Məhkəmə qərarları › İş №2(009)-1300/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1300/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1300/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh B.M-ə qarşı «mənəvi zərər» tələbinə dair iddiası üzrə mülki işə 05 iyul 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh B.M-ə qarşı «mənəvi zərər» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə 10.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Bayıl qəsəbəsində yerləşən AZFEN, 100-cü layihədə qaynaqçı vəzifəsində işə başlamış. işlədiyi müddətdə ona verilən tapşırıqları tam yerinə yetirmiş və heç bir problemi olmamışdır. Bir il iki aya yaxın müddətdə əmək müqaviləsi əsasında işləmişdir. Müqaviləsi həmişə avtomatik olaraq yenilənirdi. xx.xx.2021-ci il tarixdə AZFEN 100-cü layihədə yerləşən ofisə çağırınldı və orada ona bildirdilər ki, xx.xx.2021-ci ildə işdən azad olunacaqdır. Lakin bu barədə ona əvvəlcədən heç bir xəbərdarlıq olunmamışdı. Müqavilə daima yeniləndiyindən, ağlına gəlməzdi ki, belə bir formada işdən çıxanla bilər. Onu işdən çıxarılmaqlarının səbəbini soruşduqda, işin sona çatdığını bildirdilər. İddiaçı onlara etiraz edərək, ən azı 1 ay qabaqcadan xəbərdar etməli olduqlarını bildirdi. Ofisdən ona qanunun belə olduğunu, bu haqda hara istəsə müraciət edə biləcəyini bildirdilər. Onunla birlikdə işdən azad olunan iş yoldaşları ofisdə razılaşdıqları üçün, onlara əlavə olaraq 2750 manat birdəfəlik ödəniş də, verildi. İddiaçı isə, etirazını bildirdiyinə görə, ona həmin ödəniş verilmədi. Gözlənilməz olaraq, işdən çıxarıldıqdan sonra, o və ailə üzvləri çox çətin və əlverişsiz vəziyyətə düşdü. Böyük maddi sıxıntılara düşərək, mənəvi iztirablar keçirdilər. Heç olmasa digər şəxslərə verilən 2750 manat, digər şəxslərə ödənildiyi kimi, vaxtında ödənilsəydi, özünə müvəqqəti iş tapana qədər, birtəhər ailəsini dolandırıb, əzab əziyyətə, düşməzdi. Baş verənlər nəticəsində keçirmiş olduğu əsəb və stress hələ də, ona və ailə üzvlərinə təsirini göstərməkdədir. İddiaçı işdən çıxdıqdan sonra, etdiyi çoxsaylı şikayətlər nəticəsində, şirkət tərəfindən ona 2750 manat pul vəsaiti ödənildi. Buna baxmayaraq, yuxarıda sadalananlar nəticəsində, kifayət qədər mənəvi iztirab və əsəb keçirdiyindən, hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, işəgötürən tərəfindən layihə çərçivəsində işlərin azaldılması ilə əlaqədar iddiaçının əmək müqaviləsinə 10 dekabr 2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən son haqq-hesab aparılmaqla xitam verilmişdir. Həmçinin bu zaman cavabdeh müəyyən dövr keçdikdən sonra iddiaçı ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə yazılı formada öhdəlik götürmüşdür. Bundan əlavə qanunvericilikdə nəzərdə tutulmadığı halda korporativ sosial məsuliyyət prinsipindən yanaşılaraq və işçinin əməyini qiymətləndirmək məqsədi ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən müvafiq əmr əsasında iddiaçıya aylıq vəzifə maaşının 3 misli miqdarında ödəniş edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: 02 noyabr 2020-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdehndə qaynaqçı köməkçisi vəzifəsinə təyin edilmişdir. Müqavilənin 9-cu bəndinin qeyd hissəsində göstərilmişdir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində layihə daxilində iş həcminin azalması ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Cavabdeh B.M-nin rəhbərinin xx.xx.2021-ci il tarixli, 10 dekabr 2021-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. 03 fevral 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı 2626,79 manat məbləğində ödəniş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh B.M ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdehndə qaynaqçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh B.M-in 10 dekabr 2021-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və ona 2626,79 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, işəgötürənin təqsiri ucbatından mənəvi iztirab keçirdiyini bildirmiş və bu səbəbdən cavabdehdən mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin “e” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda ləğv edilə bilər. 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. 290-cı maddəsinin qeyd hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Qeyd olunan normaların məzmunundan da görünür ki, işəgötürən tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər işçiyə ona vurulmuş mənəvi ziyanı tələb etmək hüququ verir. Lakin məhkəmə iclasında işəgötürən tərəfindən işçiyə qanunvericilikdə göstərilən və işçinin mənəvi iztirab çəkməsinə səbəb ola biləcək təsirlər göstərilməsi təsdiq edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasına bağlanmış əmək müqaviləsinin şərtinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində layihə daxilində iş həcminin azalması ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. İşçi ilə işəgötürən arasında əmək münasibətləri davam etdiyi dövrdə isə iş həcminin azaldılması səbəbindən işçi işdən azad olunacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmuş və bundan sonra da işdən azad olunmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqları pozulmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı - Cavabdeh B.M-ə qarşı «mənəvi zərər» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar