Məhkəmə qərarları › İş №2(009)-1226/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1226/2024

16.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1226/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Baş Mədəniyyət İdarəsinə qarşı əmək haqqının tam ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Mədəniyyət İdarəsinə qarşı əmək haqqının tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, qanunun tələbinə əsasən iddia ərizəsi cavabdehlərin sayına görə əlavə edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsi bir nüsxədə məhkəməyə təqdim edilmişdir. AR MPM-nin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Hakim digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı tərəfindən qaldırılan iddia tələbi əmək haqqının tam ödənilməsi ilə bağlı olduğundan həmin tələb Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarın yuxarıda qeyd edilən bəndlərinin təsirinə düşdüyündən, inzibatı məhkəmədə baxılmalıdır. AR İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən Məcəllənin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Bakı şəhər Mədəniyyət Baş İdarəsi inzibati orqandır. Hakim hesab edir ki, hazırki iddia inzibati orqanın üzərinə əmək haqqının tam ödənilməsi vəzifənin qoyulması ilə bağlı olduğundan, həmin iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən hakim hesab edir ki, hazırki işə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalı olduğundan, bununla da işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 150.1.1 və 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Mədəniyyət İdarəsinə qarşı əmək haqqının tam ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o hazırki tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar