Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1316/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həkətdə olarkən X4 idarə etdiyi “VAZ-2107” minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq maşınına ziyan dəymişdir. X4 idarə etdiyi “VAZ-2107” minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomobil Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalandığı üçün ona dəymiş ziyanı Cavabdeh Sığorta Şirkəti ASC ona dəymiş ziyanı həddindən çox az hesablanaraq 1450 manat müəyyən edilmişdir. O, dəfələrlə yazılı və zəng vasitəsi ilə şirkətinə bildirmişdir ki, onların ayrıldığı sığorta ödənişi ona dəymiş ziyanı tam ödəmir. Dəfələrlə sığorta şirkətinə bildirmişdir ki, onun avtomobilini təmir edib versinlər, lakin onun şikayətinə baxmayaraq, ona dəyən ziyanı tam ödəməmiş və onun avtomobilini təmir etməmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı onun avtomobilinin təmiri üçün əlavə 2265 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2295 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASCdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi təqdim edərək ərizəsinin onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Vaz 21074” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil 18 iyun 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Mitsubishi Pajero” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1100 manat tələb olunur. Mülki Məcəllənin 925.3-cü və “İcbari Sığortalar haqqında” Qanunun 16-cı maddələrinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı sığortaçı tərəfindən müəyyən edilən zərər məbləği ilə razı olmadığı üçün zavabdeh Cavabdeh Sığorta Şirkətinə müraciət edərək, müstəqil ekspertizanın keçirilməsini xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti müraciəti nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq müstəqil ekspertizanın keçirilməsini təmin etmişdir. Keçirilən müstəqil ekspertiza nəticəsində 'Mitsubishi Pajero” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin 1450 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğ isə İddiaçı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzindən daxil olan rəy ilə müstəqil ekspertin təqdim etdiyi rəy tamamilə eynidir. Qapının qiyməti 500 manat qeyd olunsa da, heç bir ehtiyyat hissələri satan mağazada həmin qapıdan yoxdur. Əgər həmin qapının satıldığı bir yer tanıyırlarsa, o pulunu verməyə hazırdır. O maşının təmir olunması ilə bağlı Atəşgah sığortaya dəfələrlə müraciət etmiş, lakin, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, müstəqil ekspert tərəfindən tərtib olunmuş rəy Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert rəylərində göstərilən 1450 manat iddiaçının hesabına köçürülmüşdür. Bu səbəbdən də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə AE seriyalı 067864 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Mitsubishi Pajero” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə İXP ******* saylı, 19.06.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X6 “VAZ-2107” minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş üzrə TP ******* saylı, 19.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə Cavabdeh Sığorta şirkəti tərəfindən İddiaçı ünvanlanmış 22.12.2020-ci il tarixli məktubdan belə məlum olur ki, sığorta şirkəti ona zərər məbləği ilə razı olmadığı üçün müstəqil ekspert tərəfindən 1450 manat qiymətləndirilmiş və həmin məbləğ ödənilmişdir. İş üzrə 12.10.2020-ci il tarixli 10001 saylı ödəniş tapşırığına əsasən Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı "xxxx" ASC-dəki hesabına 1450 manat məbləğində pul köçürülmüşdür. İş üzrə qiymətləndirici E.Allahverdiyev tərəfindən aparılmış hesabatdan belə məlum olur ki, “Mitsubishi Pajero” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 1450 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 18.06.2020-ci il tarixdə X6 idarə etdiyi “VAZ-2107” minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşınla Salyan rayonunda hərəkət edən zaman iddiaçının mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X6 Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X6 tərəfindən idarə olunan “VAZ-2107” minik markalı, 52BF497 dövlət nömrə nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 1450 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuş və həmin məbləğ iddiaçının bank hesabına köçürülmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqilyyat hadisəsi zamanı onun avtomaşınına 1450 manatdan çox ziyan dəydiyi üçün əlavə olaraq 2265 manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən avtomaşının təmirinə 1450 manatdan artıq xərc çəkiləcəyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş real ziyan məbləğinin 1450 manat olması müəyyən edildiyindən, ödənilməli olan sığorta ödənişi məhz həmin məbləğ həddində olmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh sığorta şirkəti tərəfindən iddiaçının bank hesabına 1450 manat pul köçürüldüyündən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həimn Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Qeyd edilən Qanunun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Göstərilən Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Qeyd edilən Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1316/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1316/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver