Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1311/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Ə.N.Məhərrəmlinin iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında pasport qeydiyyatındadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, Cavabdeh yaşadıqları ərazidə həyətyanı sahəsini genişləndirmək üçün hasar qaldırmaq istəyən zaman, həmin ərazi sürüşmə zonası olduğu və təhlükəli vəziyyət yaranacağından onlar onun qaldırmasına və tikinti işləri aparmasına icazə verməmişlər. Bildirmişlər ki, müvafiq icra hakimiyyəti orqanından icazə alandan sonra tikinti apara bilər. Bunun nəticəsində aralarında məişət xarakterli mübahisələr yaranmış və cavabdeh bir sıra dövlət qurumlarına və məhkəmələrə onların barəsində şikayətlər ünvanlanmışdır. Bundan sonra müvafiq icra hakimiyyəti orqanının əməkdaşları da əraziyə baxış keçirib tikinti aparılmasına icazə verməmişdirlər. Yuxarıda göstərdiyi xüsusatlar yaşadıqlarının cüzi bir hissəsidir. Cavabdeh daima onu və ailə üzvlərini stres altında saxlayır, səbəbsiz olaraq ondan dövlət qurumlarına şikayət edir, nəticədə həyatları əsəb gərginliyi ilə keçir. Cavabdeh onun barəsində müxtəlif xəbər portallarına yalan məlumat verməklə guya onun peşə səlahiyyətlərindən sui-istifadə etdiyini deyərək onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, cavabdeh onun çalışdığı telekanalların inzibati binalarına gedərək, onu çalışdığı kollektivin arasında rüsvay edir. Bundan sonra isə onun barəsində yalan məlumatlarla Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası İ vitse-prezidenti xanım Mehriban Əliyevaya, AR MTRŞ-na və “xxxx” Müstəqil Teleradio şirkətinə müraciətlər ünvanlanmışdır. Cavabdehin qanunazidd hərəkətlərinin təsiri nəticəsində ciddi əsəb gərginliyi və stress keçirir. Həmçinin cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun şərəf və ləyaqəti alçaldılmışdır. Bundan başqa, hesab edir ki, cavabdehin qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 2500 manat məbləğindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərə görə 2500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onlar 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində torpaq sahəsi alaraq ev tikmişlər və 2012-ci ildən etibarən istifadələrində olan ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh İddiaçı peşə ixtisası üzrə jurnalistdir və “xxxx” Müstəqil Teleradio şirkətində işləyir. O, istifadəsində olan həyətyanı sahəsinə özü üçün qaraj tikdirmək istəsə də, cavabdeh İddiaçı və atası heç vaxt ona imkan verməmiş, özünün peşə ixtisasından istifadə edərək, min bir bəhanə ilə bunun qarşısını almışdır. Halbuki, həmin ərazinin cavabdehə heç bir aidiyyəti yoxdur və ona məxsusdur. Buna görə də o, cavabdehin qanunsuz, özbaşınalıq kimi qiymətləndirdiyi hərəkətlərinin qarşısında əzab-əziyyətə düçar olmuşdur. Bunun nəticəsində də aralarındakı onun ünvanına qıcıqlandırıcı və təhqiramiz ifadələr işlətmiş, ailələrinə narazılıq və nifaq salmış, onun şərəf və ləyaqətini qonşular yanında alçaltmış və qonşular arasındakı nüfuzuna xələl yetirmişdir. Sadaladığı bu faktları onun tanışları, eləcə də qeyd edilən ünvanda yaxınlıqda yaşayan qonşular və həmin əraziyə nəzarət edən polis orqanında araşdırılan qərarlar da təsdiq edə bilərlər və həmin şəxslərin istənilən vaxt məhkəmə iclasında iştiraklarını təmin etmək mümkündür. Göstərilənləri nəzərə alaraq qarşılıqlı idda icraata götürməklə, Cavabdeh münasibətdə cavabdeh İddiaçı dedikləri sözləri təkzib etməli, ondan üzr istəməli, vurduğu maddi zərərə görə 2000 manat və mənəvi zərərə görə isə 3000 manat məbləğində qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi barədə iddiasının isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir.İlkin iddia üzrə iddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehlə ailəsi arasında mübahisə cavabdeh tərəfindən qanunsuz olaraq hasar inşa etməsi ilə bağlı olmuş, qanun çərçivəsində bunun həyata keçirilməsi cavabdehə təklif edilsə də, bütün orqanlar bu tikintinin aparılmasına icazə verməmişlər. Cavabdeh dəfələrlə onların ailəsinin məhkəməyə vermiş və onun adını əsassız olaraq müxtəlif portallarda hallandırmış, dəfələrlə işlədiyi telekanala gələrək rəhbərliyə müraciət etmişdir ki, guya onun tərəfindən qanunsuz əməllərə yol verilir. Qarşılıqlı iddia isə tam əsassızdır. Əvvəllər cavabdeh tərəfindən onun atasına qarşı analoji iddia ərizələri ilə məhkəməyə müraciət olunmuşdur, həmin iddiaların və hazırki qarşılıqlı iddianın da heç bir hüquqi əsası yoxdur, o, Cavabdeh ünvanına hər hansı təhqiramiz ifadələr işlətməmiş, onun şərəf və ləyaqətini alçaltmamışdır. Onun tərbiyəsi bu hərəkətlərin edilməsinə yol verməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı işə - ilkin və qarşılıqlı iddia tələbinə, Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə fikirini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına, “xxxx” Müstəqil Teleradio Şirkətinə ünvanlanmış məktubdan göstərilmişdir ki: - «Ölkəmizin başında bu bəlanın olduğu günlərdə Sizin və dövlət qurumlarını yazdığım bu ərizə ilə məşğul etmək istəməzdim. Lakin istər dövlətimizin virusla apardığı vaxtlarda, istərsə də ondan qabaqkı dövrlərdə qonşuluqda yaşayan X1 və onun jurnalist vəzifəsində işləyən oğlu İddiaçı qanunsuz hərəkətlərindən səbr edə bilmirəm. Belə ki, mən Cavabdeh 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində torpaq sahəsi alaraq ev tikmişəm və 2012-ci ildən etibarən istifadəmdə olan ünvan 2 ünvanında ailə üzvlərimlə birlikdə yaşayıram. Təxminən 2018-ci il tarixində qonşum X1 icazə olmadan avtomobili üçün qaraj qazdırmaq məqsədilə mənim həyətyanı boş sahəmə traktorla müdaxilə edərək, qazdırmış və mənim evimi qəzalı vəziyyətə salmışdır. Mənə maddi zərər vurmuşdur. Dəfələrlə xəbərdarlıq etsəm də, buna məhəl qoymamışdır. Aidiyyəti orqanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, o cümlədən Bakı şəhəri Səbail rayon MKTB 46 saylı MKİS-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək yaşadığım ərazinin sürüşməyə meyilli sahə olduğu üçün müvəqqəti olaraq bənd-hasar çəkilməsi tövsiyyə olunmuşdur. Qonşumun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün aidiyyəti orqanlara müraciətimdən sonra, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında həmin qurumun 46 saylı MKİS tərəfindən mənim yaşadığım əraziyə bənd-hasar çəkilməsinə köməklik göstərilməsinə söz verilmişdir. Lakin qonşum Mahir Əsədovun jurnalist oğlu İddiaçı vəzifəsindən sui-istifadə edərək, “əgər siz həmin ərazidə Cavabdeh hər hansı köməklik edəcəyiniz halda sizin hərəkətlərinizi mətbuatda işıqlandıracağam” deyərək, aidiyyəti orqanların işinə müdaxilə etmişdir. Bundan sonra, aidiyyəti orqanlar İddiaçı jurnalist olduğu üçün mənə kömək etməkdən imtina etmişlər. Qonşum özünü jurnalist vəzifəsindən istifadə edən İddiaçı məqsədilə (“xxxx” Müstəqil Teleradio şirkətində işləyir) qanunsuz əməllərinin qarşısını almaq məqsədilə ailə-məişət məsələsinin həlli istiqamətində aidiyyatı qurumlara göstəriş verməklə köməklik etməyinizi xahiş edirik”. İş üzrə «Az.Times», “Analoq.az” və “hokm.az” internet səhifələrində olan «”xxxx” telekanalının rəhbərliyi əməkdaşının özbaşınalığına niyə göz yumur–Video şikayət» başlıqlı məqalə dərc edilmişdir. Məhkəmə verilmiş ilkin iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən onun şərəf və ləyaqətini alçaldan hallar kimi - cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Vitse-Prezidentinə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına və “xxxx” Müstəqil Teleradio Şirkətinə onun haqqında böhtan xarakterli məlumatlar verməsi, onun şərəf və ləyaqətinin alçaldılması üçün müxtəlif xəbər portalına məlumat verməklə onun peşə səlahiyyətlərin sui-istifadə etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarına 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli 3 nömrəli qərarında Plenum qeyd etmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi yuxarıda göstərilən qərara əsasən, şərəf və ləyaqətə toxunan məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilmir və belə məlumatlar yalnız kütləvi informasiya vasitələrində yayıldıqda mülki məsuliyyət yarada bilər. İddia tələbində istinad olunan hallar məhkəmə tərəfindən araşdırılarkən,cavabdeh tərəfindən iddiaçı barəsində şərəf və ləyaqətini ləkələnməsinə yönələn məlumatların yayılması halı müəyyən edilməmişdir. Belə ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Vitse-Prezidentinə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına və “xxxx” Müstəqil Teleradio Şirkətinə ünvanladığı müraciətdən görünür ki, həmin müraciətdə cavabdeh iddiaçının atası tərəfindən yaşadıqları ünvanda tikinti işlərinin qanunsuz aparılması nəticəsində onun evini qəzalı vəziyyətə salmasını və iddiaçının atası ilə yaranmış münasibətlər barəsində məlumat verilmişdir. Eyni zamanda cavabdeh “xxxx” Müstəqil Teleradio Şirkətində işləyən iddiaçının jurnalist vəzifəsindən istifadə edərək qanunsuz əməllərinin qarşısını almaq məqsədilə ailə-məişət münasibətlərinin həlli istiqamətində aidiyyatı qurumlara göstəriş verməklə köməklik göstərilməsini xahiş olunmuşdur. Məhkəmə işin göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının barəsində cavabdeh tərəfindən yazılmış və Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Vitse-Prezidentinə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına və “xxxx” Müstəqil Teleradio Şirkətinə ünvanlanmış və xəbər portallırarına müraciətdə şərəf və ləyaqətini ləkələyən məlumatların olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh rəsmi dövlət orqanlarına və xəbər portallarına ünvanlandığı müraciəti cavabdehin şərəf və ləyaqətini alçaltmadığı üçün, həmçinin onun işgüzar nüfuzunu ləkələmədiyi üçün, həmin məlumatların yayılması nəticəsində iddiaçıya hər hansı mənəvi ziyanın vurulması istisna olunur və belə ziyanın vurulmasını təsdiq edən sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu üzrə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının barəsində ünvanladığı müraciətdə iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların, cavabdehin qanunazidd hərəkətlərinin olması müəyyən edilmədiyindən, eyni zamanda bu halları təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bununla da iddiaçıya hər hansı mənəvi ziyanın vurulması müəyyən edilmədiyindən, ilk iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı iddiasının əsası təşkil edən halları və bununla əlaqədar sübutları məhkəməyə təqdim etmədiyi üçün, qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyana görə 2500 (iki min beş yüz) manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh münasibətdə cavabdeh İddiaçı dedikləri sözlərin təkzib edilməsi, ondan üzr istənilməsi, vurduğu maddi zərərə görə 2000 (iki min) manat və mənəvi zərərə görə isə 3000 (üç min) manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1311/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1311/2021
25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver