Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1260/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1500 manat sığorta pulunun və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində hesablanmış 270 manat məbləğində dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi belə əsaslandırılmışdır ki, 2018-ci ildən Daxili Qoşunların hərbi hissəsində metromüşahidəçi - baş əsgər vəzifəsində xidmət edirdi. Respublika ərazisində tətbiq olunan "COVİD-19" xəstəliyi ilə əlaqədar karantin rejimi ilə bağlı hər bir rayonda olduğu kimi Bakı şəhəri Nəsimi rayon ərazisində A.Bakıxanov küçəsi ilə C.Məməmmədquluzadə küçəsinin kəsişməsində post yaradılmış və həmin postda avtomobil yolunda qoşaxətdən bir qədər aralıda yolun orta hisəssinə yaxın üzü "Rus səfirliyi" tərəfə dayanıb xidmət aparmışdı. 19 aprel 2020-ci il tarixdə, saat 22:00 radələrində xidmətdə olduğu vaxt qəfildən bir avtomobil ona arxadan vurdu və o bir neçə metr qarşıya doğru yıxıldı. Bundan sonra isə olanları huşunu itirdiyindən xatırlamadı. Ayıldıqda Daxili işlər Nazirliyinin Hospitalında olmuş və orada təxminən bir aya yaxın stasionar müalicə almış, sonradan isə evə ambulator müalicəyə buraxılmışdır. Ayılandan sonra ona məlum oldu ki, "London Taxi TX4" minik avtomobilinin sürücüsü X6 idarə etdiyi həmin avtomobillə əvvəlcə onu, sonra onunla xidmətdə olan polis əməkdaşı X4 vurmuşdur. Hadisə nəticəsində ağır xəsarət almışdır. Bununla bağlı məhkəmə tibbiekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmətibbi ekspertiza və Pataloji Anatomiya Birliyi" Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 462 saylı rəyində qeyd olunur ki, İddiaçı bədənində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyü başının və sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş, qəlpəli qapalı sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silıkələnməsi, üst dodağın cırılmış yarası, travmatik və hipovolemik şok kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İddiaçı bədənində aşkar olunmuş xəsarətlər hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gəlmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən "London Taxi TX4" minik markalı, **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və ona həmin maddə ilə ittiham verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)- 24722020 saylı hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yolnəqliyyat hadisəsi ilə əlaqədar aldığı xəsartlərə görə Tibbi-Sosial Ekspert Komisiyaları tərəfindən müayinədən keçdi və ona xx.xx.2022-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi kimi baş beyinin silkələnməsi, müştərək travma, qapalı kəllə beyin silkələnməsi, burun sümüklərinin və üstçənə spina nasalis anteriorda az yerdəyişmiş sınıqları, kürək sümüyünün dimdiyəbənzər çıxıntısının yerdəyişmiş sınığı, sol bud sümüyünün burmalardan keçən qəlpəli yerdəyişmiş sınığına, sol bazu sümüyünün anatomik boynunun qəlpəli sınıq-çıxığına görə aparılmış kilidli metal lövhə ilə osteosintez cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sol bud və sol bazu sümüklərinin bitişmiş sınıqlarından çıxarılmamış metal konstruksiyalar, sağ qalça və qasıq sümüyü cisimlərinin yerdəyişmiş sınıqları, omba sümüyü sol qanadı önündə minimal yerdəyişmə göstərən sınıq, sol bud sümüyünün burmalardan keçən qeyri-düzgün kobud döyənəklə bitişmiş sınığı, sol-bud çanaq oynağının İV mərhələ postravmatik deformasiyaedici koksartozu, sol bud sümüyünün burmalardan keçən qəlpəli yerdəyişmiş sınığı, kilidli lövhə ilə oseosintez əməliyyatından sonrakı vəziyyət, dayaq-hərəkət funksiyasının pozulması, yerişin pozulması, sol bazu sümüyünün anatomik boynunun qəlpəli sınıq-çıxığı, kilidli metal lövhə ilə osteosintez əməliyyatından sonrakı vəziyyət, sol bazu oynağın deformasiyaedici artrozu, sol bazu oynağının kəskin kontrakturası, bükmə 80 dərəcə, açma 15 dərəcə, uzaqlaşma 80 dərəcə göstərilmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi aldığına görə "xxxx" ASC-nə ərizə ilə müraciət edərək qanunvericiliyin tələbinə uyğun olaraq ona ödənilməli olan 3000 manat məbləğində sığorta ödənişinin verilməsini xahiş etmişdir. “Qala Sığorta" ASC isə ona 1500 manat sığorta ödənişi etmiş və qalan 1500 manat pulu verməkdən imtina etmişdilər. İmtinanın əsası kimi əlilliyin baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yaranması təsdiq edilməməsi göstərilmişdir. "xxxx" ASC-nə Nəsimi rayon Məhkəməsinin hökmü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 462 saylı rəyi və ikinci dərəcəli əlillik barədə sənədi təqdim etmişdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinə etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Cəmiyyətə əlilliyi sübut edən Nəsimi Rayon Məhkəməsinin hökmü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 462 saylı rəyini və ikinci dərəcəli əlillik barədə sənədi təqdim etdiyini qeyd etmişdir. Lakin iddiaçının təqdim etdiyi həmin sənədlərdə şəxsin əlilliyinin səbəbinin baş vermiş yol-nəqliyyat hadisəsi olması öz təsdiqini tapmamışdır. Belə ki, əlilliklə bağlı Cəmiyyətə təqdim edilmiş arayışda əlilliyin səbəbi kimi “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” olması göstərilmişdir. Əlilliyin yaranma əsasının baş vermiş həmin yol-nəqliyyat hadisəsi olub-olmamasını təsdiqləmək məqsədilə Cəmiyyət tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktublarla müraciət ünvanlanmışdır. Həmin məktublara cavab olaraq Cəmiyyətə ünvanlanmış xx.xx.2022-ci il tarixli, №**********7 saylı Agentliyin məktubunda əlilliyin yaranma əsasının baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olub-olmamasını müəyyən etmə səlahiyyətinə malik olmadığı bildirilmişdir. Agentlik tərəfindən Cəmiyyətə ünvanlanmış 3-12-4/2-11000/2023 saylı, xx.xx.2023-cü il tarixli sonuncu məktuba əsasən isə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edildiyi müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü maddəsində əlilliyin müəyyən olunması meyarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi qeyd olunub. Göründüyü kimi təqdim edilmiş heç bir sənəddə əlillik ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasındakı əlaqə öz təsdiqini tapmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat həcmində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının az ağır xəsarət alması səlahiyyətli dövlət orqanının Forma 4 Arayışı, Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli Hökmü ilə təsdiqini tapmışdır və iddiaçının özünün xx.xx.2022-ci il tarixli yazılı müraciəti və tələbi əsasında az ağır xəsarət alması ilə bağlı olaraq ona “İcbari sığortalar haqqında” Qanunun 14.2.4-cü maddəsinə uyğun olaraq 1500 (bir min beş yüz) manat sığorta ödənişi ödənilmişdir. Cəmiyyət tərəfindən iddiaçıya ünvanlanmış 1586/22 saylı, 03.1 1.2022-ci il tarixli məktubla qeyd edilən hallar ona tam şəkildə izah olunmuşdur. Həmçinin səlahiyyətli orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixində Cəmiyyətə daxil olmuş məktubuna əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin müəyyən edilməsi məlum olmuşdur. “İcbari sığortalar haqqında” Qanunun 14.2-ci maddəsində sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətində müəyyən olunmuşdur. Belə ki, əlilliklə bağlı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə sığorta ödənişinin həcmi sığorta məbləğinin 40 faiz hissəsini təşkil edir. Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli qərarla müəyyən etdiyi meyarlara əsasən iddiaçının üçüncü dərəcə əlil olması müəyyən edilmiş, bu isə yuxarıda qeyd olunan maddəyə əsasən sığorta ödənişinin 40 faizi həcmində sığorta ödənişini nəzərdə tutur. Göründüyü kimi əlilliyin baş vermiş sığorta hadisəsi nəticəsində yaranması öz təsdiqini tapsa belə, ödənilməli olan 2000 (iki min) manatdan 1500 (bir min beş yüz) manat idddiaçıya ödənilmişdir. Bu səbəbdən əlilliyin sığorta hadisəsi nəticəsində baş verməsi təsdiqini tapdığı halda İddiaçı ödəyə biləcəkləri sığorta ödənişinin yekun həcmi 500 (beş yüz) manatdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Nəsimi rayon Məhkəməsinin 1(006)-247/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC sığortalanmış “London Taxi TX4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Siz xəsarət almısınız. Baş vermiş hadisədən sonra Cəmiyyətə müraciət edilərək hadisə nəticəsində əlillik aldığınızı və buna görə sığorta ödənişinin Sizə ödənilməsini xahiş etmişsiniz. Lakin təqdim etdiyiniz sənədlər arasında əlilliyin yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi səbəbindən baş verməsini təsdiq edən sənəd olmamışdır. Qeyd etmək istəyirik ki, “İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsində sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri 7.1.6-cı maddədə nəzərdə tutulan - müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına, dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3. 1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surətidir. Sığorta ödənişinin həyata keçirilməsi üzrə əlilliyin həqiqətən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yaranıb-yaranmamasının aydınlaşdırılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2022-ci il tarixli, 1935/22 saylı sorğu ünvanlanmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********7 saylı cavab məktubunda əlilliyin “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən yarandığı qeyd edilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar yaranması təsdiq edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü naddəsində əlilliyin müəyyən olunması meyarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi qeyd olunub. Hər bir halda tərəfimizdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yenə də müraciət məktubu hazırlanır və nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir. Əgər Siz özünüz hər hansı bir təsdiq edici sənəd əldə etsəniz, Cəmiyyətimizə təqdim etməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə göndəriş daxil olmuş və əlavə müalicəyə ehtiyacın olması barədə qəbul edilmişdir. Bu barədə müraciətini nəzərə alaraq əlavə araşdırılmanın aparılması və əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə xx.xx.2022ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci iİ tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar beş il müddətinə (xx.xx.2027-ci il tarixədək) üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X2 rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 1 nömrəli Şəhər Poliklinikasının 4399003AAAUQ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlillik təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə beş il müddətinə (xx.xx.2027-ci ilədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 19 aprel 2020-ci il tarixdə xidmətdə olduğu vaxt "xxxx" ASC sığortalanmış “London Taxi TX4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci ii tarixli, 1(006)-24722020 saylı hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı yol-nəqliyyat hadisəsi ilə əlaqədar aldığı xəsartlərə görə Tibbi-Sosial Ekspert Komisiyaları tərəfindən müayinədən keçmiş və ona xx.xx.2022-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik dərəcəsi verilmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi aldığına görə "xxxx" ASC-dən 3000 manat məbləğində sığorta ödənişinin verilməsini xahiş edib. "xxxx" ASC təqdim edilmiş sənədlərdə əlillik ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasındakı əlaqə öz təsdiqini tapmadığından 1500 manat pulu ödəməkdən imtina etmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya “İcbari sığortalar haqqında” Qanunun 14.2.4-cü maddəsinə uyğun olaraq 1500 (bir min beş yüz) manat sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı 2ci qrup əlillik dərəcəsi almışdır. Zərəri isə o, "xxxx" ASC-dən tələb etsə də sonuncu həmin ziyanı tam ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın və dəbbə pulunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115 və 1118-ci maddələri çıxış edir. Həmin normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər. İddiaçı X1 vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 14.2.3-cü maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyi orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz müəyyən olunur. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə hesab edir ki, İddiaçı əlilliyinin səbəbi baş vermiş yol-nəqliyyat hadisəsi olması öz təsdiqini tapdığından "xxxx" ASC–dən İddiaçı xeyrinə 1500 manat tutulmalıdır. Məhkəmə iddia tələbinin sığorta ödənişinin gecikdirilməsinə görə 270 manat dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, «İcbari sığortalar haqqında» Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında əlilliyin müəyyən edilməsi ilə bağlı mübahisə yaranmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının «İcbari sığortalar haqqında» Qanunun 18.2-ci maddəsinə əsasən cavabdehdən dəbbə pulu tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-ci maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 1000 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********** saylı qəbz üzrə İddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdeh "xxxx" ASCdən 34 (otuz dörd) manat tutularaq İddiaçı ödənilməli və 1 (bir) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1500 (bir min beş yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 34 (otuz dörd) manat tutularaq İddiaçı ödənilsin. "xxxx" ASC-dən 1 (bir) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1260/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1260/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver