Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-125/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın mənşəyinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2019-cu il təvəllüdlü azyaşlı oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay atası Cavabdeh 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmasa da, faktiki olaraq 2018-ci ilin may ayından ər-arvad kimi birlikdə yaşamışlar və 06 avqust 2019-cu il tarixdə onların X8 adlı oğulları dünyaya gəlmişdir. 2 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2019-cu il tarixli AZ-İV seriyalı, 333987 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 atası Cavabdehdur. X7 yetkinlik yaşına çatanadək saxlanılması, onun hərtərəfli inkişafı üçün tələb olunan şəraitin yaradılması onun olduğu kimi atası Cavabdeh də borcudur. Lakin Cavabdeh bu günə kimi oğlu Əlinin qarşısında olan borcunu yerinə yetirməkdən qəsdən yayınır, onun mənəvi və maddi cəhətdən hərtərəfli böyüməsi üçün lazım olan şəraiti yaratmaqdan imtina edir. Eyni zamanda iddiaçı Cavabdeh - cavabdeh İddiaçı qarşı “atalığın mənşəyinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2019-cu il tarixdə doğulmuş X3 atalıq mənşəyinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildə nişanlı olmuşdur. Təsadüfən 2018-ci ilin əvvəlində internet vasitəsilə cavabdehlə tanış olmuş və onunla hərdənbir görüşməyə başlamışdır. Müəyyən zaman keçdikcə onun ətrafının başqa kişi dostları ilə də əhatə olunduğunun şahidi olmuşdur. Ona məlum olmuşdur ki, o, həmin dostları ilə vaxtaşırı görüşür. Onun belə qarmaqarışıq vəziyyətdən xoşu gəlmədiyi üçün 03.08.2018-ci ilin may ayından etibarən onunla bütün əlaqələrini kəsmişdir. Onda olan məlumata görə cavabdeh 2018-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının ərazisində olmamışdır. (Moskva şəhərində olmuşdur). Bir müddət keçdikdən sonra cavabdeh ona bildirdi ki, təcili onunla görüşməlidir, ondan hamilə qalmışdır. 2019-cu ilin 06 avqustunda o, bir oğlan uşağı dünyaya gətirmiş və uşağın ondan olmasını iddia etmiş, uşağa atalıq verməsini ondan tələb etmişdir. Ürəyinin yumşaqlığından, o, buna etiraz etməmiş və baxmayaraq ki, uşaq ondan deyildir humanistlik edərək uşağa atalıq vermişdir. Onun hesablamalarına görə uşağın 9 ayda dünyaya gəlməsi üçün iddiaçı 2018-ci ilin dekabrında hamilə qalmalı idi. Bundan əlavə o, ilin çox vaxtı ölkədən kənarda Ukrayna və Antalyada olur. Beləliklə, hesab edir ki, 2019-cu ilin 06 avqustunda doğulmuş X5 onun oğlu deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 ekspertiza rəyi ilə tanış olduqdan sonra, ilkin iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.09.2019-cu il tarixli, AZ-İ seriyalı, 360238 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 06.08.2019-cu il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 05.09.2019-cu il tarixdə 223 № ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.09.2019-cu il tarixli, AZ-İV seriyalı, 333987 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 06.08.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “atalığın mənşəyinin müəyyən edilməsi” ilə bağlı olduğunu və həmin tələbə qiymət vermədən ilkin iddia tələbi olan “aliment” tələbinə qiymət verilməsinin mümkün olmadığını nəzərə alır və ilkin olaraq qarşılıqlı iddia tələbinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. (44.2) Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. (44.3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.8.2-ci bəndinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3-cü bəndinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.12-ci bəndinə əsasən, atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 6.1. Ərizə əsasında Atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. (6.2) Atalığın müəyyən edilməsinin qeydə alınması barədə uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına 5 gün müddətində məlumat verilir. (6.21) Atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinin 18-ci qrafasında göstərilir. (6.22) Cavabdeh “atalığın mənşəyinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, bunun isə müəyyən edilməsi üçün xüsusi bilik tələb olduğundan, bu məsələnin həlli üçün iş üzrə məhkəmə-tibb genetik ekspertizası təyin etmişdir. Məhkəməyə daxil olmuş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 14.06.2021-ci il tarixli 283/2021-MTBŞ saylı ekspert rəyindən aydın olur ki, Cavabdeh ekspertizaya təqdim olunmuş X5 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 2018-ci ilin may ayından faktiki münasibətlər qurmuş və bu münasibətlərindən 06.08.2019-cu il tarixdə X5 adlı uşaqları dünyaya gəlmiş, Cavabdeh 06.08.2019-cu il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmiş, bu barədə (səlahiyyətli dövlət orqanı tərəfindən) 05.09.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmiş, bu şəhadətnamənin də əsasında uşağa doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə, məhkəmə araşdırması zamanı 05 sentyabr 2019-cu il tarixli atalığın müəyyən edilməsinə dair, həmçinin həmin tarixli uşağın doğumu haqqında şəhadətnamə ilə müəyyən edilmiş “Cavabdeh 06.08.2019-cu il tarixdə İddiaçı doğulmuş X3 atası olması” faktının məhkəməyə daxil olmuş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin 14.06.2021-ci il tarixli 283/2021-MTBŞ saylı ekspert rəyi ilə də təsdiq olunduğunu nəzərə alaraq, qarşılıqlı iddiaçının bununla bağlı dəlillərini əsassız sayır və təkrarən həmin halın məhkəmə qətnaməsi ilə də müəyyən edilməsini məqsədə müvafiq hesab etmir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiası təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə Cavabdeh 06 avqust 2019-cu il tarixdə doğulmuş X3 atası olması halı təkrarən öz təsdiqini tapdığından işin mübahisəsiz halıdır, ona görə də ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05.08.2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2021-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşağı 06 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə ilkin iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ilkin iddia üzrə cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 21 may 2021-ci il tarixli, 256989 saylı kassa mədaxil orderi qəbzindən görünür ki, genetik ekspertizanın aparılması, mal materialların alınması ümumilikdə 2300 (iki min üç yüz) manat məsrəfdən ibarətdir və həmin məsrəf qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmişdir. Odur ki, hazırda ekspertiza tədqiqatının dəyərinin ödənilməsinə münasibət bildirilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 06 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05.08.2020-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, ilkin iddia üzrə Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 06 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05.08.2020-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-125/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-125/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver