1164/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1164/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1164/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları 2 saylı Bakı “ASAN xidmət” mərkəzində 501 saylı qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü İsmayıl, xx.xx.2019-cu il təvəllüdlü Xədicə adlı uşaqları vardır. Cavabdeh fərdi əməklə məşğuldur, yaxşı qazancı var. Buna baxmayaraq 8 aydır ki, ailənin dolanacağı ilə maraqlanmır. O, uşaqları dolandırmaqda maddi çətinlik çəkir, cavabdehdən aliment alınmasına ehtiyacı var. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimum ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh X3 xx.xx.2017-ci il təvəllüdlü İsmayıl, xx.xx.2019-cu il təvəllüdlü Xədicənin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 501 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Yolçuyev, arvada Yolçuyeva soyadı verilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları var. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Dövlət Məşğulluq Xidmətinin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinə, surəti Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Vətən müharibəsi iştirakçısı vətəndaş Cavabdeh Səbail rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş və işlə təmin olunması ilə əlaqədar köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti ilə əlaqədar müvafiq köməklik göstərilməsini xahiş etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmış və onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü İsmayıl və xx.xx.2019-cu il təvəllüdlü Xədicə adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı azyaşlı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh fərdi əməklə məşğuldur, yaxşı qazancı var və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay, hər biri üçün 250 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin fərdi əməklə məşğul olmasını və yaxşı qazanca malik olmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən irəli sürülmüş tələb qismən əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə cavabdehin uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 175 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2021-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar