Məhkəmə qərarları › İş №2(009)-124/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-124/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-124/2020 05.02.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdeh “Cavabdeh1 Sığorta Şirkəti” ASC-nin nümayəndələri X2, X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər “Cavabdeh1 Sığorta” ASC-yə və Cavabdeh2 ( X4 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1 Sığorta” ASC-yə və Cavabdeh2 ( X4 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulan maddi ziyanın əvəzi kimi 10486 manat, vəkilə hüquqi yardım üçün ödəniləcək məbləğ kimi 2000 manat və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12516 manat pul vəsaitinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu qəsəbəsi, H.Əliyev prospekti ilə aeroport tərəfdən Sabunçu körpüsü istiqamətində hərəkət edərkən Komsomol körpüsünün üstündə düzgün ara məsafəsi saxlamadığından sıxlıq olduğu üçün qarşıda onunla eyni istiqamətdə hərəkət edən “Volkswagen” markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, zərbədən həmin avtomobil də “Mercedes” markalı ** UF *** dövlət qeydiyyat nişanlı və İddiaçı idarə etdiyi “Chevrolet Cruze” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomaşınlara çırğılmış, zərbədən sonuncu 2 avtomaşın aşmış və həmin vaxt qarşılarında dayanmış vəziyyətdə olan X3 idarə etdiyi “Volvo” markalı ** TU *** dövlət qeydiyyat nişanlı və “BMW” markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomaşınlara dəyərək həmin avtomaşınları da zədələmişdir. Baş vermiş bu hadisə Sabunçu RPİ-nin TŞ tərəfindən araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərara əsasən zərərvuran və səbəbkar Cavabdeh2 göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh1 Sığorta” ASC-nin nümayəndəsi N.Hüseynzadə iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, şirkətin texniki ekspertiza şöbəsinin hesabatında əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş bütün avtomobillərə dəyən zərərin dəyəri hesablanmışdır. Hadisə nəticəsində üçüncü şəxslərin avtomobillərinə zərər dəydiyindən sığorta məbləğini aşmış və sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib həcmdə verilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh1 Sığorta” ASC-nin nümayəndəsi S.Mikayılov iddia ərizəsini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hadisə ehtiyatsızlıqdan və onun təqsiri olmadan baş vermişdir. Zərər dəymiş avtomobillərin sahiblərinin hamısının dəymiş zərəri ondan tələb etməsi əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. 3-cü şəxs məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İşdə olan: 055928 nömrəli sığorta aktının surətindən görünür ki, İddiaçı yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 11800 manat hesablanmış və sığorta ödənişinin 1314 manat təşkil etdiyi qeyd olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, sözügedən yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinmişdir. 1078 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı burun nahiyəsinin və sol diz oynağının əzilmiş yaraları müəyyən edilmiş və aldığı xəsarətin ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olduğu müəyyənləşmişdir. xx.xx.2018-ci il tarixli 10490 saylı ödəniş tapşırığna əlavədən görünür ki, İddiaçı hesabına “Cavabdeh1 Sığorta” ASC tərəfindən 1314 manat vəsait köçürülmüşdür. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz sığortalıya vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanunun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 29354№-li məhkəmə ekspertizasının rəyindən görünür ki, «Chevrolet Cruze» markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11.000 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin zərərin “Cavabdeh1 Sığorta” ASC-dən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, sığorta olunan bir sığorta hadisəsi nəticəsində “Volkswagen Tiguan”, “Mercedes Benz 190”, “Chevrolet Cruze”, “Volvo XS-90”, “BMW 523” markalı üçüncü şəxslərin avtomobillərinə zərər dəydiyindən sığorta məbləğini aşmış və sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib həcmdə sığortaçı tərəfindən verilmişdir. İşin bu halları iş materiallarında olan 054596, 054697, 055036, 054050 nömrəli sığorta aktları və ödəniş tapşırıqları ilə təsdiqlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. “Cavabdeh1 Sığorta” ASC hadisə nəticəsində zərər görmüş avtomobillərin hər birinə dəymiş zərəri qanunun tələbinə uyğun olaraq zərərə mütənasib həcmdə verdiyindən iddiaçı qarşısında yerinə yetirilməmiş hər hansı bir öhdəliyi qalmamışdır. Məhkəmə iddia tələbinin 10.486 manat dəymiş zərərin Cavabdeh2 tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə göstərilənlərə istinad edərək qeyd edir ki, Cavabdeh2 İddiaçı vurmuş olduğu zərərə görə təqsirli bilinmişdir və bu zərərə görə məsuliyyət daşıyır. Ekspert rəyi ilə müəyyənləşdirilmiş 11.000 manat zərərin sığorta şirkəti tərəfindən ödənilmiş 1314 manatı çıxılmaqla 9686 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 2000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsassızdır, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində. Həmin Qanunun 20ci- maddəsinə görə: İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İİ. Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının müəyyən olunmuş qaydada tərtib edilən növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Qanunun müddəalarından da görünür ki, hər bir fiziki və hüquqi şəxs istənilən vaxt hüquqi yardımla təmin olunması üçün vəkil xidmətindən yararlana bilər, hər bir şəxsin belə bir hüququ vardır. Qanun maddi vəziyyətinə görə hüquqi xidmətdən yararlanmaq imkanı olmayan şəxslərin də hüquqi yardım almaq imkanını məhdudlaşdırmır, əksinə bunun üçün şəxsə imkanlar yaradır. İddiaçı isə qanunvericiliyin ona tanıdığı imkandan istifadə etmiş və hüquqi xidmətlə təmin olunmaq üçün öz hesabına vəkil xidmətindən yararlanmışdır. Bu yolla iddiaçı hüquqlarının məhkəmədə bilavasitə peşəkar vəkil vasitəsilə müdafiə olunmasında maraqlı olmuşdur. Məhkəmə bu sadalananları nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi yardım üçün ödədiyi vəsaitin cavabdehdən tutulması üçün heç bir əsası yoxdur. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 9686 manat zərər məbləği Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 120 (yüz iyirmi) manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslı hesab olunduğundan, iddia tələbi 30 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, xx.xx.2020-ci il tarixli 29354 №-li məhkəmə ekspertizasının rəyi üçün ekspertiza xərcini təşkil edən 120 manat məbləğində vəsaitin isə iddia tələbi qismən təmin olduğuğundan 60 manat hissəsi iddiaçıdan, 60 manat hissəsi isə Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1 Sığorta” ASC-yə və Cavabdeh2 ( X4 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbi qismən təmin edilsin. Cavabdeh2 9686 manat zərər məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq İddiaçı ödənilsin. xx.xx.2020-ci il tarixli 29354№-li məhkəmə ekspertizasının xərcini təşkil edən 120 manat məbləğində vəsaitin 60 manat hissəsi İddiaçı, 60 manat hissəsi isə Cavabdeh2 tutularaq ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar